İş saatlarından artıq işlədikdə bədəninizdə və beyninizdə nə baş verir? | Banco.az

İş saatlarından artıq işlədikdə bədəninizdə və beyninizdə nə baş verir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Elon Maskdan 2018-ci ildə dünyanı dəyişmək üçün həftədə neçə saat işləmək lazım olduğunu soruşublar. Mask cavabında bunun insandan insana dəyişdiyini və həftədə 80 və ya 100 saat işləmək lazım olduğunu bildirib.

Yaxşı bir iş görmək üçün daimi işləmək lazım olduğuna inanan tək Mask deyil. Harvard Universitetinin araşdırmasına görə, baş direktorlar həftədə orta hesabla 62,5 saat işləyirlər. Müxtəlif vəzifələrdə çalışan işçilərin əhəmiyyətli bir hissəsi həftəlik iş vaxtından artıq işləyirlər.

Amma elmə görə, uzun saatlarla işləmək gördüyünüz işdə heç bir fərq yaratmır. Uzun iş saatları bədəninizə və beyninizə zərər verir. Uzun müddət işləmək bunlara səbəb ola bilər: 

1. İnsult və infarkt riski artır

Uzun saatlarla işləmək ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının 2021-ci ildə apardığı qlobal araşdırmaya görə, uzun iş saatları (həftədə 55 saatdan çox) təkcə 2016-cı ildə ürək-damar xəstəliklərindən 745 000 ölümə səbəb olub.

Mütəxəssislərin fikrincə, həftədə 55 saat və daha çox işləyənlərin insult riski həftədə 35-40 saat işləyənlərlə müqayisədə 35%, infarkt riski isə 17% çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərinə görə, uzun iş saatları stress səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Bu, beyin və ürək hüceyrələrinin birbaşa zədələnməsinə səbəb olur. Digər tərəfdən idman etməmək, nizamsız yemək və az yatmaq da bu cür xəstəliklərin riskini xeyli artırır.

2. İş zamanı yaralanma riskiniz artır

İş saatları ilə zədə riski arasındakı əlaqəni ortaya qoyan bir araşdırma göstərir ki, gündə 12 saatdan çox işləmək zədə riskini 37% artırır. Yuxusuzluq və diqqətsizlik bu riski artıran amillərdəndir.

3. Psixoloji sağlamlığınız pisləşir

İşə davam etmək üçün hər kəsin istirahətə ehtiyacı var. 2020-ci ildə  həftədə 31-60 saat işləyən 20-30 yaşlı işçilər arasında bir araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, bu işçilər uzun müddət işlədikcə onların stress səviyyələri də bir o qədər artıb. Həmin insanlarda depressiya və intihar düşüncələrinin yüksək olduğu da müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

4. Koqnitiv funksiyalar yavaşlaya bilər

İşinizi son tarixə qədər bitirməyə çalışaraq yuxusuz qaldığınız günlər, yəqin ki, olub. Bir çox elmi araşdırmalar göstərir ki, həftədə 50-60 saat işləyən insanların idrak funksiyalarında yavaşlama olur. Uzun saatlarla işləyən insanlar tez-tez yuxularını işə qurban verirlər. Bu, psixi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.

5. İş səmərəliliyiniz azalır

Çox çalışdığınız zaman işinizin daha yaxşı olacağını düşünə bilərsiniz, amma elm bunun əksini deyir. Kaliforniya Universitetinin apardığı araşdırmaya görə, həftədə 50 saatdan çox işləmək iş səmərəliliyinin azalmasına səbəb olur. 65 saatdan çox işləmək performansı əhəmiyyətli dərəcədə azaldır.

Mütəxəssislər bildirirlər ki, uzun saatlarla işləmək həm məhsuldarlığı azaldır, həm də qəza, xəstəlik və səhv kimi riskləri artırır. Başqa sözlə desək, işəgötürənlərin işçilərdən daha uzun müddət işləmələrini istəməsi daha yaxşı nəticələrə gətirib çıxarmır. Əksinə, bu, işçilərin sağlamlığını riskə atır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et