İİTKM SESRIC-lə birgə “İslam əməkdaşlıq təşkilatı ölkələrinin iqtisadiyyatı” kitabını hazırlayacaq | Banco.az

İİTKM SESRIC-lə birgə “İslam əməkdaşlıq təşkilatı ölkələrinin iqtisadiyyatı” kitabını hazırlayacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) arasında “İslam əməkdaşlıq təşkilatı ölkələrinin iqtisadiyyatı” kitabının hazırlanması üzrə birgə layihəyə başlanıb. Layihə iki qurum arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

Onlayn qaydada keçirilmiş görüşdə İİTKM-in icraçı direktoru Prof.Dr. Vüsal Qasımlı hər iki qurumun birgə tərəfdaşlığı ilə hazırlanacaq “İslam əməkdaşlıq təşkilatı ölkələrinin iqtisadiyyatı” kitabının əhatə dairəsi barədə məlumat verib. Bildirib ki, pandemiyaya hazırlıq, iqlim dəyişikliyi, bərpa olunan enerjiyə keçid, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məqsədlərinə nail olunması kimi məsələlərdə İƏT ölkələrinin birgə fəaliyyəti və onların ən yaxşı təcrübələrinin bölüşdürülməsi üzrə ortaq tədqiqat materialının hazırlanması ümumi işə fayda verəcək. Bu, həm də İƏT ölkələrinin qarşılaşdıqları iqtisadi çağırışların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq. V.Qasımlı eyni zamanda, Azərbaycanın İƏT ölkələri ilə əməkdaşlığa xüsusi önüm verdiyini vurğulayaraq, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində bu əməkdaşlığın uğurla aparıldığını və Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində atdığı addımları qeyd edib.

İşçi səviyyədə davam etdirilən görüşdə SESRIC-in Tədqiqat Departamentinin direktoru Mazhar Hüseyn və baş tədqiqatçısı Kenan Bağcı hazırlanacaq kitabın metodologiyası və İƏT-in 57 üzv ölkəsindən müəlliflərin cəlb olunması sahəsində SESRIC-in dəstəyi barədə məlumat veriblər. Üzv ölkələr tərəfindən üzləşilən iqtisadi problemlərin həllində yerli tədqiqat qurumları ilə birgə fəaliyyətin və məlumat mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Onlayn müzakirədə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn, İİTKM-in icraçı direktorunun müşaviri Ayaz Müseyibov, İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova, Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova iştirak ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et