“Unibank” müştərilərinə innovativ xidmət səviyyəsini yüksəltməkdə davam edir.
Bankdan Banco.az-a verilən xəbərə görə, “Unibank” arayışların müştərilər tərəfindən "Elektron Hökumət"portalı vasitəsilə ötürülməsini təmin etməyə hazırlaşır.
“Unibank”la MHM (Məlumat Hesablama Mərkəzi) arasında imzalanması nəzərdə tutulan niyyət protokolu müştərilərə yüksək innovativ xidmətlərin göstərilməsinə xidmət edəcək. Yeni innovativ xidmətlər kreditin rəsmiləşdirilməsi zamanı prosesləri sadələşdirəcək.
Bankla MHM arasında əməkdaşlığın daha da güclənməsi, mövcud məlumat axını prosesini optimallaşdırmaqla yanaşı, vətəndaşlara aid məlumatların əldə edilməsində maksimum effektivliyə nail olmaq, vətəndaşlara daha sürətli və keyfiyyətli xidmət təqdim edilməsinə şərait yaradacaq.
“Unibank”la MHM arasında əməkdaşlığın dərinləşməsi vətəndaşların şəxsiyyət vəsiqələrində yer alan məlumatların “Unibank”ın daxili sistemləri ilə inteqrasiyası, bankın müəyyən elektron xidmətlərinin “Elektron Hökumət” Portalında vətəndaşların istifadəsinə verilməsi və elektron imzanın bank-müştəri, müştəri–bank münasibətlərində mümkün tətbiqinə də imkan verəcək.
Eləcə də, “Unibank” özünün bir sıra onlayn xidmətlərini ölkənin vahid elektron xidmət məkanı olan "Elektron Hökumət" portalına inteqrasiya etməklə, bu xidmətləri vətəndaşlar üçün əlçatan edərək prosesi sadələşdirməyi planlaşdırır.
Ötən ilin oktyabr ayından "Elektron Hökumət” portalı ilə əməkdaşlıq edən “Unibank”, artıq bir ildir ki, kreditlərin sənədləşdirilməsi üçün portalın elektron arayış xidmətindən istifadə edir.