Yay əhval-ruhiyyəli 10 əyləncəli film | Banco.az

Yay əhval-ruhiyyəli 10 əyləncəli film

Tamara Mustafayeva, Banco.az

Film izləməyi sevənlər çox yaxşı bilər ki, adətən məxsusi olaraq qış aylarına hərs olunmuş filmlər nağıllar diyarı, yay filmləri isə bir-birindən maraqlı, rəngarəng sərgüzəştlər zamanı kimi təsvir edilir. Yay əhval-ruhiyyəli filmlərdə qəhrəmanlarımız ecazkar təbiəti, füsunkar mənzərələri ilə məşhur şəhərlərdə həyatın bu anından bir fragmentlə qarşımıza çıxırlar.

Yay fəslinin qızmar vaxtlarına doğru addımladığımız bu günlərdə istər dostlarınızla, istərsə də tək başına oturub izləyərərək doyunca gülüb əylənəcəyiniz və əgər hələ də gedib görməmisinizsə, mütləq ziyarət etmək istəyəcəyiniz yerlərə virtual səfərə hazırsınızmı? Elə isə bugünkü məqalədə sizi yay sərgüzəştləri ilə dolu filmlərin "TOP-10"luğu ilə tanış edək.

1. A good year

Buraxılış ili: 27 oktyabr, 2006

Ölkə: İngiltərə, ABŞ

Janr: Romantik dram

Siyahının ilk filmi sizi Fransanın ecazkar mənzərəli əyalətlərindən birinə aparacaq, elə mənzərələr ki, Fransanı qarış-qarış gəzmək, bu yerlərdə ən azı bir neçə gün keçirmək istəyəcəksiniz. Oskar mükafatı laureatı olan tanınmış aktyor Rassel Krounun baş rolu ifa etdiyi bu film yazıçısı Piter Meylin 2004-cü ildə nəşr olunmuş eyniadlı romanının motivləri əsasında ekranlaşdırılmışdır.

Londonda yaşayan və nüfuzlu investisiya banklarından birində işləyən Maks Skinner bir gün əmisi Henrinin vəfat xəbərini və Fransadakı malikanəsi ilə üzüm bağlarını ona miras qoyduğunu öyrənir. Ömrü boyunca karyera yönümlü həyat sürən və ambisiyalarının əsiri olan Maks Fransaya səfər edib bu mülkləri satmağa qərar verir. Qəhrəmanımızın Fransa sərgüzəştləri bu füsunkar mənzərəli ölkəni sizə daha da sevdirəcək.

2. Mamma Mia!

Buraxılış ili: 30 iyun, 2008

Ölkə: İngiltərə, ABŞ, Almaniya

Janr: Romantik komediya, musiqili film

İkinci destinasiyamız Yunanistanın rəngarəng adalarıdır.

Sofi sevdiyi insanla evlənməyə hazırlaşan gənc bir qızdır. Yeganə arzusu isə dogma atasının onu toy günü mehraba doğru müşayiət etməsidir, ancaq bir problem var ki, gənc qız atasının kim olduğunu bilmir. Anası və dostlarının onun üçün toy hazırlığı gördüyü bir vaxtda Sofinin atdığı cəsarətli addım bir anda üç yad adamın həyatlarına daxil olmasına səbəb olur. Görəsən Sofi öz arzusuna çatacaqmı?

Çəkilişləri Londonda və Yunanistanda aparılan film İsveçin məşhur "ABBA" qrupunun mahnıları əsasında çəkilmiş eyniadlı müziklin ekranlaşdırılmış variantıdır.

3. Love and Gelato

Buraxılış ili: 22 iyun, 2022

Ölkə: ABŞ

Janr: Romantik komediya

Siyahının üçüncü filmi sizə möhtəşəm mənzərələri və canlı atmosferi ilə gözoxşayan İtaliya səfəri vəd edir. 

Orta məktəb məzunu olan Lina anasının son arzusunu yerinə yetirmək üçün Romaya uçmaqdansa, yayı kollecə hazırlaşmaqla keçirməyə üstünlük verərdi. Ancaq onu bu füsunkar ölkədə yeni macəralar və həyatının ən böyük həqiqəti gözləyir. Linanın şəhərə, insanlara və İtaliya dondurması "gelato"ya aşiq olacağı bu al-əlvan səfəri qaçırmaq istəməzsiniz.

4. Instant Family

Buraxılış ili: 16 noyabr, 2018

Ölkə: ABŞ

Janr: Komediya, dram

Amerika təkcə yay aylarında deyil, ilin istənilən vaxtı bir çoxumuzun “mütləq səfər edilməli” yerlər siyahısına daxil olur. Elə isə Amerikalı bir ailənin macəraları ilə əyləncəli dəqiqələrə hazır olun.

Evləndikləri gündən bəri övlad sahibi olmağı əsla düşünməyən cütlük illər sonra bu qərarlarını yenidən nəzərdən keçirir və “himayədar ailə” sistemi ilə övladlığa uşaq götürməyə qərar verirlər. Hər şey ilkin mərhələdə olduqca möhtəşəm və planlaşdırıldığı kimi gedir, ta ki, övladlığa götürülən 3 bacı-qardaş evə ayaq basanadək. Bəzən gülməli, bəzən təsirləndirici, əksərən də ruhlandırıcı sərgüzəştlərin fonunda cütlüyümüz təmənnasız sevməyi və ən çətin şəraitlərdə belə valideyn olmağı öyrənməlidir.

