«Problemlər kredit müqaviləsinin bu bəndini oxumayanda başlayır» – BANKİRLƏ MÜSAHİBƏ | Banco.az

«Problemlər kredit müqaviləsinin bu bəndini oxumayanda başlayır» – BANKİRLƏ MÜSAHİBƏ

Azərbaycanda bankdan kredit götürən şəxs onu düzgün sərf etməsə və krediti intizamsız qaytarsa, bankın ixtiyarı var ki, bu krediti ondan vaxtından əvvəl tələb etsin. Ölkə vətəndaşlarının bankla bağlı problemlərinin əsasında müqaviləni yaxşı oxumamaq dayanır.
 
Bu mövzular Azərbaycan Beynəlxalq Bankı və «ASAN Radio»nun yeni layihəsi olan «Bank saatı» radio verilişində (hər cümə saat 19.05-də efirdə) müzakirə edilib. Banklar və onlarla bağlı hüquqi məsələlər, vətəndaşların rastlaşdığı hüquqi problemlərlə bağlı Azərbaycan Beynəlxalq Bankının (ABB) Hüquq Departamntinin direktoru Fərqan Novruzovun «Bank saatı»na müsahibəsini təqdim edirik:
 
Müsahibənin video variantını 
buradan izləyə bilərsiniz.
 
- Fərqan müəllim, siz bankınızın hüquq departameninin rəhbərisiniz, deməli bütün hüquqi proqbelmlər sizin əlinizdən gəlib keçir. Əsas harda yaranır hüquqi problemlər? Yəni banklarla müştəriləri arasında hansı hallarda hüquqi problemlər yaranır?
- Müştərilərlə bank arasında problemlər o səbəbdən yaranır ki, müştərilər bankın hər hansı bir məhsulundan istifadə edərkən – məsələn kredit tələb edəndə, depozit alanda, hesab açanda, bank kartı alanda, ondan istifadə edəndə onlar məhsula dair sənədləşməni, müqaviləni oxumurlar, yaxından tanış olmurlar.  Dolayısı ilə həmin şərtləri yaxşı mənimsəmirlər. Belə olduqda müəyyən müddət keçəndən sonra gözlənilməz hal yarandıqda onlar üçün gözlənilməz vəziyyət yaranır. Halbuki vaxtında tanış olsaydılar heç bu hal da yaranmazdı və müştəri öz tədbirini əvvəlcədən görərdi.
 
- Sığorta sektorunda maraqlı bir təcrübə var. Neçə il əvvəl problemlər yarananda sığorta şirkəti bildirirdi ki, bax müqavilədə bu yazılmışdı, amma siz fikir verməmisiniz. Bu problemlər tez-tez yarananda belə qərara gəldilər ki, “yaddaş qeydi” deyilən kiçik bir sənəd düzəltsinlər. Yəni bir var ki, 5-6 səhifəlik bir müqavilə, bir də var ki, əsas məqamların xüsusi  yazıldığı kiçik yaddaş qeydi. Banklarda belə bir praktika varmı?
- Bəli, banklarda da belə praktika var. Xüsusən də bizim bankı filial şəbəkəsində təcrübəli əməliyyatçılar var, müştərilən bizim əməkdaşlara yaxınlaşanda onlar ətraflı izah edirlər. Biz öz əməliyyatçılarımıza təlimlər keçirik, öyrədirik ki siz müştərilərə hətta onları maraqlandırmayan məqamları belə xırdalıqları ilə izah edin. Müştərinin xüsusi diqqət yetirməsi lazım olan aydınlaşdırıcı sənədlərimiz də var, onları müştəriyə göstərin. Xüsusi diqqət yetirilməsi vacib olan məqamları müştəriyə aydın formada anladın. Müştəri kredit götürəndə onun üçün maraqlı olan hissə nə qədər kredit ala biləcəyi, nə vaxt qaytaracağı və faizinin nə qədər olmasıdır. Amma kredit alma zamanı digər vacib məqamlar da varki, bizim əməliyyatçılar müştərilərə başa salırlar.
 
