Musiqinin satışlar və alıcılar üzərindəki təsirindən xəbəriniz varmı? | Banco.az

Musiqinin satışlar və alıcılar üzərindəki təsirindən xəbəriniz varmı?

Tamara Mustafayeva, Banco.az

Aparılan araşdırmalar göstərir ki, mağazalarda səslənən musiqi müştərilərin alış-veriş qərarlarına təsir göstərir. Musiqinin ritmi, janrı və səs səviyyəsi isə “Mehrabian-Russell” nəzəriyyəsinə görə, insanların musiqidən zövq almasına müxtəlif cür təsir göstərir. Səslənən musiqi insanların psixologiyasına təsir göstərərək onları daha çox ya da daha az alış-veriş etməyə sövq edir.

Alıcı davranışı mövzusunda araşdırmalar aparan psixoloqlar insanların nə üçün və necə alış-veriş etdiklərini uzun illərdir tədqiq edirlər. Reklam, motivasiya, ekoloji faktorlar və musiqi kimi bir çox mövzuda araşdırma aparan psixoloqlar 1980–ci illərdən etibarən alış-veriş və musiqi arasındakı əlaqəyə daha çox diqqət çəkirlər.

“Journal of Marketing” jurnalında 1990–cı ildə nəşr olunan məqaləsində psixoloq Brunner aşağıdakı üç nüansa diqqət çəkir:

  • İnsanlar musiqiyə emosional reaksiya göstərirlər.
  • Musiqinin dinlənilmə vaxtı, ritmi, janrı insanlarda fərqli duyğular yaradır.
  • İnsanların eşitdikləri musiqinin onlara tanış olması daha öncə yaşadıqları hadisələri xatırlamalarına təsir göstərir.

Gəlin, indi isə ətraflı olaraq musiqinin ritmi, gurluğu və janrının müştərilərə təsirinə nəzər salaq.

Ritm

1982–ci ildə psixoloq Milliman və yoldaşları Nyu Yorkdakı bir marketdə musiqinin ritminin müştərilərin satın alma qərarına necə təsir göstərməsi ilə araşdırma apardılar. Bu çalışma olduqca bəsit görünsə də, əldə edilən nəticələr olduqca maraqlı idi.

  • Musiqinin ritmi yavaş olduqda müştərilər marketdə daha uzun müddət qalırlar.
  • Marketdə həzin ritmli musiqi çalındıqda satışlar ritmik musiqiyə nəzərən 32% artır.

1999–cu ildə oxşar bir tərcübə də Caldwell və Hilbert tərəfindən bir restoranda həyata keçirildi. Həzin musiqi insanların içki və yeməyə daha çox pul xərcləmələrinə, ritmik musiqi isə insanların daha tez yemək yemələrinə şərait yaradır.

Əlbəttəki bunun bütün restoranlara eyni təsir göstərməsini gözləyə bilmərik. 5 ulduzlu bir restoran ilə fast-fud restoranında musiqinin həzin və ya ritmik olması arasında fərq vardır. Belə ki, fast-fud restoranında insanların yeməklərini yeyib restoranı tərk etmələri gözlənildiyi halda, 5 ulduzlu restoranda müştərilərin uzun müddət orada qalmaları istənilir.

Ən sərfəli kredit üçün müraciət et

Səsin səviyyəsi

1966–cı ildə Smith və Curnow tərəfindən aparılan araşdırmada bir mağazada musiqinin səsinin gurluğu ilə müştərilən mağazada qalma müddəti arasında birbaşa əlaqə olduğu aşkar edildi. Araşdırmaya görə yüksək səsli musiqi çalınan mağazalarda müştərilər daha az vaxt keçirirlər. Lakin, müştərilərin satın alma səviyyəsində ciddi bir fərq müşahidə olunmur. Bununla yanaşı, yüksək səsli musiqi insanları mağazada nə qədər vaxt keçirdikləri ilə bağlı yanılda bilir və xüsusilə qadınlar yüksək səsli musiqi çalınan mağazalarda nə qədər vaxt keçirdiklərini bilmirlər.

Yalch və Spangenberg tərəfindən 1988–ci ildə aparılan başqa bir araşdırmaya görə isə gənclər yüksək səsli musiqi çalınan mağazalarda yaşlılara nisbətən daha çox alış-veriş edirlər.

Janr

Bəzi musiqi janrlarının insan psixologiyasına daha çox təsir göstərdiyini deyə bilərik. Bir şərab dükanında populyar mahnılardan ibarət “Top 40” siyahısı və klassik musiqi arasındakı fərqlər araşdırıldı. Müştərilər klassik musiqi səslənən zaman daha çox pul xərcləyirlər. Ən maraqlı məqam isə odur ki, müştərilər klassik musiqi eşitdikdə daha çox şərab almırlar, daha bahalı şərablara üstünlük verirlər.

Başqa bir araşdırmada isə Yeni il ərəfəsində mağazada “Yeni il” mövzulu mahnılar çalındıqda insanların əsasən tətil ləvazimatları aldığı ortaya çıxır. Bu da çalınan musiqinin janrı ilə müştərilərin aldıqları məhsullar arasında bir əlaqə olduğunu göstərir. Yəni, Yeni il ərəfəsində hər yerdə “Jingle Bells” mahısının səslənməsinin insanları psixoloji olaraq Yeni ilə hazırladığını, bayram münasibətilə alış-verişə təşviq etdiyini deyə bilərik.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et