Yeni Yaxın Şərq dəhlizi Hindistana qatar yolunu da ehtiva edəcək | Banco.az

Yeni Yaxın Şərq dəhlizi Hindistana qatar yolunu da ehtiva edəcək

Yaxın Şərq və Cənubi Asiya üçün yeni limanlar və dəmir yolu dəhlizi Hindistanla qatar əlaqələrini ehtiva edəcək.

Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin katibi Asəf Said Yeni Dehlidə keçirilən “G20” sammitində həftəsonu açıqlanan plan haqqında yeni təfərrüatlar təqdim edərək bildirib.

XİN rəsmisi açıqlayıb ki, dəhlizin Hindistanla kommunikasiyanın sadəcə limanla kifayətlənməyəcəyini, həmçinin qatar xətti ilə də olacağını deyib:

“Düzgün interpretasiya Hindistanın dəmiryol xətləri ilə birləşəcəyidir, tikəcəyi yox”.

Agentlik qeyd edib ki, üzvlər qismində ABŞ, Səudiyyə Ərəbistanı, Hindistan, Avropa İttifaqı və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu çoxmillətli dəmir yolu və liman sazişi Çinin iddialı “Kəmər və Yol Təşəbbüsü”nə cavab kimi qiymətləndirilir.

Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falih Yeni Dehlidə bildirib ki, dəhliz “İpək Yolu və Ədviyyat Yolunun ekvivalenti” olacaq. Nazir əlavə edib ki, koridor “daha çox enerji bağlantısı, ekoloji cəhətdən təmiz materiallar, həmçinin qlobal ticarətdə balansı bərpa edəcək emal edilmiş və hazır mallar”la təmin edəcək.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bazar ertəsi Yeni Dehliyə dövlət səfəri zamanı Hindistan və Səudiyyə Ərəbistanı yerli valyutalarda ticarət imkanlarını və Hindistan ilə Səudiyyə Ərəbistanının da üzv olduğu Körfəz Əməkdaşlıq Şurası arasında azad ticarət sazişi üzrə danışıqların sürətləndirilməsini də müzakirə ediblər.

Said bildirib ki, iki ölkə səkkiz saziş, o cümlədən karbohidrogen enerjisi üzrə tərəfdaşlıqlarını bərpa olunan mənbələr, neft və strateji ehtiyatlar üzrə hərtərəfli enerji tərəfdaşlığına yüksəltmək haqqında pakt imzalayıblar.

Səudiyyə Ərəbistanı Hindistana ən çox neft ixrac edən ölkələr sırasındadır.

Said deyib ki, onlar həmçinin 100 milyard dollarlıq Səudiyyə sərmayəsi üçün birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər ki, bunun yarısı Hindistanın qərb sahili boyunca təxirə salınmış neft emalı zavodu layihəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Kəmər və Yol Təşəbbüsü” (əvvəlki adı ilə “Bir kəmər – bir yol”) Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyasıdır. “Kəmər” sözü “İpək Yolu İqtisadi Kəməri”nin qısaltmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bu Çin təşəbbüsünün mahiyyəti Pekinlə mövcud regional ikitərəfli və çoxtərəfli mexanizmləri və qarşılıqlı fəaliyyət strukturlarını gücləndirməklə beynəlxalq əməkdaşlıq və inkişafın yeni modelini aramaq, formalaşdırmaq və təşviq etməkdir. Qədim İpək Yolunun ruhunun davam etdirilməsi və inkişafına əsaslanan “Bir kəmər – bir yol” regional iqtisadi tərəfdaşlıq üçün yeni mexanizmlərin işlənib hazırlanmasına, iştirakçı ölkələrin iqtisadi rifahının təşviqinə, bütün sahələrdə mədəni mübadilə və əlaqələrin gücləndirilməsinə çağırır. Çinin rəsmi məlumatlarına görə, “Bir kəmər – bir yol” Avrasiyanın əksər hissəsini əhatə edir, inkişaf etməkdə olan ölkələri, o cümlədən “yeni iqtisadiyyatları” və inkişaf etmiş ölkələri birləşdirir. Meqalayihənin ərazisində dünya əhalisinin 63 %-i yaşayır və təxmin edilən iqtisadi miqyası 21 trilyon ABŞ dollarıdır. 2022-ci ilə qədər bu təşəbbüsə 1 trilyon dollardan çox sərmayə qoyulub.

Bəzi müşahidəçilər və skeptiklər bunu Çin mərkəzli beynəlxalq ticarət şəbəkəsi yaratmaq planı kimi şərh edirlər. Buna cavab olaraq, ABŞ, Yaponiya və Avstraliya 2019-cu ildə “Blue Don Network” (“Mavi Nöqtə Şəbəkəsi”) əks-təşəbbüsünü, ardınca 2021-ci ildə “G7” “Build Back Better World” (“Daha Yaxşı Dünya Yaratmaq”) təşəbbüsünü irəli sürüblər.

Layihənin neokolonializmin bir forması olması ilə bağlı narahatlıqlar da mövcuddur. Bəzi hökumətlər “Kəmər və Yol Təşəbbüsü”nü neokolonial olmaqda ittiham ediblər, çünki onlar Çinin təşəbbüsün infrastruktur layihələrini maliyyələşdirmək üçün borc tələsi diplomatiyası tətbiq etdiyini iddia edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et