İnsanların etibarı - əldə edə biləcəyimiz ən dəyərli aktivdir | Banco.az

İnsanların etibarı - əldə edə biləcəyimiz ən dəyərli aktivdir

Müsahibimiz: “FİNCA Bank Georgia”-nın Baş İcraçı Direktoru Vüsal Verdiyev 

Sizdən müsahibə almalı olduğumu biləndə ağlıma gələn ilk sual o oldu ki, siz öncədən Gürcüstanda yaşamısınız, ya bu vəzifəyə Azərbaycandan təyinat almısınız?

Gürcüstanda 2008-ci ildən etibarən yaşayıram, məhz xüsusi olaraq FİNCA Gürcüstanda çalışmaq üçün dəvət aldıqdan sonra. Bundan öncə isə Azərbaycanda yaşamışam. 

Gəlin oxuculara ilk öncə sizin haqqınızda bir az məlumat verək . Siz “Finca Bank Georgia”-nın Baş İcraçı Direktorunuz. Bu vəzifəyə təyinatınız nə zaman  və necə baş verib?

2008-ci ildə, yəni Gürcüstana köçməzdən öncə, FİNCA Azərbaycanda çalışırdım, Əməliyyat Rəhbəri olaraq. Həmin dövrdə FİNCA Azərbaycanda artıq kifayət qədər uğurlu fəaliyyət qurmağı bacarmışdıq. Bir müəssisənin uğurlu fəaliyyəti üçün təməlli bütün göstəricilər artıq yerində idi – korporativ mədəniyyət, struktur, beynəlxalq təcrübəyə əsaslanan təcrübə, sağlam kamanda ruhu və s. Gürcüstanda isə həmin ərəfədə daha çox dəyişikliyə ehtiyyac vardı. 2008-ci ildə Gürcüstandakı bəlli Avqust hadisələri də vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Bir sözlə çox iş görülməli idi. Bu mürəkkəb vəziyyət özlüyündə mənə çəkici gəldi. İlk öncə 2008-ci il 1 Oktyabr tarixində FİNCA Gürcüstanın Baş Əməliyyət Rəhbəri vəzifəsinə təyinat aldım (COO). Çox keçməmiş, 1 Yanvar 2009-cu ildən etibarən isə Baş İcraçı Direktor səlahiyyətləri mənə tapşırıldı.

 Bəs, o zamana qədər hansı sahələrdə, bank və təşkilatlarda çalışmışınız?

Daha öncə qeyd etdiyim kimi, Gürcüstana təyinat almazdan öncə FİNCA Azərbaycanda Əməliyyat Rəhbəri  vəzifəsində çalışmışam, beş ilə yaxın bir müddətdə. Ondan öncə isə baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən CDC şirkətinin İqtisadi İnkişaf Proqramında Proqram Meneceri olaraq çalışmışam. 

Siz təhsilinizi Bakıda almışdınız ya necə?

Bakalavr və Magistr Dərəcələrini Azərbaycan Dövlət Aqrar Universitetində almışam, aqrar iqtisadiyyat və idarəetmə ixtisası üzrə. Daha sonra ABŞ-ın Pensilvaniya Universitetində Bank Rəhbərləri üçün üç illik proqramı bitirmişəm. Bundan əlavə isə qabaqcıl universitetlərdə ixtisaslaşmış qısamüddətli proqramları bitirmişəm – Harvard Universiteti, Frankfurt Maliyyə və İdarəetmə Universiteti və digərləri. 

Qərib ölkədə rəhbər vəzifədə olmaq çətin deyil ki? Belə bir məsuliyyətli vəzifədə olmağın verdiyi üstünlüklər və yaratdığı çətinliklər hansılardır?

Asan iş yoxdur. Təbii ki çətinliklər olur, amma öhdəsindən gəlinə bilməyəcək çətinlik yoxdur. Gürcüstanda mənə vəzifə təklif olunanda, ümumi vəziyyətlə tanış olmaq üçün səfərə gəlmişdim, özüm üçün təhlillər aparmışdım və əsas vəzifələrin nədən ibarət olduğu barədə fikirlərim öncədən formalaşmışdı. Hər halda bəzi ümumi çətinliklər hər zaman vardır, ölkə daxili və ya ölkə xaricində olmasından asılı olmayaraq. Yeni müəssisədə fəaliyyətə başlayanda ilk qarşılaşdığımız çətinlik daxili korporativ mədəniyyətlərin fərqliliyidir. Hər müəssisənin fəaliyyəti boyunca, müxtəlif faktorların təsiri altında, özünə məxsus, unikal daxili korporativ mədəniyyəti formalaşır. Düşünürəm ki, hər yəni təyin edilmiş rəhbər şəxs ilk öncə bu mədəniyyəti yaxından tanımağa çalışmalıdır. 
Sıx-sıx rast gəldiyimiz yanlışlıqlardan biri məhz daxili incəliklərə bələd olmamış rəhbər şəxsin köklü dəyişiklik etməyə can atmasıdır.

