“Monex-də birinci ol!” bonus proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir (Foto) | Banco.az

“Monex-də birinci ol!” bonus proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir (Foto)

05 yanvar 2014-cü il tarixində paytaxtımızın beynəlxalq otel komplekslərindən birində  “Monex” təcili pul köçürmələri sistemi layihəsi çərçivəsində tərəfdaş bankların əməliyyatçıları üçün “Monex-də birinci ol!” bonus proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən “Muğanbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rasim İsmayılov “Monex” təcili pul köçürmələri sisteminin üstünlüklərindən danışmış, sistemin qısa müddət ərzində qazandığı uğurları qeyd etmişdir. Rasim İsmayılov tərəfdaş banklar, tədbirdə iştirak edən müxtəlif bankların nümayəndələrinə və bonus kampaniyasının qaliblərinə “Monex” sisteminin fəaliyyətinin inkişafına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmişdir. O, “Monex” sistemi ilə əməkdaşlıq edən tərəfdaş banklarda çalışan mindən çox əməliyyatçının, həmçinin, “Monex-də birinci ol!”bonus kampaniyası müddətində apardığı əməliyyatların sayına görə fərqlənən və mükafata layiq görülən altmışdan çox əməliyyatçının əməyini yüksək qiymətləndirmişdir. Rasim İsmayılov buna bənzər aksiyaların gələcəkdə də keçirilməsinin planlaşdırıldığını xüsusi vurğulamışdır.  

Daha sonra “Monex” təcili pul köçürmələri sistemi layihəsinin rəhbəri Vüsal İbrahimov sistemin mövcud yeniliklərindən bəhs edərək istifadə olunan yeni proqram təminatının üstünlüklərini qeyd etmişdir. Vüsal İbrahimov “Monex” təcili pul köçürmələri sisteminin beynəlxalq səviyyədə fəaliyyətinin genişləndirilməsi istiqamətində aparılan işlər və sistemə yeni qoşulmuş banklar haqqında məlumat vermişdir.

Ən sərfəli kredit üçün müraciət et

Tədbir çərçivəsində “Monex” təcili pul köçürmələri sistemi ilə əməkdaşlıq edən müxtəlif banklarda çalışan altmışdan çox əməliyyatçı qiymətli hədiyyələrlə təltif olunmuşdur. “Ən yaxşı əməliyyatçı” nominasiyasında birinci yeri bölüşən “Bank Respublika” və “Muğanbank”ın əməkdaşlarına  genişformatlı LED televizor, ikinci yeri tutmuş əməkdaşa noutbuk, üçüncü yerin sahibinə isə planşet kompüter hədiyyə edilmişdir. Digər qalib əməliyyatçılara müxtəlif nominalda “Visa Gift” hədiyyə kartları, həmçinin, “Muğanbank” ASC-dən adsız istiqrazlar təqdim olunmuşdur.

Xatırladaq ki, “Muğanbank” ASC tərəfindən 2011-ci ildə yaradılmış “Monex” təcili pul köçürmələri sistemi Azərbaycan, Gürcüstan, Rusiya, Çexiya, Böyük Britaniya, Monqolustan, Özbəkistan, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və s. ölkələrin banklarının 2700-dən çox filial və şöbələrində müştərilərə xidmət göstərir.