Manatın məzənnəsinə yaranmış təzyiq Mərkəzi Bankı dayandıra bilər | Banco.az

Manatın məzənnəsinə yaranmış təzyiq Mərkəzi Bankı dayandıra bilər

Martın 19-da Azərbaycan Mərkəzi Bankının 2020-ci ildə pul siyasətinə həsr olunan ikinci iclası keçiriləcək. Marja xəbər verir ki, ilasda faiz dəhlizinin parametrlərinə dair qərarlar qəbul ediləcək. 
Mərkəzi Bank, inflyasiyanın hədəflədiyi aralıqda qaldıqca faiz endirimlərinə davam edə biləcəyini açıqlamışdı.

"Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar makroiqtisadi fundamentalların dinamikasından və inflyasiya risklərinin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcəkdir",-  Mərkəzi Bank sonuncu iclasından sonra yaydığı bəyanatda bildirmişdi.

Mərkəzi Bank 4±2% aralığında illik inflyasiya hədəfləyir. Hazırda illik inflyasiya aralığın yuxarı sərhəddindən aşağı olsa da sürətlənməkdədir. Ötən ilin sonunda 2,6% təşkil etmiş illik inflyasiya Fevralda 2,8%-ə yüksəlib.

Koronavirusun yaratdığı çətinlikləri azaltmaq üçün dünyanın əksər ölkələrinin mərkəzi bankları faiz endirirlər. 

Dünyada böhranlar baş verən zaman neft istehsalçısı olduğundan Azərbaycanda faiz məsələsində fərqli vəziyyət yaranır. Böhranlar zamanı dünyanın inkişaf etmiş və inkişaf etmiş ölkələri faizləri aşağı salaraq və bazara əlavə ucuz vəsait verərək iqtisadiyyatı canlandırmağa çalışırlar. Azərbaycan Mərkəzi Bankı isə faizi yüksəldərək xarici valyuta alışına əngəllər yaradır, Manatın faizini daha cəlbedici edir.

Yanvar-Fevral aylarında Mərkəzi Bankın depozit hərraclarında tələb 600 milyon manatdan yüksək olsa da, neftin qiyməti Martın 9-dan kəskin düşməyə başladıqdan və Dollara tələb artdıqdan sonra tələb 3 dəfə azalıb. Sonuncu depozit hərracında tələb 158 milyon manata geriləyib. Bankların depozit hərracına maraqlarının artırlması faizlərin qaldırılmasını tələb edir. Mərkəzi Bank faizləri cəlbedici etməklə daha çox Manat kütləsini dövriyyədən çıxara bilər və Manat kütləsinin azalması Dollar alışını da məhdudlaşdırar.

Depozit hərracının faiz aralığı faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında müəyyən edilir. Faiz dəhlizinin aşağı həddi və uçot dərəcəsi dəyişdikdə depozit hərracının da faiz aralığı dəyişir. Belə ki, hazırda faiz dəhlizinin aşağı həddi 5,5%, uçot dərəcəsi 7,25% olduğundan depozit hərracının aralığı  5,51% - 7,24% müəyyən edilir. Əgər uçot dərəcəsi və faiz dəhlizinin aşağı həddir artırılsa depozit hərracının faiz aralığı da yüksələcəkdir.

Ya Mərkəzi Bank artan inflyasiyaya və Manatın məzənnəsinə yuxarı istiqamətli təzyiqi nəzərə alaraq “gözlə gör” mövqeyi tutumalı, ya da bazarlara inam mesajı ötürmək üçün uçot dərəcəsini 0,25 bənd də azatmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin Mərkəzi Bank bəyan edib ki, Manatın məzənnəsinin sabit qalması inflyasiyanın lövbəridir. Əgər Manat ucuzlaşırsa, əsasən idxal mallarının bahalaşması ilə inflyasiya  yüksəlir. İnflyasiyanın yüksəlməsinin qarşısını almaq yenidən uçot dərəcəsinin artırılmasını tələb edir. Buna görə, bu gün Mərkəzi Bank üçün bir nömrəli məsələ Manatın məzənnəsidir. Manatın məzənnəsinə yaranmış təzyiqi azaldacaq addımlara ehtiyac var.

Kreditlərin verilməsinin aktivləşməsi indiki zamanda arzuolunan deyil. Çünki alınan kreditlər dollar alışına yönəldilə və Manat üçün əlavə təzyiq yarana bilər. Bu səbəbdən bir sıra banklar kreditlərin ayrılmasını passivləşdiriblər.

Əgər kreditlərin artırılması arzuolunan deyilsə, uçot dərəcəsini aşağı salaraq banklardakı kredit faizlərinin də aşağı düşməsinə təsir göstərmək də prioritet deyil.

Xəbər verdiyimiz kimi, 2019-cu ildə Mərkəzi Bankının İdarə Heyətinin 8 dəfə iclası keçirilmiş və bütün iclaslarında faizlərin endirilməsinə qərar verilmişdi. 31 Yanvarda keçirilmiş 2020-ci ilin ilk iclasında da Mərkəzi Bank faiz endirmişdi. 

2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə, İyul ayında 8,25%-ə, Sentyabr ayında isə 8%-ə, Oktyabr ayında 7,75%-ə, Dekabr ayında 7,50%-ə, 2020-ci ilin Yanvar ayında isə 7.25%-ə salınmışdır.

UÇOT FAİZ DƏRƏCƏSİ NƏDİR?

Nəzəriyyəyə görə, uçot faiz dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

​Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et