Əksər vaxtlar müşahidə olunan reallıq budur ki, yalnız öz təcrübəmizin daha doğru olduğu qənaətindəyik. 

Bu isə rəhbər şəxs üçün əhəmiyyətli olan aktiv dinləmə mövqeyindən uzaqlaşdırır. Atacağımız addımdan tam əmin olmaq üçün isə təhlilimiz qüsursuz olmalıdır. Korporativ mədəniyyətdən əlavə isə mütləq aparıcı komanda üzvlərində əminlik olmalıdır. Əks təqdirdə sizin ideyalarınız müəssisənin bütün təbəqələrində effektiv şəkildə təbliğ edilməyəcəkdir. Komandanın doğru seçimi şərtdir. Yuxarıda qeyd olunanlar dəyişikliyə başlamaq üçün fundamental prinsiplərdir. Bundan sonrası isə artıq idarəetmə texnikasıdır və təcrübəyə söykənir.

Beynəlxalq müstəvidə fəaliyyət göstərən rəhbər şəxslər üçün isə qeyd olunan çətinliklərlə yanaşı fərqli ölkə və fərqli mədəniyyətin olması işin mürəkkəbliyini biraz da artırır. Bunu isə həyat təcrübəsi və yeniliklərə açıq olmaq özü zamanla həll edir.

Deyəsən fikirlərimi əsasən çətinliklər üzərində qurdum, ümid edirəm oxucuları beynəlxalq müstəviyə çıxmaq həvəsindən daşındırmadım. 

Üstünlükləri təbii ki, vardır, həm də kifayət qədər. Əvvəla, beynəlxalq müstəvidə təcrübə özümüzün hərtərəfli, mürəkkəb vəziyyətlərdə, hər cür şəraitdə, tamam fərqli mədəniyyətlərdə rəhbər şəxs olaraq yetişməmizə şərait yaradır. Öz ölkəmizdəki bəzi üstünlüklər başqa ölkədə işləyərkən artıq Sizinlə deyil. 

Bəzən ola bilər ki, həmin müəssisədə yeganə expat (əcnəbi) şəxs Siz ola bilərsiniz. Çətinliklərlə yanaşı bu qeyri adi inkişaf imkanıdır. Bu baxımdan Gürcüstanda keçirdiyim son beş ildən artıq bir müddət rəhbər olaraq yetişməmdə öz önəmli töhfəsini verdi.

Bu çətinlikllər normaldır, qaçılmazdır, inkişafımız üçün labüddür.

Yeniliklərə və onların gətirdiyi çətinliklərə özümüzü açıq tutmalıyıq. 

Əməkdaşlarınız arasında başqa həmvətənləriniz varmı? (ümumiyyətlə faiz etibarı ilə işçilərinizin neçə faizi azərbaycanlılardır? Ünsiyyət üçün hansı dildən daha çox istifadə edirsiniz? 

Bankımızın 700-dən çox əməkdaşı var. Yalnız iki əcnəbi vətəndaş çalışır hazırda, biri mən, digəri isə bir nəfər daha Azərbaycan vətəndaşı. Bundan əlavə Gürcüstanda yaşayan soydaşlarımız da çalışır bankda. Onların sayı təqribən on nəfərdir. O ki, qaldı ünsiyyət dilinə, ölkə daxilində, bölgələrdə, adi vətəndaşlarla əksər hallarda Rusca danışıram, çünki əhalinin əksər hissəsi Rus dilində ünsiyyət qura bilirlər. Bank daxilində, yüksək menecment komandası, investorlar, müxtəlif dövlət strukturları, kütləvi informasiya vasitələri ilə isə əsasən İngilis dilində ünsiyyət qurmağa üstünlük verirəm.

Bank sahəsində karyera baxımından ən yüksək pillələrdən birindəsiniz: Gələcəklə bağlı daha hansı hədəfləriniz var?

Maraqlı sualdır. Hərçənd ki, əksər vaxtlar karyeramız heç də planlaşdırdığımız istiqamətdə getmir. Doğrusunu söyləsəm, mənim üçün təkcə vertikal xəttə karyera yüksəlişi vacib deyil. Təbii ki, bu çox önəmlidir. Amma digər önəmli məqamlar da nəzərə alınmalıdır.

