Mərkəzi Bankda müəllimlərə təlim keçirilmişdir | Banco.az

Mərkəzi Bankda müəllimlərə təlim keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində tədbirləri davam etdirir. Bu tədbirlər çərçivəsində Mərkəzi Bank ölkənin ümumtəhsil məktəblərinin müəllimlərinə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər həyata keçirmişdir.

2017-ci ilin fevral-iyun ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Bakı şəhər Təhsil İdarəsi və Şuşa Rayon Təhsil Şöbəsi ilə birlikdə 7 qrup üzrə təlimlər təşkil edilmişdir. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə Həyat Bilgisi fənnini tədris edən 145 nəfər müəllimə təlimlərdə Həyat Bilgisi və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu, istehsal infrastrukturları və digər mövzular keçilmişdir. Təlimlər zamanı sığorta mövzusu yerli sığorta şirkətlərinin nümayəndələri tərəfindən tədris olunmuşdur. Eyni zamanda, mövzular üzrə interaktiv oyunlar və çalışmalar keçirilmiş və iştirakçılar tərəfindən kiçik biznes layihələr hazırlanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Təlimlərin yekununda iştirakçıların sualları cavablandırılmış, qiymətləndirilmə aparılmış və nəticələrə müvafiq olaraq müəllimlər sertifikat əldə etmək hüququ qazanmışlar. Sertifikatların verilmə mərasimi tərəfdaş qurumların iştirakı ilə 16 iyun 2017-ci il tarixində Mərkəzi Bankda keçirilmişdir. Tədbirdə qiymətləndirmə sorğularının nəticələri təqdim edilmiş, tərəfdaş qurumların və iştirakçıların təlim haqqında rəyləri öyrənilmişdir.

Maliyyə maarifləndirilməsi istiqamətində ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti əsas hədəf qruplardandır və onların maarifləndirilməsi üçün Mərkəzi Bank gələcəkdə də müxtəlif tədbirlər keçirməyi nəzərdə tutur.

Ən sərfəli krediti almaq üçün müraciət et