Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) özəl sektorun inkişafına dəstək vermək məqsədilə Azərbaycanın aparıcı özəl banklarından olan DəmirBank-a 42 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit təşkil edib.
Bu vəsaitin 13 milyon ABŞ dolları AYİB tərəfindən ayrılmış, 29 milyon ABŞ dolları isə digər Banklardan sindikatlaşdırılmışdır. Ayırlmış vəsait DəmirBankın orta və kiçik sahibkarlarlığın maliyyələşdirilməsi imkanlarını daha da genişləndirəcəkdir. Sindikatlaşdırılmış vəsaitlərin bir hissəsi üzrə müddət 5 il müəyyən olunub ki, bu özəl Azərbaycan bankına bu günədək ayrılmış ən uzun müddətli investisiyadır.
“DəmirBanka ayrılan iki böyük həcmli kreditlə bizim bu il ərzində Azərbaycana yatırdığımız sərmayələrin ümumi həcmi 255 milyon ABŞ dollarına çatıb. Bu məbləğ 2013-cü il ərzində yatırılan toplam sərmayələrin həcmindən daha çoxdur . Biz mikro, kiçik və orta sahibkarlıqdan başlamış iri infrastruktur layihələrinədək ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə yatırırıq və özəl sektorun gələcək inkişafını dəstəkləmək üçün DəmirBank ilə birgə əməkdaşlığımızdan məmnunuq” deyə AYİB-in Bakı ofisinin rəhbəri Nil MakKeyn bildirib.
Sindikatlaşdırılmış kredit əldə etmək imkanı DəmirBankın maliyyə mənbələrinin genişləndirilməsinə çox böyük kömək edir və KOM-ları uzunmüddətli və ucuz maliyyələşmə imkanı ilə təmin edir. Bütün bunlar DəmirBank-a tərəfdaşlarının etimadının daha da artmasına öz töhvəsini verir.
Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.