Bir çox məsələ vacibdir – yeni vəzifədəki məqsədlərin, hədəflərin mənim üçün maraqlı olması, korporativ mədəniyyət, səhmdarların öz biznesləri barədə gələcək planları və s. Ən maraqlı məsələlərdən biri də, gedəcəyim yerdə daha da təkmilləşmə, yeni biliklərin öyrənmə imkanının olmasıdır. Yaşımızdan və təcrübəmizdən asılı olmayaq hər birimizin hər zaman öyrənməyə, yeni bilgilər əldə etməyə ehtiyacımız var. Odur ki, gələcək karyera planlarımı konkret vəzifə ilə bağlamıram.

Bir bankir kimi  “uğurun təməl prinsiplərini” (key points od success) nədə görürsünüz? 

Elə sualdır ki, buna bir neçə cümlə ilə cavab vermək çətin məsələdir. Bəlkə hətta hər dəfə fərqli cavab vermək olar. Bəzi göstəricilər var ki, tək bank rəhbərlərinə deyil, bütün rəhbər şəxslərə labüd xüsusiyyətlərdir. Düşünürəm, uğurlu, proqressiv rəhbər olmaq istəyən hər kəs üçün vacibdir. Mənim üçün uğurun təməl sütunları isə aşağıdakılardır. 

Aktiv dinləmə bacarığı. Hətta məktəb dövründən hər birimizin beynində formalaşmış rəhbər şəxsin protreti necə idi , - - hərkəs dinləyir, rəhbər fikrini bildirir, tövsiyələrini verir və görüş yekunlaşdırılır. Bu üslubun da təbii ki üstünlükləri var, amma hər zaman yox. Bir rəhbər kimi, mən müzakirələrə faydalı ideyaların yaranmasına şərait yaratmağa üstünlük verirəm. Əksər hallarda rəhbər şəxs tam başlanğıcdan öz fikirləri ilə müdaxilə etdikdə bu artıq personalın fikirlərinə nöqtə qoyur. Bir rəhbər olaraq nəyi itirib nəyi qazandığımızın fərqində olmalıyıq.

Mənə fərqli, dəyərli ideyalar lazımdır.

Bunun üçün isə münbit şərait yaratmaq lazımdır. Bu isə personala fikirlərini bildirməyə imkan yaradanda baş verir. Əksər hallarda maraqlı diskussiyaların gedişatında dinləməyi üstün tuturam, yekunda ortaya atılan dəyərli fikirlər daha dolğun yekun qərar verməkdə hər zaman mənə kömək edir. Bu isə öz növbəsində bir sıra digər əhəmiyyətli məqamları qabardır – qərar vermə prosesinə personalın cəlb edilməsi (inclusive decision making) və hər zaman bazardan, ümumi gedişatlardan xəbərdar olmaq üçün məlumatların/innovativ ideyaların aşağıdan yuxarı və həmçinin, əks istiqamətdə cərəyanı üçün uyğun korporativ mədəniyyətin yaradılmasına şərait yaradır.

Müsahibəmdə institusional mədəniyyət, korporativ mədəniyyətdən bir az artıq danışdım, amma bu çox önəmlidir, davamlı uğura gedən yolda əsas şərtdir.

Biz rəhbər şəxslərin isə başlıca vəzifəsi müəssisədə institusional dəyər və aydın missiyaya söykənən, personalın maksimal produktivliyini təmin edəcək bir mühitin yaradılmasıdır. Zənnimcə, dayanıqlı uğura gedən yolun sirri budur.

Bundan başqa, təbii ki bir çox önəmli tələblər də var, bunlardan ən önəmlisi isə - şəxsi nümunə olmaqdır. Əgər əməkdaşlarımızdan müəyyən prinsiplərə, qaydalara və ya hər hansı davranış qaydalarına riayət etmələrini gözləyiriksə, bunun üçün ən yaxşı nümunə rəhbər şəxsin özü olmalıdır. Hər istiqamətdə ən parlaq nümunə məhz rəhbərin özü olmalıdır. 

Bütün bunların hamısı insanlarda rəhbər şəxsə inam, ədalətli və onların fikirlərinə hər zaman dinləyən, özlərini reallaşdırmaq üçün hər zaman şərait yaradan bir rəhbər imici formalaşdırır. Bu prinsiplər istənilən mədəniyyətdə, istənilən ölkədə keçərlidir.

Bu mənim sevdiyim mövzulardandır. Bu barədə uzun-uzadı danışmaq olar. Düşünürəm gələcəkdə imkan düşərsə, bu barədə daha dolğun söhbət etmək olar. 

Finca Georgia 2013-cü il avqust ayında bank lisenziyası almağa müvəffəq olub, Sizcə eyni  uğuru Finca Azerbaijan da təkrar biləcək?

