Azərbaycanın ən böyük mikromaliyyə təşkilatı faiz dərəcələrini endirəcək | Banco.az

Azərbaycanın ən böyük mikromaliyyə təşkilatı faiz dərəcələrini endirəcək

“FİNCA Azerbaijan” 2014-cü ildə kredit faizlərini mərhələli şəkildə daha 2-3% endirməyi nəzərdə tutur.

Bunu “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının ölkə direktoru vəzifəsinə yeni təyinat almış Timoti Tarrant bildirib.

Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə  Azərbaycanda faiz normaları nisbətən yüksəkdir:

“Biz müntəzəm olaraq faiz dərəcələrini aşağı salırıq. 2012-ci ildə 5% bəndindən artıq kredit faizlərində endirim etmişdik. Biz 2014-cü ilin büdcəsini formalaşdıran zaman kredit faizlərinin aşağı salınmasını  nəzərdə tutmuşuq.  2014-cü ildə mərhələli şəkildə fazilər təxminən 2-3%  aşağı salınacaqdır ki, nəticədə də minimum kredit faizi 21%-dən 18%-ədək düşəcəkdir.

Timoti Tarrant qeyd edib ki, “FİNCA Azerbaijan” bölgələrdə maliyyə xidmətlərinə çıxışı az olan insanlara xidmət göstərir. Bunun da mənfi tərəfi budur ki, müştərilərə çatmaq xərcləri artırır: “Biz xərclərimizin azaldılması mexanizmləri üzərində çalışırıq. Hesab edirik ki, xərclərimizi azalda bilsək,  faizləri aşağı sala biləcəyik”.

Timoti Tarrant əlavə edib ki, xərclərin azaldılmasına müştәrilәrin ödәmә qabilliyyәtlәrinin skorinq metodu ilә tәyin edilmәsi təsir edə bilər və “FİNCA Azerbaijan” da bu metoddan istifadə etməyi düşünür.

“Biz kredit ayıran zaman biznesin iqtisadi və sosial təhlilini keçiririk. “FİNCA Azerbaijan”  hazırda skorinq metodundan istifadə etmir, kreditin verilməsi zamanı ani qiymətləndirilmə metodundan faydalanır. Gələcəkdə kreditvermə texnologiyasında, biznesin, müştərinin ödəmə qabiliyyətinin təhlil olunmasında skorinq metodundan istifadə etməyi düşünürük. Burada məqsəd xırda biznesləri tam təhlil etmək deyil, onu skorinqdən keçirməkdir. Biz digər ölkələrdə yerləşən təşkilatlarımızın təcrübəsindən istifadə edərək skorinq metodunu tətbiq edəcəyik ki, bu da bizim işimizin səmərəliliyini artıracaq”.

Ən sərfəli kredit üçün müraciət et

(Qeyd edək ki, skorinq  – borcalanların yoxlanılması üçün banklar tərəfindən istifadə olunan xüsusi sistemdir. Əksər hallarda skorinq borcalanlar tərəfindən  doldurulmuş xüsusi anketlərdəki məlumatların kompüter proqramına daxil edilməsindən ibarət olur və bu proqram həmin borcalana kredit verib-verməmək barədə qərar çıxarır)

Timoti Tarrantın sözlərinə görə, “Finca Azerbaijan” təşkilatında bir çox şeylər qaydasındadır: “İşlər normal gedir. Təşkilatımızın çox təcrübəli və sadiq işçi heyət var.  Əsas məqsəd bundan da yüksək inkişaf etməkdir. Mənə verilən ən böyük tapşırıqlardan biri Azərbaycanı tam əhatə etmək və lisenziya alaraq banka çevrilməkdir”.

Qeyd edək ki, “FİNCA Azerbaijan” 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Təşkilatın kredit portfeli 190 milyon ABŞ dollarından, müştərilərinin sayı isə 150 min nəfərdən artıqdır və ölkə ərazisində 33 filialı və 33 sub-ofisi mövcuddur. Bu göstəricilərə görə, “FİNCA Azerbaijan” ən böyük mikromaliyyə təşkilatıdır.

Marja.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et