2013-cü ilin dekabr ayından etibarən “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatına yeni Baş İcraçı Menecer (ölkə direktoru) təyin olunub. Bu vəzifəyə “FINCA International” təşkilatının müxtəlif ölkə ofislərində çalışmış Timoti Tarrant təyinat alıb.
“FINCA Azerbaijan”a qoşulmazdan əvvəl Timoti Tarrant 12 ildən çox FINCA Rusiya və FINCA Gürcüstan ofisində ölkə direktoru vəzifəsində çalışmışdır. Yeni Baş İcraçı Menecer 1100 nəfərdən çox işçi heyətinə sahib, 190 milyon ABŞ Dollarından çox kredit portfeli və 150,000 nəfərə yaxın aktiv müştərisi olan və ölkə ərazisində 65-dən çox filial və sub-filial şəbəkəsinə malik “FINCA Azerbaijan”ın gündəlik fəaliyyətinin idarə edilməsinə məsuldur.
Qeyd edək ki, daha əvvəl bu vəzifəni Maniş Sane icra edirdi. Maniş Sanenin rəhbərlik etdiyi dövrdə “FINCA Azerbaijan” kredit portfelinin 184%, müştəri sayının 66.7% artımına, filial və sub-ofis şəbəkəsinin genişlənməsinə, müştəri xidmətlərinin yaxşılaşdırılmasına, işçi heyətinin artırılmasına, ölkədə FINCA brendinin tanıdılmasına və digər mühüm uğurlara nail olmuşdur.