Bank licenziyası almaq önəmli bir addımdır, amma düşünürəm özü-özlüyündə bir məqsəd olmamalıdır. Düşünürəm ki, bank lisenziyası almaqda əsas məqsəd insanlara daha geniş tərkibli, daha keyfiyyətli maliyyə xidmətləri göstərməkdir. Qeyri-bank lisenziyası ilə bu baxımdan imkanlar məhdud olur. Müştərilər kredit almaq üçün Sizə müraciət edirlərsə, digər əməliyyatlar üçün artıq başqa banklara müraciət etməli olurlar. Müştərilər üçün əlverişli deyil, maliyyə təşkilatı üçün də həmçinin. Belə olan halda müəssisə müştərilərin bütün ehtiyyaclarını qarşılaya bilmir. Hər bir halda bu qərar müəssisənin ilk növbədə strateji baxışlarına xidmət etməlidir. 

Bank sahəsində kifayət qədər təcrübəniz var. Bir bankir olmaq üçün insan ilk növbədə nələri bacarmalı və hansı xüsusiyyətlərə malik olmalıdır?

Bank işi həddindən artıq çox şaxəlidir. Təbii ki, bu bankın hansı sahəsini seçməyinizdən asılıdır. İlk növbədə, istiqamətindən asılı olmayaraq gərək öz sahənin incəliklərini bilmək üçün ciddi həvəs və səy gəstərəsən.

Bu öz yerində. Düşünürəm ki, hər hansı bir sahədə olursa olsun, əldə etdiyin bilik, bacarıq və nəaliyyətlərinlə qənaətlənməməlisən. Hər zaman təkmilləşməyə can atmaq lazımdır. Bizlər hər şeyi bilə bilmərik. Özümüz özümüzlə ilk növbədə səmimi olmalıyıq. Özümüzlə səmimi olsaq, başqaları ilə də səmimi, şəffaf münasibət qura bilərik.

Müştərilərlə səmimi və şəffaf olmaq lazımdır. Axı bu keyfiyyətlərə kim üstünlük vermir ki?! 

Müştərinin/insanların etibarını əldə etmək və buna hər zaman ən dəyərli aktivimiz kimi yanaşmağı öyrənsək – bizdən yaxşı bankir çıxacaq. 

Həqiqətən də, insanların etibarı  - əldə edə biləcəyimiz ən dəyərli aktivdir. Bunun məsuliyyətini dərk etmək və gündəlik iş rejimimizdə hər zaman öncül bir prinsip kimi nəzərdə tutsaq, işin ciddi bir hissəsini keçilmiş hesab etmək olar. Bu məhz xüsusi ilə də indi daha önəmlidir, bütüm dünyada maliyyə krizisindən sonra banklara olan inamın axsaması fonunda.   

Bir rəhbər kimi öz komandanızda hansı xüsusiyyətləri cəmləyən kadrı görmək istərdiniz?

Hər kəsin öz istiqamətini bilməsi (xüsusilə də texniki biliklər tələb edən istiqamətlərdə) şərtdir, odur ki bunu baza prinsip kimi qəbul edək. Ancaq bu yetərli deyil, burda bir sıra digər önəmli göstəricilər də əhəmiyyətlidir. İnsanlarla keyfiyyətli ünsiyyət qurmağı bacaran, dinləməyi bacaran, özünə və ətrafına qarşı tələbkar olan, inkişaf səviyyəsindən asılı olmayaraq daim təkmilləşməyə can atan, komandada işləməyi bacaran, ən əsası insanlara hörmət etməyi əhəmiyyətli hesab edənləri desək daha doğru olar. Təcrübəmdə kifayət qədər bilikli insanlar olub ki, yekunda çox da uğurlu sayılmayacaq nəticə veriblər, çünki yuxarıda sadalananların biri və ya bir neçəsi lazımi səviyyədə olmayıb. Hər bir halda, insanlara şans verməyi bacarmalıyıq. 

Sonda Banco.az portalının oxucularına hansı tövsiyələriniz vardır?

Düşünürəm ki, karyera həyatımızda tutacağımız ən düzgün strategiya səlahiyyətimiz çərçivəsində bizə tapşırılan vəzifəni hər kəsdən fərqli, hər kəsdən daha yaxşı yerinə yetirməyə can atmaqdır.

Bunu sizdən başqa digərləri də görür, həmçinin də rəhbər şəxslər. Gec və ya təz bu bəsit strategiya öz bəhrəsini verəcək, çünki belə insanların həmişə dəyəri var. Müsahibə üçün Sizə də minnətdarlığımı bildirirəm. Hər kəsə  uğurlar arzulayıram!

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et