“2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə böyüyüb” | Banco.az

“2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə böyüyüb”

2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, orta aylıq nominal əmək haqqı 6,8 dəfə, minimum əmək haqqı 12,9 dəfə artıb.

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının internet səhifəsində verdiyi müsahibədə bildirib.

“İşsizlik səviyyəsi 9,2%-dən 5%-ə, yoxsulluq səviyyəsi isə 44,7%-dən 5,4%-ə enib. Dünya Bankının məlumatlarına görə, 2003-2016-cı illər ərzində Azərbaycan alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ÜDM–in adambaşına həcminə görə 59 pillə irəliləyərək 221 ölkə arasında 78-ci yerə yüksəlib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları ilə müəyyən edilmişdir ki, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 2003-cü ildə 125 ölkə arasında 64-cü yeri tutmuş ölkəmizin reytinqi 2017-ci ildə 137 ölkə arasında 35-ci yerə yüksəlib”, - deyə o, qeyd edib.

T.Budaqovun sözlərinə görə, 2016-2017-ci illərdə dünya iqtisadiyyatında baş vermiş neqativ meyillərin Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib, müasir çağırışlara cavab olaraq kompleks tədbirlər həyata keçirilmiş, ölkədə yeni islahatların əsası qoyulub: “Belə ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını, insan kapitalından səmərəli istifadə etmək məqsədilə ölkədə həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün ölkə başçısının tapşırığına əsasən qısa müddət ərzində iqtisadiyyatın mövcud vəziyyəti dərindən təhlil edilmiş və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilərək onların həyata keçirilməsinə başlanılıb. İqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq iqtisadi inkişafın keyfiyyətcə yeni modeli formalaşdırılıb. Qeyd olunanların nəticəsidir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə, həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) neft hasilatının azaldılması ilə bağlı təşəbbüsə qoşulmaqla Azərbaycanda neft hasilatının azalmasına baxmayaraq, qeyri-neft sektorunun artımı hesabına 2017-ci ildə əvvəlki illə müqayisədə ÜDM-in artımı qeydə alınıb. 2017-ci ildə iqtisadiyyatın nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər əvvəlki illə müqayisədə 8,5%, informasiya və rabitə sahələrində 6,6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, digər sahələrdə 1,5% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Report.az