Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən bildirmişlər ki, Londonda çıxan “The Banker” jurnalı ABB-ni Azərbaycan bankları arasında növbəti dəfə “İlin bankı” saymışdır.
Mükafatlandırma mərasimi bu günlərdə Londonda olmuşdur. ABB-ni bankın Londondakı nümayəndəliyinin başçısı Rüfət İmamverdiyev təmsil etmişdir.
“The Banker” jurnalının məlumatında deyilir ki, uğurlu yenidən kapitallaşdırma və islam bankinqinin tətbiqi rəqib banklar arasında ABB-ni fərqləndirmişdir.
Jurnal yazır: “ABB-nin kapitalının artması aktivlərin artımını geridə qoymuş, kapitalın kafilik göstəricilərini yaxşılaşdırmağa imkan vermişdir. Bu, ABB-nin əsas üstünlüklərindən biri olmuş, onun maliyyə sabitliyini xeyli yaxşılaşdırmış, banka aktiv əməliyyatların sayını artırmağa, fəaliyyətin bütün istiqamətləri, o cümlədən müştərilərlə qarşılıqlı münasibətlərin müasir idarəetmə sisteminin tətbiqi üzrə strateji təşəbbüslər həyata keçirməyə imkan vermişdir.
“The Banker” jurnalı belə bir faktı vurğulamışdır ki, ABB korporativ biznes departamentini təkmilləşdirmiş, satış və kreditləşdirmə prosedurlarını modernləşdirmiş və yenidən qurmuş, xidmətin keyfiyyətini yaxşılaşdırmışdır. Bankın pərakəndə satış xidmətləri də modernləşdirilmiş, investisiya bankinqinin keyfiyyətini yaxşılaşdırmaq üçün yeni məhsullar təqdim etmişdir. ABB diqqətini bütün sahələrdə müştərilərə xidmətin keyfiyyətinin yaxşılaşdırılması üzərində cəmləşdirmişdir. Xidmətin keyfiyyətinə hər gün nəzarət etmək üçün xüsusi standart yaradılmışdır. Yeni tələblərə cavab vermək üçün müvafiq standartlar daim təkmilləşdirilir.