Son dövrlərdə Azərbaycanın depozit bazarında xüsusi canlanma müşahidə olunur. Əgər əvvəllər banklar daha çox kredit müştəriləri uğrunda mübarizə aparırdısa, bu gün depozit və plastik kartlar bazarındakı rəqabət daha aydın nəzərə çarpır.
Xüsusi ilə də banklar müxtəlif lotereya və həvəsləndirici mükafatlarla depozit müştərilərini cəlb etməyə çalışır.
Beləliklə, bir çox banklar öz depozit məhsullarını yenidən nəzərdən keçirməli olurlar.
O cümlədən, Bank VTB (Azərbaycan) debet-kredit kartları üzrə yeni şərtlər tətbiq etməyə başlayır.
Bu gündən etibarən, bank debet-kredit kartı olan “Depozit kartı” üzrə yeni şərtlər tətbiq etmişdir.
Bankdan verilən məlumata əsasən, bankda 5 000 AZN/USD-dən artıq depozit yerləşdirmiş hər bir müştəri pulsuz “VISA Gold” səviyyəli debet-kredit kartı və əmanətin 70% həcmində kredit xətti əldə edəcəkdir. Həmçinin, depozit məbləği 1 000 - 5 000 AZN/USD olan müştərilərə pulsuz “VISA Classic” səviyyəli debet-kredit kartı veriləcək və kredit xətti açılacaqdır.
Qeyd edək ki, Bank VTB-nin və digər tərəfdaş bankların bankomat şəbəkəsindən “Depozit kartı” ilə nağd vəsait çıxarılarkən komissiya tutulmur.
Bankın İdarə Heyətinin üzvü və Pərakəndə Biznesin İnkişafı Departamentinin Direktoru İlnur Salyaxov portalımız ilə söhbət əsnasında bunları bildirmişdir: “Depozit kartı” məhsulu ilk növbədə ona görə əlverişlidir ki, müştəriyə banka gəlmədən əmanət üzrə hesablanmış faizləri əldə etməyə və əmanətin girovu əsasında kredit xəttindən istifadə etməyə imkan verir. Müvafiq kreditləşmə sxemi müştəriyə əmanət üzrə faizləri itirmədən kreditdən istifadə etməyə şərait yaradır. Həmçinin, Bank VTB (Azərbaycan) ASC-nin kart sahibləri vəsaitlərini güzəştli tariflərlə (əlavə komissiyalar tutulmadan) VTB qrupun Azərbaycan, Rusiya, Gürcüstan və MDB ölkələrində olan bankomat şəbəkəsində nağdılaşdıra bilərlər”.