AccessBank Niderland İnkişaf Bankından (FMO) 60 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bankın kreditorları qismində çıxış edən OeEB – Avstriya İnkişaf Bankı və PROPARCO – Fransa İnkişaf Bankı bu sövdələşməyə qoşularaq sazişin iştirakçısı oldular. Bu sövdələşmə AccessBank-ın 10 illik fəaliyyəti dövründə beynəlxalq konsorsiumdan cəlb etdiyi ən böyük təkrar maliyyələşdirmə paketidir.Bu kredit AccessBank-a mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində öz fəaliyyətini genişləndirməyə kömək edəcək. Cəlb olunmuş vəsaitlər regional sahibkarlara, xüsusən, kənd yerlərində fəaliyyət göstərən iş adamlarına böyük məbləğdə kreditlərin verilməsinə yönələcək. Bankın geniş filiallar şəbəkəsini nəzərə alaraq qeyd etmək lazımdır ki, bu, yeni iş yerlərinin yaradılmasına və regionlarda iqtisadiyyatın inkişafına köməklik göstərəcəkAccessBank-ın Baş Meneceri Mixael Hoffmann bildirib: “Bu, AccessBank üçün mühüm sövdələşmədir və biz öz tərəfdaşlarımıza göstərdikləri dəstəyə və etimada görə minnətdarıq. Bizim üçün ayrılmış maliyyə vəsaitləri, xüsusən, dinamik inkişaf edən regional iqtisadiyyatın qeyri-neft sektoruna aid mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsi üzrə fəaliyyətimizi davam etdirməyə kömək edəcək”.FMO-nun Baş İcraçı Direktoru Jurgen Rigterink müqaviləni şərh edərək dedi: “Biz AccessBank-la bu sazişi imzaladığımıza görə mənunluq duyuruq, çünki cəlb olunmuş vəsaitlər Bankın fəaliyyətini daha çox genişləndirməyə imkan yaradacaq və bununla yeni iş yerlərinin açılmasına və Azərbaycanın iqtisadiyyatının inkişafına təkan verəcək”.FMO inkişaf etməkdə olan bazarların özəl sektorunun davamlı inkişafını dəstəkləyərək iddialı müəssisələrə investisiya edir. FMO inanır ki, güclü özəl sektor insanlara öz bacarıqlarını istifadə etməyə və həyat səviyyəsini yüksəltməyə imkan yaradaraq iqtisadi və sosial inkişafı təmin edir. FMO yüksək inkişafı təmin edən üç sahə üzrə dəstək verir: maliyyə instituları, enerji və aqrobiznes, qida sənayesi. 6.3 milyard AVRO həcmində olan investisiya portfeli ilə FMO özəl sektorun inkişafı üzrə Avropanın ən iri banklarından biridir.