2-ci Bakı Maliyyə Zirvəsindən ən yadda qalan məqamlar | Banco.az

2-ci Bakı Maliyyə Zirvəsindən ən yadda qalan məqamlar

Ötən gün Hilton otelində Yapı Kredi Bank Azərbaycanın təşkilatçılığı və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə 2-ci Bakı Maliyyə Zirvəsi tədbiri keçirildi.

Tədbirdə açılış nitqi ilə çıxış edən Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin sədri cənab Altan Şentürk, gələn bütün qonaqları salamladı və bankın gerçəkləşdirmiş olduğu bir sıra uğurlu layihələrdən bəhs etdi.

Altan bəy bildirdi ki, Yapı Kredi ailəsi olaraq, illərdən bəri dünyanın 17 ölkəsində qazanmış olduqları təcrübəni Azərbaycana gətirməkdən məmnundurlar “Xidmətdə sərhəd yoxdur” şüarına sadiq qalaraq, ildən-ilə göstərdikləri xidmətin keyfiyyətinin daha da yüksək olmasına çalışacaqlar. Hal-hazırda bankın Azərbaycandakı 16 şöbəsində 500-ə yaxın əməkdaş çalışır və ilin sonuna qədər daha iki şöbənin açılışı planlaşdırılır.

Bundan əlavə, Altan bəy, 2011-ci ildə fəaliyyətə başlamış Yapı Kredi Bank Azərbaycan – Bankçılıq Akademiyasından bəhs etdi.  Fəaliyyət göstərdiyi bu üç il müddətində akademiyada həm Bankın daxili əməkdaşları, həmçinin maliyyə sektorunda çalışan digər şirkətlərin əməkdaşları təhsil almışlar. Bankın daxili əməkdaşları 36 min saatdan artıq müddətlə təlim görmüş, kənardan cəlb edilmiş tələbələrə keçirilən dərslərin saatı isə 416 olmuşdur. Həmçinin Bankın əməkdaşlarının peşəkarlıq səviyyəsini yüksəltmək məqsədi ilə onların ölkə xaricində təhsil almasına şərait yaradılmışdır.

Bundan sonra isə çıxış üçün söz dünya şöhrətli, bestsellerlər müəllifi və dünyanın ən yaxşı biznes zəkalarından hesab olunun, stratejist Peter Fiskə verilmişdir.

Peter Fisk iştirakçılara “dəyişən dünyada, dünyanı dəyişən” kampaniyaların strateji gedişləri ilə bağlı olduqca maraqlı bir  çıxış təqdim etdi. Dəyişmək üçün sadəcə hamıdan fərqli düşünməyin deyil, həm də fərqli şeylər düşünməyin, kreativ olmağın, öz seqmentini tapmağın, müştərini narahat edəcək hər bir məsələ haqqında düşünməyin vacibliyindən danışdı. Uçan avtomobillərin icadından tutmuş, yalnız mobil telefonlar üzərində xidmət göstərən banklardan, həmçinin bankın öz dostlarınızla birlikdə dəyərli vaxt keçirə biləcəyiniz bir məkan ola bilməsi kimi, dünyanın müxtəlif innovativ kampaniyalarından çoxlu nümunələr gətirdi.

Peter Fisk düşünür ki, istər retail bankinq, istər də biznes bankçılığı insanlara daha yüksək həyat səviyyəsinə çatmağa kömək etməli, onları ilk növbədə ruhlandırmalı, yeni innovasiyalarını, ideyalarını gerçəkləşdirmək üçün maliyyə dəstəyi göstərməli, onlara partnyorlar cəlb etməkdə köməklik göstərməlidir.

Maliyyə Zirvəsində çıxış üçün söz alan növbəti qonaq isə Yapı Kredi  Bank Türkiyənin Baş iqtisadçısı, Osman Cevdet Akçay oldu. Qeyd edək ki, Cevdet Akçay bakalavr təhsilini İstanbul Boğaziçi Universitetində, M.Phil və Ph.D. dərəclərini isə City University of New York-da Graduate Center-də almışdır. Həm İstanbul Boğaziçi, həm də Koç Universitetlərində dərs demiş, bankçılıq sahəsində fəaliyyətinə Koç Yatırımda (investisiya Bankçlığı sahəsində) iqtisadçı kimi başlamışdır.

Ən sərfəli kredit üçün müraciət et

Cevdet Akçayın çıxışı maliyyə sektorun təmsilçiləri üçün xüsusi ilə maraqlı oldu. Belə ki, Cevdet bəy, Türkiyə bank sisteminin Avropada və ümumiyyətlə dünyada ən sağlam sistemlərdən birinin olması, bunun səbəbləri ilə bağlı müxtəlif açıqlamalar gətirdi. Maliyyə sistemi ilə başlayan, sonradan bankçılıq və iqtisadi böhrana çevrilən 2008-2009-cu illərin böhranlarına da çıxışında toxunan Cevdet bəy, maliyyə və bankçılıq böhranının iri maliyyə yardımları nəticəsində aradan qalxmış kimi görünməsinə baxmayaraq, iqtisadi böhranın hələ də tam aradan qalxmadığı və davam etdiyini söylədi. Lakin bunun geniş miqyasda müzakirə edilməsinin geniş kütlələr üçün panika yaradacağını və bəzi insanların gecələr kabus görməsi ilə nəticələnəcəyini – bildirdi.

Amerikanın müəyyən mənada toparlandığı halda, Avropanın hələ uzun müddət artım və böyümə görməyəcəyini və indiki halda desinflasiya ilə mübarizə apardığı söyləyən Cevdet bəy, belə davam edərsə “Avrapanın bir muzeyə çevrilə biləcəyini” qeyd etdi:  “Düşdükləri durum çox çətindir və asan-asan çıxış tapacaqları gözlənilmir”.

Bununla yanaşı, o Braziliya, Hindistan, Rusiya, Türkiyə və  Çinin iqtisadi artım templərini, inflyasiya səviyyəsini müqayisə edərək, iştirakçılara maraqlı analizlər təqdim etdi.

Maliyyə Zirvəsində həmçinin Yapı Kredi Bank Azərbaycanın İdarə heyətinin sədr müavini Osman Günaydının moderatoru olduğu panel də təşkil edildi.

Paneldə Hilton Baku Otelinin baş direktoru Todori Kalamaris, Erns&tYoung audit şirkətinin baş direktoru İlqar Vəliyev, Deloitte Touche audit şirkətinin baş direktoru Nuran Kərimov, Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Əliyar Məmmədyarov və Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin Bank və Sığorta şirkətlərinə audit şöbəsinin rəisi Kazımov Zakir iştirak etmişdilər.

Panel iştirakçılarından hər biri təmsil etdiyi sektor ilə bağlı maraqlı nüanslara toxundular. Hamını narahat edən ortaq məsələlər isə ixtisaslı kadr çatışmazlığı, peşə təhsilinin yetərincə olmaması, müxtəlif təşkilatların hesabatlığı ilə bağlı problemlər, kapital və fond bazarının yetərincə inkişaf etməməsi və yerli audit şirkətlərinin inkişafı kimi problemlər olmuşdur.

Sonra panel üzvləri tədbirdə iştirak edən qonaqların suallarını cavablandırdı.

Maliyyə Zirvəsi iştirakçıları üçün hazırlanmış nahar ilə başa çatdı. Qonaqla Peter Fiskin imzaladığı və müəllifi olduğu kitablardan biri hədiyyə edildi.