- Belə başa düşürəm ki, müştəri ilə bank arasında ən çox kredit borclarına görə problem yaşanır?
- Bəli, ən çox o səbəbdən. Xüsusən son dövlərdə əhalinin ödəmə qabiliyyəti aşağı düşdüyü bir zamanda kredit məsələləri kifayət qədər çox problem yaradır.
 
- Özüm də aktiv kredit alan şəxs kimi kredit müqaviləsinin çox böyük sənəd olduğunu bilirəm. Etiraf edim ki, indiyədək heç bir kredit müqaviləsini əvvəldən axıra kimi oxumamışam. Amma tutaq ki, mən sizin banka kredit götürməyə gəldim, hansı məqamlara diqqət yetirməyimi məsləhət görərdiniz? Faizdir, müddətdir  - bunları əvvəlcədən dəqiqləşidiririk, digər hansı məqamlara hökmən diqqət eləməliyik?
- İlk öncə qeyd edim ki, yaxşı olar ki kredit müqaviləsini əvvəldən axıra kimi oxuyasınız. Orda hansısa məqam əhamiyyətsiz görünə bilər və siz ona fikir verməyə bilərsiniz. Ona görə tövsiyyəmiz odur ki, müştərilər kredit müqaviləsi ilə yaxından tanış olsun. Faiz necə hesablanır? Hansı hallarda krediti ödəyəcəm? Ödəməsəm nələr baş verə bilər? Bunların hamısı vacibdir. Amma ən vacibi mən krediti ödəməsəm mənə nə qədər cərimə hesablanacaq, neçə müddət ödəməsm mənə qarşı hər hans tədbir görüləcək, gecikmə şərtləri nədir, mənim kreditim nə vaxt gecikməyə düşür kimi suallardır. Kredit müqavilələrində diqqət yetirilməsi vacib olan əsas məqamlardan biri də vaxtından əvvəl tələb etmədir. Krediti götürən şəxt təyinatı üzrə istifadə etmədikdə, vaxtında krediti ödəmədikdə biz müqavilədə göstərilən bəndlərə əsasən krediti vaxtından əvvəl tələb edə bilərik ki, sizin maliyyə vəziyyətiniz pisləşdiyinə görə krediti geri ödməlisiniz.
 
- Təyinatı üzrə istifadə olunmayan kredit dedikdə dərhal ağlıma biznes kreditləri gəldi. Çünki onlar böyük məbləğlərdə böyük layihələr üçün kredit alırlar. Onlar bildiyimə görə bizns planını da tədim etməli olur kredit alanda, onları izləmək olur?
- Sahibkarlar kredit aldıqda onlar biznes plan təqdim edirlər və bankın kredit verməkdə məsul olan bölməsi, çox banklarda bu kredit bölməsidir, bu bölmə biznes planı dəyərləndirir və həmin biznes plana uyğun olaraq fikir yürdür ki bu müştəriyə kredit vermək olarmı, olarsa hansı məbləğdə vermək mümkündür.
 
- Yəni müştərinin təqdim etdiyi girov qalır kənarda, biznes plan əsas götürülür?
- Bəli, təyinatı necədir, təyinatı üzrə istifadə olunacaqmı, bunlar araşdırılır. Gələcəkdə məlum olsa ki, müştəri tərəfdən bankı səhv yönəltmə var, bir təyinat üzrə alıb krediti başqa bir istiqamətdə xərcləyir, bu halda bankın hüququ var ki, krediti vaxtından əvvəl tələb etsin və banka vurulmuş zərəri müştəridən tələb etsin.
 
