“Kriptovalyutaya investisiya etmisinizsə, səbrli olub gözləməyi bacarmalısınız” – Elnur Quliyev | Banco.az

“Kriptovalyutaya investisiya etmisinizsə, səbrli olub gözləməyi bacarmalısınız” – Elnur Quliyev

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bitcoin ilin əvvəlindən bu yana 21 faiz bahalaşıb. Kriptovalyutanın bazar dəyəri 2021-ci ilin dekabrından bəri ilk dəfə 1 trilyon dolları ötüb.

Son zamanlarda “Bitcoin”də bahalaşmada müşahidə edilən davamlılıq populyar kriptovalyutaların alıcılarının çoxalacağı ehtimallarını artırır.

Bu barədə Banco.az-a Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev müsahibə verib.

Elnur bəy, kriptovalyuta bazarında son üç gün ərzində yüksək volatillik müşahidə olunmaqdadır. Bitkoinin qiyməti 52.660 dollara qədər dəyər qazandı. Bunun səbəbi nədir?

 Son günlərdə bitkoinin qiymətinin artmasına təsir edən əsas faktorlar birja ETF Fondları və korporativ şirkətlər tərəfindən bitkoinə olan kəskin tələbətın yaranması, aprel ayında nəzərdə tutulan  “bitcoin halving” hadisəsi və ABŞ Federal Ehtiyatlar Sisteminın uçot faiz dərəcəsinin vaxtından əvvəl yendirəcəyi ilə bağlı gözləntilərin artması xəbəri oldu. Hazırda qiymətlərə təsir edən əsas “oyunçu” ABŞ Federal Ehtiyatlar Sistemidir (FRS). FRS-in faiz qərarı kriptovalyuta bazarında qiymətlərə təsir edən vacib fundamental faktorlardan biridir. Çünki uçot faiz dərəcəsinin dəyişməsi birbaşa dolların likvidlik həcminə təsir edir və nəticədə bitkoin və digər riskli aktivlərin qiymətinin dəyişməsinə səbəb olur.

Ehtimal edirəm ki, bu növbəti “bitkoin rallisi”-dən qabaq “kripto balinalar” bazardakı qiymətləri aşağı endirib kripto aktivləri daha ucuz qiymətə toplamaq istəyəcək. Bununla belə bitkoinin qiymətinin yaxın gələcəkdə 32.000 dollardan aşağı düşməsinə inanmıram, çünki bu qiymətdə çox güclü dəstək var. Böyük ehtimal ki, yaxın gələcəkdə qiymətlərin yenidən artımını müşahidə edəcəyik. Bunun üçün FRS uçot faiz dərəcəsini endirməlidir.

Kriptovalyutaların qiymətlərində tez-tez ciddi dəyişikliklər baş verir. Rəqəmsal aktivlərin məzənnəsinin bu cür sürətli dəyişikliyi nə ilə əlaqədardır?

Bildiyiniz kimi, kriptovalyutanın qiymətinə təsir edən əsas göstərici bazarda tələb və təklif amilidir. Bazarda tələb varsa, qiymət də yüksək olacaq və ya əksinə. Tələb isə o zaman yaranır ki, investorlar arasında kriptovalyutaya maraq və inam artır. Hesab edirəm ki, qiymətlərdəki kəskin dəyişikliklərin baş verməsinin əsas səbəbi insanların kriptovalyutaların gələcəyi ilə bağlı gözləntilərini bilməmələridir. Məlumdur ki, kriptovalyuta bazarında qiymətlər hər hansı mərkəzi orqan tərəfindən tənzimlənmir. İctimai mətbuatda kriptovalyutalar barədə dərc edilən istənilən müsbət və ya neqativ xəbərlər birbaşa olaraq kriptovalyuta bazarındakı qiymətlərə təsir edir. Bir çox hallarda xəbərlər spekulyativ xarakter daşıyır və müəyyən qruplar da var ki, bundan məharətlə isitifadə edib, kriptovalyutaların məzənnəsinin dəyişməsində qazanırlar.

İlkin dövrlərdə kriptovalyutalara, əsasən də “Bitcoin”ə “maliyyə piramidası” kimi yanaşırdılar. İndi vəziyyət necədi? Piramidanı real kriptovalyutadan necə fərqləndirmək olar?

Qeyd edim ki, kriptovalyutalara münasibət onların yarandığı dövürdən indiyə qədər birmənalı olmayıb. Xüsusilə bitkoin məşhurlaşdığı andan başlayaraq indiyə kimi onu piramida, köpük, hava balonu adlandıranlar da kifayət qədərdi. Onların arasında məşhur iqtisadçıları, maliyyə qurumlarının rəhbərlərini və ümumiyyətlə iqtisadi və innovativ texnologiyalar sahəsində biliyi olmayan “ekspertləri” də görmək mümkündür. Təhlil üçün piramida və bitkoinin bəzi əsas xüsusiyyətlərini bir neçə faktor üzrə nəzərdən keçirərək müqayisə edək:

  • İdarəetmə faktoru: Piramida mərkəzi idarəetmə sistemi olan bir şirkət tərəfindən idarə olunur və şərtləri yalnız o diktə edir. Həmin şirkətin hər hansı bir səbəbdən yoxa çıxması və ya iflas etməsi investorların vəsaitlərinin itirilməsi ilə nəticələnəcək. Bitkoin isə blokçeyn texnologiyasına əsaslanıb və mərkəzi idarəetmə orqanı yoxdu.
  • Əmtəə faktoru: Piramidada adətən konkret əmtəə olmur, olsa da həmin əmtəənin sayı ilə bağlı heç bir limit və ya məhdudiyyət yoxdur. Həmçinin bu əmtənin piramida xaricində bazar dəyəri olmur. Bitcoin isə özü bir məhsuldur və mayninq prosesində əldə edilir. Bitkoin ilə əmtəə və ya xidmət müqabilində hesablaşmaq, həmçinin real valyutalara mübadilə etmək mümkündür.
  • Gəlirlilik faktoru: Piramidalarda mənfəət yalnız yeni investorların pulları ilə təmin edilir. Yəni ödəmə almaq üçün piramida qanunlarına əsasən mütləq şəkildə yeni investorlar cəlb edilməlidir. Bitkoin yaradılarkən ilkin olaraq investiya aləti kimi nəzərdə tutulmamışdı və gəlirliyi yalnız kriptovalyuta bazarında tələb və təklif əsasında formalaşır.
  • Şəbəkə marketinqi faktoru: Piramida şirkətlərinin mövcudluğunun əsas şərtlərindən biri də şəbəkə marketinqidir. Bu zaman yeni investorların cəlb edilməsi sayəsində daha əvvəlki iştirakçılara bonuslar paylanır və beləliklə mənfəətin əldə olunması kimi saxta təəssurat yaradılır. Bitkoinə gəldikdə isə burada şəbəkə marketinqi və ya investor cəlbinə görə bonus verilməsi deyə bir anlayış yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Necə düşünürsünüz, nə vaxtsa kriptovalyutalar kağız pulları əvəz edə bilərmi?

Kriptovalyutaların kağız pulları əvəz etməyi barədə danışmaq hələ ki, çox tezdir. Deyərdim ki, kriptovalyutalar hazırda ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə fiat pulları əvəz etmək kimi iddiası yoxdur. Bunun üçün dünyanın əksəriyyət ölkəsində vahid qanunvericilik aktlarının qəbul edilməsi vacib şərtdir. Dövlətlər isə bu baxımdan hələ ki, tələsmirlər və yeni texnologiyanın imkanlarını araşdırırlar. Hazırda yalnız Salvador bitkoini rəsmi ödəniş vasitəsi kimi tanıyıb.

Kriptovalyutaya investisiya etmək istəyənlərə məsləhətiniz nədir?

 Hesab edirəm ki, kriptovalyutalar investisiya aləti kimi uzunmüddətli mövqedə ən yüksək marjalı investiyalardan biri olacaq. Necə ki, son 2-3 ilin təcrübəsində biz bunun şahidi olduq. Təbii ki, sektor üzrə risklər yüksəkdir və real proqnoz vermək çox çətindir. Qlobal iqtisadiyyat rəqəmsallaşmaya doğru gedir və kriptovalyutalara da tələb artacaqdır. Rəqəmsal ödənişlərin real sektorda tətbiqi kriptovalyutaların istifadəsini daha da tezləşdirəcəkdir. Odur ki, investisiya etməzdən əvvəl risklərinizi minimumlaşdırmaq üçün özünüzdən daha təcrübəli ekspertlərlə məsləhətləşin. Kriptovalyutalar bir investisiya mədəniyyətidir. İnvestisiya etmisinizsə, səbrli olub gözləməyi bacarmalısınız. Əgər sizin iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə, o zaman çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin.

Bəs Azərbaycanda kriptovalyutalarla ödəniş vasitəsi kimi istifadə edilməsi mümkündürmü və bu ölkə iqtisadiyyatına necə təsir edə bilər?

Azərbaycanda yegənə ödəniş vasitəsi manatdır və hesab edirəm ki, yaxın 3 il ərzində birbaşa kriptovalyutalarla hər hansı əməliyyat aparmaq mümkün olmayacaq. Kriptovalyutaların istifadəsi üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Bunun üçün insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadəsi mümkündür. Lakin ölkəmizdə ödəniş vasitəsi kimi alternativ metodların olması təbii ki, müsbət faktor olardı. Çünki bu, bir ödəniş mədəniyyəti və yeni texnoloji yenilikdir. Hansı ki, iqtisadiyyatın şəffalaşdılıması üçün yeni mərhələdir. Nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib və ödəniş metodları texniki baxımdan iqtisadi subyektlər arasında interqrasiya edilməyəcəksə, ümumilikdə ölkəmizdə rəqəmsal valyutalar sektorunun inkişafı sual altında olacaq.

Hesab edirəm ki, rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi üzrə vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtı çatıb və buna həqiqətən ehtiyac var. Bu istiqamətdə inkişaf etmiş təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. Nəzərə almaq lazımdır ki, hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin – kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə bu sektorun inkişafına şərait yaradacaq, korporativ şirkətləri və adi vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək.

Suallarımıza ətraflı cavab verdiyiniz üçün təşəkkür edirəm.

Mən də təşəkkür edirəm, çox sağ olun.

Ən sərfəli krediti almaq üçün müraciət et