2020-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 5 faiz artıb | Banco.az

2020-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 5 faiz artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin mart sayı hazırlanıb. 2020-ci ilin yanvar-fevral ayları ərzində ölkəmizin ixracı 3,2 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 97 milyon ABŞ dolları və ya 3,1 faiz  artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 296 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 14,2 milyon ABŞ dolları və ya 5 faiz artıb.

Bu ilin yanvar-fevral ayları ərzində Rusiyaya 88 milyon, Türkiyəyə 75,3 milyon, Gürcüstana 34,9 milyon,  İsveçrəyə 28,8 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin iki ayında Rusiyaya qeyri-neft ixracı 7,4 faiz, Türkiyəyə 18,5 faiz,  İsveçrəyə 40 faiz və Çinə 19,9 faiz artıb.

2020-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pambıq mahlıcı (29,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 27,3 milyon ABŞ dolları) ikinci və pomidor (24,7 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin 2 ayı ərzində meyvə-tərəvəz ixracı 75,6 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 29,9  milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,5 milyon, pambıq lifi ixracı 30,4 milyon,  kimya sənayesi məhsullarının ixracı 13,9 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 8,3 milyon, pambıq ipliyi ixracı 6,3 milyon, şəkər ixracı  2,1 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,9 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 155 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin fevral ayı ilə müqayisədə 2020-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac 11 milyon ABŞ dolları və ya 8 faiz artıb. Bu ilin fevral ayında qeyri neft-qaz məhsulları ən çox mal Türkiyəyə (42,2  milyon ABŞ dolları), Rusiyaya (39,8 milyon ABŞ dolları), Gürcüstana (26,4  milyon ABŞ dolları), İsveçrəyə (11,8 milyon ABŞ dolları) və İrana (4,2 milyon ABŞ dolları)  ixrac edilib.

Ən sərfəli kredit üçün müraciət et

2020-cu ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı (19,5 milyon ABŞ dolları) birinci, hesablayıcı maşınlar və onların blokları üçün hissələr (11,5 milyon ABŞ dolları) ikinci, tomat (pomidor - 11,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

“İxrac İcmalı”nın mart sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “STDC” MMC, "Land Lojistic" MMC,  "P-Aqro" MMC, "Baku Steel Company", "Natural Fruit" MMC," "Mingəçevir Tekstil" MMC, "Sun Food" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən və 100 min ABŞ dollarında çox ixrac həyata keçirən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, “ASK şüşə” MMC. 

“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2020-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 8,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

Ən sərfəli krediti almaq üçün müraciət et