- Dərhal belə bir sual yarandı məndə, biznes kreditlərini başa düşdük, bəs əhalinin götürdüyü istehlak kreditləri necə, onları da vaxtından əvvəl tələb etmək mümkündür?
- İstehlak kreditini bu səbəbdən  vaxtından əvvəl tələb etmək olmur. Biz bilsək ki, krediti götürən şəxsin maliyyə vəziyyəti getdikcə pisləşir, krediti qaytarmaq üçün maliyyə imkanları məhdudlaşır, bu hallarda krediti vaxtından əvvəl tələb edə bilərik. Bunun üçün kifayət qədər əsaslı məlumatlar olmalıdır. Həmçinin bu səbəb krediti vaxtından əvvəl tələb etmək üçün yalnız bir əsasdır. Səbəblərdən biri də mütəmadi ödəməməkdir. Yəni müştəri iki illik kredit alıb və bir ildir mütəmadi olaraq ödəmir. Banklar adətən 1 il gözləmir, daha tez tədbir görür. Bütün bunlar kredit müqaviləsində qeyd edilib.
 
- Bir şəxs başqa bir şəxsin əvəzinə bank əməliyyatı apara bilərmi?
-Mümkündür. Şəxs etibarnamə ilə öz əməliyyatlarının icrasını başqa birinə həvalə edə bilər.
 
- Etibarnamə ilə hansı əməliyyatlar aparmaq olar?
- Bu kifayət qədər detallı araşdırma tələb edən sualdır. Çünki etibarnamə üzrə əməliyyatların aparılması da fərqlənir. Bizim əhali baş etibarnamə («generalnıy dovernus») alır və fikirləşir ki artıq bu etibarnamə ilə hər şey edə bilər.
 
- Avtomobildə olduğu kimi?
- Bəli, oxşar vəziyyətlərdir. Sadəcə orda etibarnamə verilir etibar edən şəxsin əmlakına uyğun olaraq səlahiyyətlərinin yerinə yetirilməsinə. Məsəl üçün, həmin etibarnamə ilə gəlib bankdan kredit götürə bilməzsən. Çünki etibar edənin əmlakı yoxdur. Ona müvafiq heç bir hərəkət edilmir bankda. Bankdan hələ kredit götürülür, vəsait bankın əmlakıdır, borc olaraq hər hansı şəxsə verilir. Bunun adı ilə bunun əmlakı olamayan yerdə baş etibarnamə ilə kredit götürüm, bu mümkün olmayacaq.
 
- Tutaq ki, mən, məsələn, Məmməd müəllimə baş etibarnamə verirəm ki, o getsin bankdan mənim adıma kredit götürsün.
-Siz verə bilərsiniz, amma bank qəbul etməyəcək.
 
- Bəs mənim Məmmədə verdiyim etibarnamə ilə o hansı əməliyyatı apara bilər?
- Etibarnamə üzrə əməliyyatların aparılması etibarnamadə göstərilən səlahiyyətlərdən asılıdır.
 
- Deməli, etibarnamədə mən nə istəsəm onu yaza bilərəm bilərəm?
- Bəli, tamamilə doğrudur.
 
- Yəni elə bir imkan yoxdur ki orda yazılsın ki, etibarnaməni alan şəxs verən şəxsin bütün əməliyyatlarnı apara bilsin.
- Xeyr, bu mümkün deyil. Bəzən notariusa gedəndə deyirlər ki, mənə baş etibarnamə ver, notariusda muvafiq forma var, həmin forma üzrə bir şəxsdən digər şəxsə etibarnamə verir. Mən dediyim həmin etibarnamənin standart mətni var, həmin mətn üzrə o krediti götürə bilməyəcək. Məsəl üçün eyni mətnli etibarnamə üzrə artıq onun əmlakına dair sərəncam verilir və hər hansı cari hesab üzrə  - siz dediyiniz kimi Məmmədə etibarnamə vermisiniz, sizin bankda hesabınız var, həmin pul vəsaitinin idarə edilməsinə dait səlahiyyətləri Məmməd həyata keçirə biləcək.
 
- Bəs nəyi edə bilməyəcək?
- Etibarnamədə nə yazılmayıbsa onları edə bilməyəcək.
 
