Müəllif: Mehin Qasımova/Banco.az
Dünyada mədənlərin bağlanması planları, bazarın ucuz və təmiz enerji mənbələri olan külək və günəş enerjisi sektoruna çevrilməsi səbəbindən 2050-ci ilə qədər təxminən 1 milyon mədənçinin işdən çıxarılma riski ilə üzləşdiyi müəyyən edilmişdir.
Banco.az xəbər verir ki, Beynəlxalq beyin mərkəzi Global Energy Monitor (GEM) tərəfindən hazırlanan Global Coal Mine Tracker hesabatında qlobal kömür istehsalının 90 faizindən məsul olan 4300 aktiv və planlaşdırılan kömür mədənində məşğulluq məlumatları dərc edilib.
Bu çərçivədə ilk olaraq açıqlanan araşdırmaya görə, dünyada fəaliyyət göstərən kömür mədənlərində 2,7 milyon mədənçi birbaşa olaraq çalışır.
Kömür sənayesinin 2035-ci ilə qədər yarım milyona yaxın iş yerini ixtisar edəcəyi proqnozlaşdırılır. Bu, gündə orta hesabla 100 işçinin işdən çıxarılma riski ilə üzləşməsi deməkdir.
Proqnozlaşdırılan mədənlərin bağlanmasını nəzərə alsaq, 2050-ci ilə qədər təxminən 1 milyon iş yerinin itiriləcəyi təxmin edilir.
Kömür mədənlərində ümumi məşğulluğun 2,2 milyonu Asiyada olsa da, mədənlərin bağlanmasından ən çox Çin və Hindistanda məşğulluğun təsirlənəcəyi proqnozlaşdırılır.
Dünya kömür hasilatının yarısından çoxunu təşkil edən Çində mədənlərdə 1,5 milyondan çox mədənçi çalışır. Rəsmi qeydlərə görə, dünyanın ikinci ən böyük kömür istehsalçısı olan Hindistanda 337 min 400 mədənçi çalışır.
Hindistanın dövlət şirkəti olan Coal India 2050-ci ilə qədər 73 min 800 nəfəri işdən çıxarma riski olan şirkətlər arasında birinci yerdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!