10 başlıqda ötən həftə necə keçdi | Banco.az

10 başlıqda ötən həftə necə keçdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə qlobal bazarların əsas gündəmində beynəlxalq şirkətlərin balans hesabatları, Avropa Mərkəzi Bankının faiz qərarı və ölkələrin rüblük göstəriciləri olub.

Banco.az 10 bənddə geridə qoyduğumuz həftənin maraqlı məqamlarını diqqətinizə çatdırır.

1) Avrozona iqtisadiyyatında həyəcan təbili çalır

Satınalma Menecerləri İndeksinə (PMI) görə, Avrozonada xidmət və istehsal indeksləri oktyabr ayında da azalmağa davam edərək 48,4-dən 46,6-a enib. Bu da ötən 29 ilin ən aşağı səviyyəsidir. Qeyd edək ki, sözügedən indekslərin 50-dən aşağı nəticə göstərməsi sektorda daralma olduğundan xəbər verir. Regionun iki ən böyük iqtisadiyyatında da vəziyyət yaxşı deyil. 

2) Avropa İttifaqı smartfonlara vahid şarj portu tələbi qoyacaq

Avropa İttifaqına (Aİ) üzv ölkələr 2024-cü ilə qədər smartfon, planşet və kameralar kimi bütün elektron cihazlarda vahid USB-C şarj portlarının istifadəsini məcburi edəcək qanuni tənzimləməni təsdiqləyiblər. Yeni qanun elektron tullantıların azaldılması məqsədi daşıyır.

3) Ölkələr rüblük göstəricilərini açıqlayıb

Ötən həftə müxtəlif ölkələr ilin III rübü üzrə iqtisadi göstəricilərini açıqlayıblar. Buna görə, ABŞ-da III rüb üzrə iqtisadi artım tempi 2,6%-lə proqnozları üstələyib. Dünyanın ikinci böyük iqtisadiyyatına sahib Çində də sözügedən dövr üzrə 3,9%-lik artım qeydə alınıb ki, bu da bazar gözləntilərindən çoxdur.

Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada isə III rüb gözlənilməz artımla keçib. Belə ki, ölkədə ÜDM rüblük əsasda 0,3%, illik əsasda isə 1,1% artım göstərib.

İspaniya iqtisadiyyatı da iyul-sentyabr aylarını əhatə edən III rübdə 0,2 faiz böyüyüb. Ancaq bu göstərici ölkə iqtisadiyyatının texniki tənəzzülə girəcəyinə dair siqnallar verir.

4) Böyük Britaniya yeni Baş nazirini seçib

Ölkənin keçmiş maliyyə naziri yeni Baş nazir seçilib. Belə ki, daha əvvəl partiyadaxili səsvermədə sabiq Baş nazir Liz Trassa məğlub olan Rişi Sunak bu dəfə baş nazir postunun sahibi olub.

5) "Apple Music" və "Apple TV+" xidmətlərinin qiyməti qaldırılıb

ABŞ-ın texnologiya nəhəngi"Apple" firması ölkədə artan lisenziya xərclərini əsas gətirərək ilk dəfə olaraq "Apple Music və Apple TV+" xidmətlərinin qiymətini bahalaşdırıb. Buna görə, "Apple Music" aylıq abunə haqqı 9,99 dollardan 10,99 dollara, "Apple TV+"ın aylıq abunə haqqı isə 4,99 dollardan 6,99 dollara çatdırılıb. Xatırladaq ki, bu rəqəm hələ də rəqibləri "Netflix" və "Warner Bros"un aylıq abunə haqqlarından aşağıdır.

6) Qlobal şirkətlər balans hesabatlarını açıqlayıb

ABŞ-ın texnologiya şirkətləri "Microsoft" və "Google"un ana şirkəti "Alphabet"in xalis mənfəəti iyul-sentyabr ayları ərzində azalıb. Sözügedən ayları maliyyə təqvimində birinci rüb kimi nəzərə alan "Microsoft" şirkəti bu müddətdə ötən ilin eyni dövrü ilə müqayisədə 11% artımla 50,1 milyar dollar gəlir əldə edib. Ancaq şirkətin xalis mənfəəti isə 14% azalma ilə 17,6 milyard dollar hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

"Alphabet" də ilin üçüncü rübü ötən ilin eyni rübü ilə müqayisədə 6 faiz artımla 69,1 milyard dollar gəlir əldə edib. Şirkətin xalis mənfəəti isə sözügedən dövrdə keçən ilin eyni dövrü ilə müqayisədə 27% azalaraq 13,9 milyard dollar olub.

“Facebook”, “Instagram” və “WhatsApp” şirkətlərinin sahibi “Meta” şirkətinin isə həm gəliri, həm də xalis mənfəəti ilin III rübündə ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, şirkət bu rüb 27,7 milyard dollar gəlir əldə edib ki, ötən il bu göstərici 29 milyard dollar idi. 4,4 milyard dollar hesablanan xalis mənfəət isə 52 faiz azalma göstərib.

7) Yaponiyanın iqtisadiyyat naziri istefaya gedib

Yaponiyanın İqtisadiyyat naziri Daişiro Yamaqiva Birləşdirici Kilsə ilə əlaqələrinə görə istefa verib. O, ölkənin hazırki Baş naziri Fumio Kişida vəzifəyə gəldikdən sonra hökumətdən istefa verən ilk məmur olub.

8) Tanınmış şirkətlər Rusiya bazarını tərk edir

Ötən həftə Amerikanın avtomobil istehsalçısı "Ford" Rusiyada fəaliyyət göstərən törəmə müəssisəsindəki 49 faizlik səhmini satdığını açıqlayaraq bazarı tərk etdiyini elan edib. Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz” də Rusiyadakı bütün fəaliyyət haqqlarını “Avtodom” adlı rus şirkətinə təhvil verib.

Bununla yanaşı, dünyanın ən böyük hazır geyim şirkəti olan və nəzdində “Zara”, “Pull&Bear”, “Massimo Dutti”, “Berschka”, “Stradivarius”, “Oysho” və “Zara home” kimi şirkətlərin yer aldığı İspaniyaya məxsus “Indıtex” firması Rusiyadakı fəaliyyət haqqlarını Birləşmiş Ərəb Əmirliklərinin “Daher Group” adlı təmsiçisinə sataraq bazardan çıxdığını elan edib.

9) İlon Mask nəhayət ki, "Twitter"i satın alıb

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin CEO-su İlon Mask həftənin cümə axşamı günü sosial media şirkəti “Twitter”i 44 milyard dollara satın aldığını rəsmi olaraq elan edib.

10) Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı keçirilən oktyabr iclasında siyasət faizini 75 baza bəndi artırıb ki, bu artımın ardıcıl ikinci ayda da davam etdiyini göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et