10 yaşlı bankın CEO-su Taleh Kazımov | Banco.az

10 yaşlı bankın CEO-su Taleh Kazımov

Taleh Kazımov 1 iyul 2015-ci il tarixindən  Paşa Bankın Baş İcraçı Direktor və İdarə Heyətinin Sədridir.

Onun Paşa Bankda fəaliyyəti isə 2007-ci ildə Paşa Bankın təsis edilməsi ilə başlamışdır.

Banco.az saytına müsahibəsində, o Paşa Bankda fəaliyyətə başlaması ilə bağlı deyir ki, banka ilk dəvət edilələrdən dördüncüsü olub.

“2007-ci il 1 iyul tarixindən isə PAŞA Bank komandasına qatılmışam. Mənim yadımdadır ki, PAŞA Bank yaranarkən işə götürmə ilə bağlı ilk dəfə seçimlər edəndə bizim bir neçə əsas meyarlarımız vardı. Həm Bank Standard və audit şirkətindəki iş təcrübəmə, həm də məni tanıdıqlarına görə mən ilk dəvət edilənlərdən biri, daha dəqiq desək dördüncüsü idim. Bu əvvəl qeyd etdiyim kimi iyulda baş vermişdi.  Bizim ilk işçi seçimlərimiz isə sentyabrda baş verdi. O zaman təxminən 20-25 nəfərlik bir komanda heyətimiz var idi.

Seçim edərkən bank təcrübəsi, maliyyə təcrübəsi və ümumiyyətlə, iş təcrübəsi olması kimi  tələblər qoymamışdıq. Əsas məqsəd bazarda mövcud olan stereotiplərdən qaçmaq idi. Həmçinin, biz inanırdıq ki, hər kəs maliyyəçi ola bilər.”

Öncəki dövrdə Taleh Kazımov PAŞA Bankın Baş İnvestisiya İnzibatçısı və İdarə Heyətinin Üzvü qismində çalışıb və tabelçiliyində biznesin inkişafı, institusional və investisiya bankçılığı, korporativ və KOS-bankçılıq, və risklərin idarə olunması sahələri olub. Cənab Kazımov PAŞA Banka 2007-ci ildə Risklərin idarəedilməsi departamentinin meneceri olaraq qoşulmuş, 2009-ci ildə isə Bankın Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə yüksəlmişdir.

Bank sektoruna gəlişi

Taleh müəllim özü bank və maliyyə sektoruna gəlişini belə şərh edib:

“Mən həmişə riyaziyyata daha çox maraq göstərmişəm və bu məndə yaxşı alınırdı. Lap kiçik yaşlarımdan maliyyə sahəsinə marağım daha böyük olduğu üçün özümü bu sektorda görürdüm. Məktəbi bitirdiyim dövrdə kompüterlər Azərbaycan bazarına təzə-təzə daxil olurdu.  O zaman mən fikirləşdim ki, həmin sahədə biliyimi artırsam gələcəyim üçün daha yaxşı olar. Sözün düzü, hələ Texniki Universitetdə oxuduğum vaxt qərara gəldim ki, iqtisadiyyata, maliyyə bazarı sahəsinə getmək istəyirəm, bu sahə məni daha çox cəlb edirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Sözsüz ki,  həm riyaziyyat, həm də proqramlaşdırma biliklərim bankçılıq karyeramın inkişafına çox böyük dəstək oldu.

Bu, mənə bir çox funksiyaları avtomatlaşdırmaq imkanı yaratmışdı və bunun sayəsində demək olar ki, bankın bir çox funksiyalarından xəbərdar idi. Proqramlaşdırma biliyi mənə bank funksiyalarını dərindən başa düşüməyə imkan yaratdı.”

Təcrübə:

Cənab Kazımov maliyyə sektorunda peşəkar karyerasına 2004-cü ildə Bank Standard-da Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi qismində başlamışdır, daha sonra isə Uçotun idarə olunması və büdcə planlaşdırılması seqmentinin rəhbəri, Korporativ kreditləşmə seqmentinin direktor müavini vəzifələrində işləmişdir. 2006-cı ildə "Ernst and Young" şirkətində auditor, 2007-ci ildə "FinEko İAA"nın baş direktoru vəzifəsini tutmuşdur.

Təhsil:

Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində almışdır.Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə, və ABŞ-ın Georgia State Univercity-sində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bundan başqa, T.Kazımov 2010-cu ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2012-ci ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını müvəffəqiyyətlə bitirmişdir.

Cənab Kazımov Azərbaycanda Amerika Ticarət Palatasının İdarə Heyətində Üzv qismində təmsil olunur.

1983-cü il il, 11 sentyabr təvəllüdlüdür.