10 bənddə ötən həftə necə keçdi | Banco.az

10 bənddə ötən həftə necə keçdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə qlobal bazarların əsas gündəmində Britaniyanın Baş Naziri Liz Trassın istefası, Avropada hökm sürən qaz böhranı və iqtisadi tənəzzül narahatlıqları olub.

Banco.az 10 bənddə geridə qoyduğumuz həftənin maraqlı məqamlarını diqqətinizə çatdırır.

1) Britaniyalı rəssam milyonlarla dollarlıq sənət əsərlərini yandırıb

Böyük Britaniyanın qabaqcıl rəssamlarından biri olan Damien Hirst NFT versiyalarını satışa çıxardığı milyonlarla dollar dəyərində sənət əsərini yandırıb. Hirst əvvəllər son kolleksiyasına məxsus əsərlərinin həm NFT, həm də fiziki olaraq təqdim ediləcəyini, NFT versiyasına üstünlük verilən əsərlərin fiziki versiyalarının yandırılacağını bildirmişdi.

2) Şotlandiyadan "yeni valyuta" açıqlaması

Şotlandiya Regional Hökumətinin Baş naziri Nikola Stercen paytaxt Edinburqda keçirdiyi mətbuat konfransında Şotlandiyanın Birləşmiş Krallığı tərk etməsi halında nələrin baş verə biləcəyi ilə bağlı cari arqumentləri ümumiləşdirib. Şotlandiya valyutasının yaradılması üçün təqvimin hələ müəyyən edilmədiyini deyən Stercen ingilis funt sterlinqinin istifadəsinin çox uzun müddət davam etməyəcəyini və vaxtı çatanda öz valyutalarını dövriyyəyə buraxacaqlarını bildirib.

3) Aİ-də külək və günəş enerjisi istehsalı rekord həddə çatıb

Londonda yerləşən "E3G" və "Ember" analitik mərkəzlərinin təhlilinə görə, keçən ilin mart-sentyabr dövründə Avropa İttifaqının elektrik enerjisi istehsalının 21 faizini külək və günəş enerjisi təşkil etdiyi halda, bu ilin eyni dövründə 24 faizini təşkil edib və sözügedən mənbələrdən 345 teravat/saat elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39 teravat/saat həcmində rekord artım deməkdir.

4) Avropada avtomobil satışı pandemiyadan əvvəlki səviyyəni keçə bilmir

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı məlumatlara görə, sentyabr ayında Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada avtomobil satışları illik 7,9 faiz artımla 1,05 milyona çatıb. Satış həcmi ardıcıl 13 ay azalmışdı. Ancaq artıma baxmayaraq, satış həcmi pandemiyadan əvvəlki səviyyədən aşağıdır.

5) Smartfon bazarı ötən 8 ilin ən pis III rübünü keçirib

"Canalys" bazar araşdırması firmasının məlumatına görə, sentyabrda bitən üç ay ərzində dünya üzrə smartfon satışları 9 faiz azalaraq bu ilki geriləməni davam etdirib. Faiz dərəcələrindəki artımlar və bahalaşan enerji qiymətləri müştəri iştahının azalmasına səbəb olsa da, Çindəki iqtisadi yavaşlama və Kovid-19 karantinləri smartfon satışlarının sürətinin azalmasında əsas rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

6) "Rolls-Royce" şirkəti ilk elektromobilini təqdim edib

Britaniyanın lüks avtomobil istehsalçısı "Rolls-Royce" istehsal etdiyi ilk tam elektrik avtomobili olan "Spectre" ilə elektromobil bazarına daxil olub.

7) Böyük Britaniyanın baş naziri istefa verib

Böyük Britaniyanın baş naziri Liz Trass vəzifəyə başladıqdan 44 gün sonra istefa verib. O, Britaniyanın ən qısa müddətə vəzifəsini icra edən baş naziri olub.

8) Aİ qaza yuxarı qiymət həddinin tətbiqi ilə bağlı razılığa gələ bilməyib

Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən Aİ Liderlər Zirvə Görüşünün enerji üzrə ilk gün sessiyalarında liderlər təbii qaza yuxarı qiymət həddinin tətbiqi ilə bağlı razılığa gələ bilməyiblər. 

9) İlon Mask "Twitter" işçilərinin 75 faizini ixtisar etməyi planlaşdırır

İddiaya görə, İlon Mask "Twitter"in satınalma prosesindəki potensial investorlara şirkətin 7500 nəfərlik işçi bazasının təxminən 75%-ni ixtisar etməyi planlaşdırdığını bildirib. Satışdan asılı olmayaraq ixtisarlar gözlənilsə də, Maskın planlaşdırdığı ixtisarların böyüklüyü reaksiyalara səbəb olub.

10) Ən sevilən və nifrət edilən milyarderlər bəlli olub

Dünyanın ən sevilən və nifrət edilən milyarderləri müəyyənləşib. Siyahı tvitlər və süni intellektdən istifadə edilməklə hazırlanıb. Ən sevilən milyarder Bill Qeyts olduğu halda, ən çox nifrət bəslənilən milyarder isə Donald Tramp seçilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et