- Bununla bağlı problemlər olurmu?
- Bir çox hallarda problemlər yaranır, misal üçün baş etibarnamə məsələlərində, və yaxıd hər hansı digər etibarnamə verilir, bankın müxtəlif fəaliyyət istiqamətləri var bildiyiniz kimi,  etibarnamədə bir istiqamət üzrə etibarnamə verilib, digər istiqamət üzrə verilməyib. Müştəri elə hesab edir ki, əgər bu bankda bir əməliyyatın icra edilməsinə dair etibarnamə varsa, bunun üçün səlahiyyətləndirilmişəmsə deməli bütün istiqamətlər üzrə əməliyyat yerinə yetirməyə səlahiyyətim çatır. Amma bu mümkün deyil. Etibarnaməni verən şəx alan şəxsə etibar etdiyi hər bir səlahiyyət etibarnamədə dəqiqliklə göstərilməlidir. Ən çox problemlr bilirsiniz hansı hallarda yaranır? Bank kartlarının alınması prosesi zamanı. Şəxs banka gedə bilmir, etibarnamə verir ki digər şəxs onun yerinə banka gedib bank kartl alsın. Bank kartı bankın məhsuludur, bankın əmlakı sayılır. Etibarnamədə “mənə çatası, sırf mənim əmlakımı gedib bankdan götürsün” deyilirsə bu zaman o etibarnamə sırf hərfi mənada bank tərəfindən qəbul edilməyəcək. Orada yazılmalıdır ki, “mənim pensiya kartım və yaxud da hər hansı bir kartımı bu şəxs götürsün və gətirsin”.
 
- Deməli etibarnamədə düz yazılarsa bütün əməliyyatları aparmaq olar. Bir şərtlə ki, istiqamət düzgün qeyd olunsun.
- Bəli, etibarnamənin müddəti mütləq şərtlərdən biridir. Vaxtı keçmiş etibarnamə ilə təbii ki, əməliyyat aparmaq olmaz. Etibar edən etibar edilən şəxsə hansı müddətədək etibarnamə vermək istəyirsə o müddət qeyd olunmalıdır. Əgər qeyd olunmursa bizim qanunvericiliyə əsasən həmin etibarnamə 1 ilədək qüvvədə qalır.
 
- Tutaq ki, kimsə etibarnamə vermək istəyir, amma mətninin necə yazıldığını bilmir. O banka müraciət edib bu barədə izahat ala bilər?
- Təbii ki. O banka müraciət edəndə bank əməliyyatlar üzrə öz məsləhətlərini verir və həmin şəxs banka düzgün tərtib olunmuş etibarnamə ilə yaxınlaşır.
 
 - Deməli etibarnaməni almaq və vermək çətin deyil? Əvvəl bankdan məsləhət alırsan, sonra notariusda müvafiq etibarnamə formasını təsdiq etdirirsən.
- Bəli, banklar fiziki şəxslər adına etibarnamənin notarial qaydada təsdiqini tələb edirlər ki, həmin fiziki şəxs tərəfindən imzalandığı təsdiqlənsin. Yəni bank əmin olsun ki, bu etibarnaməni həqiqətən onun müştərisi verib, o müştərinin imzasının təsdiq olunmasını tələb edir notariusda. Yəni fiziki şəxs fiziki şəxsə etibarnaməni notarial qaydada verməlidir. Hüquqi şəxslərin notariusda etibarnamə verməsinə tələb yalnız notarial hərəkətləri özündə ehtiva edən əməliyyatlar zamanı olur. Məsəl üçün, hər hansı ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmalıdır. Notarial təsdiq olunmalıdr deyə ipoteka müqaviləsini imzalamaq səlahiyyəti verilmiş şəxsin etibarnaməsi də notarial formada təsdiq olunmalıdır. Bu hər əməliyyat zamanı tələb olunan prosedur deyil. Notarial təsdiqi tələb etməyən digər əmliyyatlar zamanı hüquqi şəxs bu təsdiq olmadan da etibarnamə verə bilər.
 
