Azərbaycan bu ölkəyə 600 milyon kubmetr qaz ixrac edəcək | Banco.az

Azərbaycan bu ölkəyə 600 milyon kubmetr qaz ixrac edəcək

Bu ilin sonuna Azərbaycandan Bolqarıstana təxminən 600 milyon kubmetr qaz ixracı proqnozlaşdırılır.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.

"Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə Yunanıstan-Borqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarına verilməsi və Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi çərçivəsində Bolqarıstana qaz tədarükü məsələlərini müzakirə etdik", - nazir bildirib .

Qeyd edək ki, TAP kommersiya istismarına veriləndən Avropaya 12 milyard kubmetr qaz nəql edib, ondan 10 milyard kubmetri İtaliyaya, 1 milyard kubmetri isə Yunanıstan və Bolqarıstana göndərilib.

TAP-ın tikinsinə 2020-ci ilin oktyabr ayında yekun vurulub. Onun ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et