“Parklamadan əvvəl tıxac problemini həll etməliyik” – Ekspert | Banco.az

“Parklamadan əvvəl tıxac problemini həll etməliyik” – Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bakının mərkəzində parklama qiymətləri əhali tərəfindən birmənalı qarşılanmayıb.

Mövcud məsələ ilə bağlı Banco.az-a açıqlama verən iqtisadçı Rauf Qarayev bildirib ki, beynəlxalq təcrübəyə nəzər yetirsək, orada da tariflərin yüksək olduğunu görə bilərik. Ekspert hesab edir ki, şəhərin mərkəzi ümumiyyətlə avtomobillər üçün yox, ictimai nəqliyyat üçün daha çox açıq olmalıdır ki, insanlar rahat şəkildə şəhərdə hərəkət edə bilsinlər:

“İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda görürük ki, orada ictimai nəqliyyat məsələsi tamamilə həll olunub. Düzdü, müəyyən qədər problemlər ola bilər, amma həmin ölkələrdə ictimai nəqliyyat faktiki olaraq dəqiq fəaliyyət göstərir.

Biz əvvəlcə parklanmadan əvvəl tıxac problemini həll etməliyik. Yəni qiymətin artırılması burada əsas götürülə bilməz. Yaxşı olardı ki,  ictimai nəqliyyatın sayı artırılsın. Buna alternativ kimi  tramvay xətti çəkilə bilər.

Düşünürəm ki, bu məsələni mərhələli şəkildə həll etmək olar. Yalnız bu addımlar atıldıqdan sonra  tariflər haqqında danışa bilərik.Doğrudur, şəhərun mərkəzində müəyyən boşluqların olması, insanların rahat şəkildə vaxtında işə çatdırılması, hərəkət etməsi üçün qəbul edilmiş qərarı məntiqli hesab etmək olar. İndiki halda kəskin surətdə qiymətin artırılmasını problemdən çıxış yolu hesab etmirəm”.

Ekspert düşünür ki, işə yanaşma mərhələli şəkildə aparılanda artıq vətəndaşda hər hansı bir qıcıq yaratmır:

“Ümumiyyətlə belə qərarlar veriləndə burada həm vətəndaşın, həm idarəetmə institutlarının, həm ekspertlərin fikri nəzərə alınmalıdır. Daha sonra pilot layihə kimi həyata keçirildikdən sonra layihənin effektiv olub-olmayacağı fikri tam formalaşacaqdır. Belə hallar çox olub. Vaxtilə kartofun ölkədən çıxmasının qarşısını almaq üçün hər kiloqram kartofa bir dollar məbləğ qoyulmuşdu. Sonra da məcbur oldular həmin qərarı ləğv etdilər.

Ən sərfəli kredit üçün müraciət et

Əgər ictimai nəqliyyatda sıxlıq aradan qalxarsa, parklama ilə bağlı qərarı da alqışlamaq olardı. Təəssüf olsun ki, bizdə hüququ aktları  təsdiq edib, sonra oradakı neqativ halları aradan qaldırmaq barədə düşünürlər”.

Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib. Parklanma qiymətləri belədir: 15-30 dəqiqə - bir manat, 30-60 dəqiqə - iki manat, 1-2 saat - dörd manat, 2-3 saat - altı manat, 3-5 saat – 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat – 22 manat, 15-20 saat – 26 manat, 20-24 saat – 30 manat. Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Gündəlik tariflər aprelin 1-dən bu cür olacaq: 0-2 saat - 1 manat; 2-4 saat - 2 manat; 4-6 saat - 3 manat; 6-10 saat - 4 manat; 10-12 saat - 5 manat; 12-24 saat - 8 manat.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et