- Banklarla müştərilər arasındakı hüquqi məsələlər nəticədə məhkəməyə səbəb olur. Mənim müşahidələrimə görə məhkəmələrin olmasına səbəb də ən çox kreditin qaytarılmamasıdır. Başqa səbəblər də var?
- Banklarla müştərilərin arasındakı məhkəmə işlərinin demək olar ki, 90 faizi sırf kredit məsələləridir. Müştəri krediti ödəmir, bank da müştəriyə qarşı məcbur qalıb məhkəmə işi açır.
 
- Məştəri özü görür ki, vəziyyəti pisdir, iqtisadi vəziyyəti sürətlə pisləşir, özü banka müraciət edir ki, mən krediti qaytara bilmirəm. Belə hallarda nə tədbir görülür?
- Müştərinin özünün banka yaxınlaşıb krediti ödəyə bilmədiyini deməsi çox yaxşı haldır. Banklar bu addımı dəstəkləyir və qiyjmətlənidirir. Müştəri ödəmə qabiliyyətini itirdikdə, götürdüyü kreditin öhdəliyini icra edə bilmədikdə banka yaxınlaşır və bank tərəfindən kreditin restrukturizasiyası baş verir. Yəni kredit şərtləri dəyişdirilir. Daha yumşaq şərtlər tətbiq edilir. Amma bank bunu hökmən etməli deyil, yəni bu cür öhdəliyi yoxdur ki, kreditin vaxtını uzatsın, faizini aşağı salsın. Sadəcə olaraq bu proses bankla müştəri arasında gedən bu şeydir.
 
- Tutaq ki, mən bankdan kredit götürmüşəm, geri ödəyə bilmirəm və məni məhkəməyə veriblər. Mənim üçün bu zaman ideal davranış nədir, mən nə etməliyəm? Aydın məsələdir ki, ideal davranış kretidi qaytarmaqdır, amma qaytarmıramsa nə baş verəcək?
- Əgər krediti ödəmirsinizsə və bank sizi məhkəməyə verirsə bu məhkəmə prosesindən şübhəsiz ki, bank qalib çıxacaq. Çünki ortada sənəd var, kredit müqaviləsi var, siz krediti götürmüsünüz, öhdəliyinizi icra edəcəyinizə dair söz vermisiniz. Mən müştərilərə məsləhət görərədim ki, işi məhkəmə həddinə qədər çatdırmasınlar. Bank məhkəməyə verməzdən öncə müştəriyə xəbərdarlıq edir, o xəbərdarlıq məktuunda ətraflı izah olunur ki, sizin filan məbləğdə borcunuz var, filan müddətdir ödəniş etmirsiniz, banka yaxınlaşın və öhdəliyinizi icra edin. Əks halda siz bu məktubdan sonra da öhdəliyinizi icra etməsəniz bank öz hüquqlarını məhkəmədə axtaracaq. Məhkəməyə getdikdən sonra müştərilər çalışırlar məhkəmə prosesini dolayı yollarla uzatsınlar. Bu onların əleyhinə işləyən prosesdir. Çünki məhkəmənin qərarı çıxana qədər bank ərizə ilə müraciət edə və məhkəmə prosesinin uzandığı müddət ərzində  hesablanmış əlavə faizləri borca əlavə edə bilər.
 
- Siz çox maraqlı bir məsələyə toxundunuz. Bəziləri hesab edir ki, əgər bank məni məhkəməyə verdisə, məhkəmədə işə baxılmağa başlandısa kreditin faizinin hesablanması dayanır. Deməli dayanmır?
- Dayanmır. Hətta birinci instansiya məhkəməsinin qərarı qəbul edilənədək bank tərəfindən əlavə ərizə təqdim edilərək hesablanmış faizlər borcun üzərinə əlavə edilir.
 
- Deməli məhkəmə prosesində faizlər hesablanır. Yəni mübahisə getdiyi müddətdə əlavə faizlər borcun üzərinə gələrək borc məbləği artır.
- Bəli, ola bilər ki, o proses zamanı faizlər 300 manat civarında məbləğ yazıb, o məbləğ də əsas borcun üzərinə yazılır.

Ən sərfəli kredit üçün müraciət et

FED.az

Ən sərfəli krediti almaq üçün müraciət et