5. Mr. Beans Holiday

Buraxılış ili: 24 may, 2007

Ölkə: İngiltərə

Janr: Komediya, macəra

Əvvəlki sərgüzəştərindən yaxşı tanıdığımız Mister Bin günlərin bir günü Fransaya səyahət qazanır və bu ölkəyə getmək üçün yola düzəlir. Səfər əsnasında qeyri-ixtiyari olaraq ata ilə oğulun ayrı düşməsinə səbəb olan qəhrəmanımız onları yenidən görüşdürmək üçün əlindən gələni edəcək. Doyunca gülməyə və Fransanı qarış-qarış gəzməyə hazır olun.

Ən sərfəli kredit üçün müraciət et

Ölkəmizdə  “Mister Bin səyahətdə” adı ilə dublyaj edilib yayımlanan bu film komediya janrında çəkilmiş ən yaxşı ingilis filmlərindən biridir.

6. Love in the Villa

Buraxılış ili: 1 sentyabr, 2022

Ölkə: ABŞ

Janr: Romantik komediya

Səyahətimiz yenidən ecazkar İtaliyaya doğrudur.

Bu dəfə hadisələr Şimali İtaliyanın füsunkar şəhəri Veronada cərəyan edir. Qəhrəmanımız Culi çoxdan planlaşdırdığı İtaliya tətilinə xoşagəlməz sürprizlərlə başlayır. Əvvəlcədən nişanlısından ayrılan gənc qadın daha sonra Veronada rezervasiya etdiyi villanın eyni anda başqa insana da verildiyini öyrənir. Şekspirə, sevgi hekayələrinə. ən əsası qismətə inanan Culi xilas olmağa çalışdığı bu yad insanın düşüncə tərzində suallarına cavab tapa biləcəkmi?

7. The Royal Treatment

Buraxılış ili: 20 yanvar, 2022

Ölkə: ABŞ

Janr: Romantik komediya

Nyu-Yorkda kiçik bir salonda çalışan saç ustası İzzi cazibədar şahzadənin toyunda işləmək fürsəti əldə edir. Qəhrəmanlarımızın arasında məhəbbət qığılcımları yarananda isə sevgi və öhdəlik hissləri sınağa çəkilir.

8. Love Wedding Repeat

Buraxılış ili: 10 aprel, 2020

Ölkə: İngiltərə, İtaliya

Janr: Romantik komediya

Yəqin ki, hadisələr istədiyimiz kimi getməyəndə bir çoxumuz eyni günü yenidən yaşamaq şansına sahib olmaq istəmişik. Siyahının növbəti filmində də qəhrəmanımız Cek yeganə bacısının həyatının mühüm hadisəsi olan toy gününü ən möhtəşəm formada təşkil etmək üçün əlindən gələni edir, ancaq ardıcıl baş verən xoşagəlməzliklər eyni toyun müxtəlif versiyalarını və fərqli nəticələrini tamaşaçılara göstərir. Bəs hadisələri yoluna qoymaq üçün həqiqətən ikinci şansa ehtiyacımız varmı?

9. Letters to Juliet

Buraxılış ili: 14 may, 2010

Ölkə: ABŞ

Janr: Romantik komediya, dram

İtaliya adətən sevginin, incəsənətin və gözəlliyin simvolu kimi yaddaşlarda qalır, bəs nakam məhəbbət necə? Qəhrəmanımız Sofinin də yolu bu ecazkar ölkənin sirri açılmamış sevgi hekayələri ilə kəsişir. “Cülyettaya Məktublar” cəmiyyəti ilə tanış olan Sofi Kleyr adlı yaşlı bir qadının cavanlıq sevgisinə qovuşması üçün onunla birlikdə möcüzəli sərgüzəştə atılmağa qərar verir. Bəs görəsən həyat həmişə hər kəs üçün gözlənilməz sürprizlərlə doludurmu?

Ekran işi Lise Friedman və Ceil Friedman tərəfindən 2006-cı ildə qələmə alınmış “Letters to Juliet” adlı kitabın motivləri əsasında ərsəyə gəlmişdir.

10. Roman Holiday

Buraxılış ili: 20 avqust, 1953

Ölkə: ABŞ

Janr: Romantik komediya

Siyahının sonuncu filmi yəqin ki, bir çoxunuzun dəfələrlə izlədiyi, yay sərgüzəştləri dedikdə ilk ağla gələn klassik filmlərdən biri, tanınmış ingilis aktrisası Odri Hepbernə ən yaxşı aktrisa nominasiyasında "Oskar", “BAFTA”, "Qızıl qlobus" kimi mükafatları qazandıran, dilimizə də “Roma Tətilləri” kimi tərcümə olunmuş “Roman Holiday” filmidir.

Təhlükəsizliyinin təmin edilməsi naminə “qızıl qəfəs”də saxlanılan şahzadə Anna günlərin bir günü mühafizəçiləri aldararaq səfirliyin binasından qaçır və gəzə-gəzə Roma şəhərinin mərkəzinə gəlib çıxır. Azad və qeyri-rəsmi həyat arzusunda olan Annanın yolu burada Amerikalı müxbir Co Bredli ilə kəsişir.

Qeyd edək ki, filmin iki rimeyki mövcuddur. Birinci film 1981-ci ildə Adriano Çelentano və Ornella Mutinin iştirakı ilə İtaliyada çəkilən “Dəlicəsinə aşiqlər” olmuşdur. "Krallar hər şeyi bacarırlar" adlanan ikinci film isə 2008-ci ildə Rusiyada çəkilmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et