Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınır | Banco.az

Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınır

Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin hal-hazıradək bütün yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissəsinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığı üçün müfəssəl planın məcburi tətbiqi müddətinin uzadılmasına (müvafiq müddəanın tətbiqinin növbəti dəfə təxirə salınmasına) zərurət yaranıb.

Ən sərfəli kredit üçün müraciət et

Təklif müddətin 11 ildən 14 ilədək uzadılmasını nəzərdə tutur. Sonuncu dəfə həmin müddət 2021-ci ildə 8 ildən 11 ilədək uzadılıb.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, müfəssəl planlar şəhərlərin, qəsəbələrin, kəndlərin əraziləri və ya onların ərazi hissələri üçün hazırlanır. Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et