Yeni il ərəfəsi onlayn alış-verişdə nələrə diqqət etməliyik? | Banco.az

Yeni il ərəfəsi onlayn alış-verişdə nələrə diqqət etməliyik?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yəqin ki, dekabrın son günlərinin gəlişi ilə çoxlarımız yeni il üçün alış-veriş təşvişinə qapılmışıq. Bayram üçün yeni əşyalar, avadanlıqlar, bəzəklər və digər lazımlı şeylər almaq, əslində ilk baxışda olduqca maraqlı və əyləncəli görünə bilər. Ancaq, xüsusən bayram mövsümlərində pul xərcləyərkən iki dəfə diqqətli olmaq məsləhətdir. Əvvəla, bir çox onlayn və ya oflayn alış-veriş şəbəkələri müəyyən endirim kampaniyaları həyata keçirəcək ki, bu kampaniyaların sizi yalnış istiqamətləndirməsindən qaçınmaq lazımdır. Məsələn, ehtiyacınız olmayan əşyaları, ya da endirimli görünsə də, əslində kifayət qədər bahalı olan avadanlıqları almaq büdcənizə zərər verə bilər. 

Fiziki mağazaları bir-bir gəzib bayram atmosferi fonunda alış-veriş etməyi seçənlər qədər rahat kreslosuna əyləşib internet vasitəsilə lazım olanları əldə edənlər də kifayət qədərdir. Xüsusilə də, pandemiyadan bəri vərdişə çevirdiyimiz onlayn alış-veriş tendensiyası, əminəm ki, bu bayram da öz aktuallığını saxlayacaq. Odur ki, onlayn alış-verişə başlamazdan əvvəl qeyd etdiyimiz tövsiyələrə nəzər salın.

Banco.az bugünkü məqalədə yeni il ərəfəsi onlayn alış-veriş edərkən nələrə diqqət yetirməli olduğunuzu təqdim edir:

1. Tanış brendlərin internet səhifələrinə müraciət edin

İlin digər günlərində də onlayn alış-veriş edərkən üstünlük verdiyiniz markaların mağazalarına baş çəkməyiniz məsləhətdir. Yəni, keyfiyyətinə və etibarlılığına əmin olduğunuz qida, tekstil, texnologiya, məişət əşyaları, aksesuarlar, kitablar, dəftərxana ləvazimatı və s. məhsulların satıldığı vebsaytlara üstünlük verin.

Yadda saxlayın ki, çoxlu sayda istifadəçisi, müştəri xidməti və əlaqə məlumatları olan vebsaytlar daha təhlükəsizdir.

2. 3D Secure ödəniş sistemi olan saytlara üstünlük verin

“3D Secure Payment” bütün onlayn alış-verişlər üçün xüsusi olaraq hazırlanmış təhlükəsizlik sistemidir. 3D sistemində kredit kartı və ya internet istifadəsinə açıq bank kartı ilə edilən internet alış-verişi üçün əlavə təhlükəsizlik təbəqəsi yaradılmışdır.

3D istifadə zamanı bank və istifadəçi ekranında bankın təklif etdiyi xüsusi 3D əməliyyat ekranı açılır və kredit/debet kartı ilə alış-veriş edən istifadəçinin mobil telefon nömrəsinə təsdiq kodunu ehtiva edən sms göndərilir. Kod yazılmaz və ya düzgün daxil edilməzsə alış-veriş baş tutmur, kredit və ya debet kartından ödəniş icra olunmur.

3. Mağazaların vebsaytlarına birbaşa axtarış brauzeri vasitəsilə daxil olun

Ən sərfəli kredit üçün müraciət et

Bəzən istifadəçilərin elektron poçt ünvanlarına müvafiq endirimlərlə bağlı ismarıclar göndərilir. Endirimlər həddindən artıq böyük və şirnikləndirici olduqca insanlar dərhal göndərilən ünvana daxil olurlar. Ancaq belə hallarda xüsusilə ehtiyyatlı olmaq lazımdır. Çünki sizə göndərilən linklər virus daşıyıcısı ola və kompüter və ya smartfonlarınıza zərər yetirə, hətta bank kartlarınız axtarış sistemində yaddaşda saxlanılıbsa, həmin kartdan vəsait çıxılmasına da səbəb ola bilər. Odur ki, mümkün qədər endirim ismarıcını gördüyünüz zaman həmin endirimin real olub-olmadığını mağazanın rəsmi vebsaytına daxil olaraq yoxlayın.

4. Daimi istifadə etdiyiniz bank kartlarına üstünlük verməyin

Onlayn alış-veriş zamanı təbii ki, sizdən ödənişi də onlayn formada icra etmək tələb olunacaq. Bu zaman balansında yüksək məbləğdə vəsait olan, ya da gündəlik tez-tez istifadə etdiyiniz kartlara üstünlük verməməyə çalışın. Hətta yaxşı olar ki, məhz onlayn alış-verişlər üçün xüsusi debet/kredit kartı əldə edib bütün saytlara bu kartın məlumatlarını daxil edəsiniz.

5. Real görünməyən endirimlərə aldanmayın

Düzdür, bayram münasibətilə həyata keçirilən endirim kampaniyaları da bir növ markaların bir-biri ilə rəqabətinin bir hissəsi, marketinq strategiyalarının mühüm alətidir. Ancaq yenə də endirimin böyüklüyünə aldanıb real olub-olmamasına fikir verməkdən yayınmayın. Çünki son illərdə geniş vüsət almış kibercinayətkarlıq halları adətən məhz kütləvi endirimlərin elan olduğu mövsümlərdə daha da çoxalır.

Belə halda nə etmək lazımdır? Qarşınıza çıxan və sizə heç də inandırıcı görünməyən endirimlər barəsində sözügedən firmanın rəsmi vebsaytına, ya da sosial media hesablarına yazıb dəqiqləşdirməyiniz tövsiyə olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et