Azərbaycan manatının xaricdə satışı başlayıb | Banco.az

Azərbaycan manatının xaricdə satışı başlayıb

İlk dəfə olaraq, xaricdə Azərbaycanın milli valyutası – manatın satışına başlanılıb. Azərbaycan manatı ilə «banknotes trading» («əskinas ticarəti») adlanan əməliyyat «PAŞA Bank» tərəfindən həyata keçirilir.

Sözügedən bank ilk dəfə olaraq 2018-ci ildə Azərbaycan manatının xaricdə satışını təşkil edib.

Qeyd edək ki, «əskinas ticarəti» xidməti xarici ölkələrdə geniş istifadə edilir. Xidmətin məğzi ondan ibarətdir ki, istənilən bank ona lazım olan valyutada əskinasları sifariş verir və müəyyən komissiya müqabilində həmin əskinaslar ona təqdim edilir. Bir qayda olaraq həmin əskinaslar qarşı tərəfə təyyarə ilə çatdırılır. Məsələn, Avropadakı banklara və ya Avropa Mərkəzi Bankına dollar lazım olduğu halda, onu ABŞ-ın Federal Rezerv Sistemindən alırlar və ya əksinə. 

PAŞA Bankın Xəzinədarlıq departamentinin direktoru Ceyhun Hacıyev Bankın yeni xidməti də bu qəbildəndir: «sadəcə bizdə dollar-avro deyil, milli valyuta olan manat xarici brokerlərə satılır».

Bank nümayəndəsinin sözlərinə görə, xaricdə Azərbaycan manatına tələbatın artması ölkəyə gələn turistlərin sayının çoxalması ilə əlaqədardır. Belə ki, ölkəmizə gələn turistlər manatı Azərbaycanda deyil, elə öz ölkələrində almaq istəyirlər: «Bəzi ölkələrdən turistlər Azərbaycana gəldiyinə görə, həmin ölkələrin banklarında manata tələbat yaranıb. Özü də tələbat təkcə manatın alışına deyil, həm də satışınadır. Bəzi turistlər ölkələrinə qayıtdıqdan sonra əllərindəki manatı satmaq istəyirlər. Bu tələbatın olmasını nəzərə alaraq biz manatın ixrac edilməsi imkanını nəzərdən keçirdik ».

Ən sərfəli kredit üçün müraciət et

Bu xidmətə tələbatın olmasını PAŞA Bankın xarici partnyorları ilə apardığı araşdırma da təsdiqləyib: «Partnyorlarımızla maraqlandıq, onlar da bunun yaxşı ideya olduğunu bildirdilər, belə ki, həm onların, həm də bizim maraqlarımız üst-üstə düşdü».

İlk belə əməliyyat iki ölkə ilə  - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Britaniya ilə başlanıb.

C.Hacıyev bildirir ki, bankın patnyorları olan xarici banklar öz ölkələrində manatı müştərilərə öz məzənnələri ilə satırlar: «Onlar sadəcə bizdən manat alırlar, özlərinin müəyyən etdikləri məzənnə ilə satırlar, marjaları da özləri təyin edirlər. Biz bu prosesə qarışmırıq».

Yeni xidmət Azərbaycanlı turistlərin xaricə gedərkən istifadə etdiyi üsulu - həmin ölkənin valyutasını elə Bakıdan almaq imkanını xarici turistlər üçün yaradır. Yəni bu xidmət nəticəsində Azərbaycana gələn turistlər Azərbaycan manatını öz ölkələrindən alıb gələ biləcəklər.

PAŞA Bank bu il «əskinas ticarəti» əməliyyatlarının daha da genişlənəcəyi bildirilir: «Çalışacağıq ki, bu il bu xidməti daha da genişləndirək və tələbatı nəzərə alaraq onların sayını artıraq. Xaricə mütəmadi olaraq manat göndərmək niyyətindəyik. Hələlik bu əməliyyatların aparılacağı ölkələr tam dəqiqləşməyib. Amma böyük ehtimalla «bunlar Azərbaycanın ənənəvi partnyorları - Rusiya, Gürcüstan və Türkiyə olacaq».

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et