Marketinq miks teoremi üçün bazara hər hansı bir məhsul çıxardılmalı, sonra bu məhsula bazar şərtlərinə görə qiymət qoyulmalı, daha sonra istehlakçıya çatdırılmalı və ən sonda bazarda təqdimatı aparılmalıdır.
Yuxarıda səsləndirdiyimiz marketinq miks teoremi, əslində Flip Kotlerə məxsusdur. Kotler marketinq strategiyasının yaradılması üçün marketinq miks teoremini 4P strategiyası ilə açıqlayır . Buradakı 4P Product (məhsul), Price (qiymət), Place ( Çatdırılma) , Promotion (təqdimat) sözlərinin baş hərfləridir. Gəlin bunları bir-bir təhlil edək
Product (məhsul) – Marketinq strategiyasına başlamaq üçün ilk öncə məhsul lazımdır. Əslində məhsul xammal və ya materialdan hazırlanaraq bazara çıxarılacaq vasitədir. Yəni, məhsulun əsas vəzifəsi bizi bazara çıxartmaq, bazardakı fəaliyyətimizi başlatmaqdır. Lakin burada diqqət edilməli əsas məqam məhsulun xususiyyətlərinin düzgün bir şəkildə müəyyən edilməsidir. İnsanların bu məhsuldan fayda alması 4P strategiyasında əsas şərt hesab olunur.
Price (qiymət) – Həyatda hər bir şeyin qarşılığı olduğu kimi məhsulu əldə etmək üçün də bir qarşılıq olmalıdır. Məhsulun qiymətində bir neçə amil əsas rol oynayır. Bunlardan biri məhsulun maya dəyəridir. Kotlerin fikrinə görə, burada əsas məqam satıcının satmaq istədiyi qiymətlə alıcının məhsulu almaq üçün ödəyəcəyi qiymət bir-birinə uyğun gəlməlidir.
Place (çatdırılma) - Məhsula qiymət qoyduqdan sonra əsas məsələ istehlakçıya həmin məhsulu doğru vaxtda, doğru yerdə çatdırmaqdır. Yəni məhsul istənilən qədər yaxşı, qiymət istehlakçıya nə qədər münasib olursa olsun əgər həmin istehlakçı məhsulu əldə etməkdə çətinlik çəkəcəksə, ona olan ehtiyacı azalacaq və alternativ məhsullara yönələcəkdir. Çatdırılmanın vacibliyini göstərmək üçün liderliyin inkişafı və işçilərin motivasiya edilməsi məsələlərində biznes qaydalarını dəyişən bir ekspert Piter Drukerın bir fikri ilə son qoyaq
“Ən böyük dəyişiklik istehsal və istehlakda deyil, çatdırılma kanallarında olmalıdır”
Promotion (təqdimat) – Gündəlik həyatda yeni-yeni alternativ məhsullar ortaya çıxır. Ona görə də marketinq strategiyası üçün əsas şərtlərdən biri də həmin məhsul ilə istehlakçını tanış etməkdir. Məhsulu yaratdıq, qiymət qoyduq, istehlakçıya çatdırılmasını təmin etdik? Bəs istehlakçı bu məhsulun varlığından xəbəri varmı? Əgər istehsal olunan məhsulun siz heç nə etmədən istehlakçının diqqətinin cəlb etməsini gözləyirsinizsə, bu həm çox böyük risk həm də şans məsələsidir. Məshulunuzun yaxşı təqdimatInı edərək bazarda uzun müddət qalmasına da köməklik etmiş olacaqsınız. Lakin unutmayın, məhsulu bir dəfə istehlakçı ilə tanış etməklə iş bitmir. Onun yaddaşlarda qalmasını təmin etmək üçün bu fəaliyyətləri daima etməlisiniz.
Xəzər Aslanov