1 milyon avroluq lotereya biletini səhvən zibil qutusuna atdı | Banco.az

1 milyon avroluq lotereya biletini səhvən zibil qutusuna atdı

Müəllif: Gülnar Əhmədli, Banco.az

İtaliyada bir qadın 1 milyon avro qazandıran lotereya biletini səhvən zibilə atıb. Bileti etibarsız hesab edən qadın sonradan böyük uduşun sahibi olduğunu öyrənərək panikaya düşüb.

Banco.az xəbər verir ki, hadisə İtaliyanın Puglia bölgəsinin Bitonto şəhərində baş verib.

Adı açıqlanmayan qadın MillionDay lotereya biletini yoxlatdırarkən cihazda görünən "non pagabile" ("ödənilə bilməz") xəbərdarlığını yanlış anlayaraq bileti tullantıya atıb. Əslində isə bu xəbərdarlıq uduş məbləğinin satış məntəqəsi tərəfindən ödənilə bilməyəcək qədər yüksək olduğunu göstərirdi.

Qadın evə qayıtdıqdan sonra ailə üzvləri biletin böyük uduş qazandığını müəyyən ediblər. O, dərhal bileti axtarmağa getsə də, tullantılar artıq bələdiyyə əməkdaşları tərəfindən götürülmüşdü. Bundan sonra yerli tullantıların idarə olunması şirkəti SANB ilə əlaqə saxlanılıb və genişmiqyaslı axtarışlara başlanılıb.

Əməkdaşlar zibil maşınının marşrutunu müəyyənləşdirərək onu xüsusi emal müəssisəsinə yönləndiriblər. Təxminən 6 ton tullantı bir-bir yoxlanılıb və bir gündən çox davam edən axtarışlardan sonra 1 milyon avroluq lotereya bileti zədələnmədən tapılıb.

SANB-nin direktoru Roberto Nikola Toskano hadisəni "möcüzəyə bənzər" adlandırıb. Bildirilib ki, qadın biletin tapıldığı xəbərini alanda sevincdən göz yaşlarını saxlaya bilməyib. Axtarış əməliyyatının əlavə xərclərini isə qalib qadının ödəməyə razı olduğu qeyd edilib.

Hadisə İtaliyada geniş müzakirələrə səbəb olub. Lotereya təşkilatçıları oyunçulara biletlərini atmadan əvvəl nəticələri diqqətlə yoxlamağı tövsiyə ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram