Dünyanın ən qəribə 7 muzeyi ilə tanış olun: 7 Möcüzə yox 7 Muzey | Banco.az

Dünyanın ən qəribə 7 muzeyi ilə tanış olun: 7 Möcüzə yox 7 Muzey

1.Pis İncəsənət Muzeyi

Amerika

1994-cü ildə, antik əşyalar həvəskarı Scott Wilson zibillikdən “xilas edilmiş” bir neçə rəsm nümunəsini sərgiləməklə məşhur muzeyin əsasını qoydu. Sadəcə bir il ərzində inanılmaz məşhurluq qazanan bu muzey ardından Dedham teartrına köçürülür. Amerikanların dili ilə desək-“Muzey gəlmiş-keçmiş ən pisləri özündə birləşdirir.” Əgər muzeyə nə vaxtsa bir tablo hədiyyə etmək istəsəniz, nəzərə alın ki, hazırlanmış nümunələr tam ciddiyətlə hazırlanmalı, orijinal olmalı və ən əsası darıxdırıcı olmamalıdır. Amerikanın Masaçusets, Bruklayn və digər şəhərlərindəki muzey filialları çılğın həvəskarlarının yolunu gözləyir.

 

2. Bitmiş Münasibətlər Muzeyi

Zaqreb, Xarvatiya

Bu muzey yarıda qalmış eşq hekayələrinə ithaf olunmuş muzeydir. Bəli, düz eşitdiniz. Muzeyin eksponatları keçmiş sevgililərin şəxsi əşyalarından toplanmışdır və hər eksponat öz hekayəsilə muzeydə sərgilənir. Muzeyin yaranma tarixinə gəldikdə isə, 4 illik sevgi tarixçəsindən sonra ayrılmağa qərar vermiş film produseri Olinka Vistika və heykəltəraş Drazen Qrubisik “əşyalarını muzeyə yerləşdirmək” zarafatından doğan ideanı reallaşdırmağa 2000-ci ildə başlayırlar.

 

3. İşgəncə Muzeyi

Amsterdam, Niderland

Adından göründüyü kimi muzey, orta əsrlərdən bu günə ən kəskin və dözülməz işgəncə qurğularını sərgiləyir. İşgəncə muzeyi 100-dən çox eksponatı özündə birləşdirir. Avropada bu tipli muzeylərin çox olduğunu da qeyd edə bilərik.

 

4. Mequro Parazitoloji Muzeyi

Tokio, Yaponiya

Ən sərfəli kredit üçün müraciət et

Əgər parazitlər haqqında hər şeyi öyrənmək istəyirsinizsə gedəcəyiniz ünvan dəqiqdir. 1953-cü ildə əsası qoyulmuş bu muzey 1993-cü ildə yenidən inşa olunmuşdur. Kolleksiyasına 300 müxtəlif növ daxil olan muzeyə mədəsi zəif olan şəxslərin gəlməsi qətiyyən tövsiyə olunmur.

 

5. Kanzas Tikanlı Məftillər Muzeyi

Kanzas, ABŞ

2000-dən çox tikanlı məftili və hər məftilin tarixini nümayiş etdirən muzey, Kanzas yaxınlığında 1970-ci ildə qurulmuşdur. Muzeyin qurulmasının əsas məqsədi Amerikanın tikanlı məftil tarixinin araşdırılmasıdır.

 

6. Sirirac Tibbi Muzeyi (Ölüm Muzeyi)

Bankok, Tailand

Ürəyi zəif olanlara tövsiyə olunmayan növbəti muzey Bankok şəhərinin məşhur tibbi muzeyi, Ölüm muzeyidir. Əgər bir gün bu muzeyə yolunuz düşsə, görəcəkləriniz arasında dərin kəsilmiş yaralar, güllələrdən zədələnmiş kəllə sümükləri, skeletlər və bədənin müxtəlif hissələri olacaq, heç təəcüblənməyin. Hətta muzeydə 1950-ci illərdə kütləvi şəkildə öldürülmüş uşaqların eksponatlarına da rast gələcəksiniz. Muzeyin girişində muzeyin təsisçisinin skeleti sizi salamlayacaq.

 

7. Dondurma Muzeyi

Nyu-York, Amerika

2016-cı ildə əsası qoyulmuş bu muzey, parlaq rəngli, şipşirin dondurma və konfet şəkilli nümunələri ilə sosial mediada ən çox sevilən muzeylərdən sayılır. Muzeyin təsisçisi Maryellis Bunn muzey haqqında fikirlərini belə ifadə edir- “Hər kəs dondurmanı sevir, muzeyin qurulmasında əsas məqsəd isə hər kəsin birləşməsidir.”

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et