Plastik kartla edilən hansı əməliyyatlar vergiyə cəlb olunur? | Banco.az

Plastik kartla edilən hansı əməliyyatlar vergiyə cəlb olunur?

Plastik kartla edilən hansı əməliyyatlar vergiyə cəlb olunur? - vergi məcəlləsində edilən son dəyişiklikdən sonra indi hamını bu sual maraqlandırır və sosial şəbəkələrdəki bir sıra qruplarda müzakirə məsələsinə çevrilir. 

Əgər əvvəlcədən elektron qaydada ödənilirsə, qatar, gəmi, avtobus və digər nəqliyyat vasitələrinə biletlərin alışı, mehmanxanaların rezervasiyası və digər xidmətlər ƏDV-yə cəlb edilirmi?

VÖEN-i olmayan şəxslərə (yəni vergi orqanlarında uçotda olmayan şəxslərə) internet vasitəsilə qatar, gəmi və s. biletlərin sifarişi, habelə bununla bağlı mehmanxana rezervasiyası, transfer xidmətləri və s. üzrə qeyri-rezidentlər tərəfindən göstərilən xidmətlər AR hüdudlarından kənarda həyata keçirildiyi üçün, bu cür xidmətlərin göstərilməsinə görə ödəniş aparılarkən müştəridən ƏDV tutulmur.

Yanvar ayında, onlayn şəkildə aviabilet almış biri kimi bunu təsdiq edə bilərəm, bileti hər hansı bir tur –agent vasitəsi ilə deyil, hava yolları şirkətinin rəsmi saytından almışdım.

Mehmanxana ödənişlərinə gəldikdə isə adətən rezervasiya olduqda vəsait sadəcə hesbada blok edilir, ödəniş özü isə siz hoteldə (və ya hostel) olduğunuz zaman nağd və ya kart vasitəsi ilə gerçəkləşir və onlayn əməliyyat hesab olunmur.  

Elektron ticarət qaydasında alınan mallara görə ödənişlərin aparılması zamanı ƏDV tutulurmu?

Azərbaycan Beynəlxalq Bankının rəsmi saytında bildirilir ki,  elektron ticarət qaydasında alınan mallara görə ödənilən məbləğdən ƏDV-nin hesablanması və müştərinin hesabından tutulması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Xaricdə müalicə və ya təhsil haqqı ödənişləri ƏDV-yə cəlb edilirmi?

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən xəstəxanalar tərəfindən Azərbaycan Respublikasının rezidentlərinə göstərilən xidmətlərə görə (onlayn konsultasiyalar istisna olmaqla) rezident tərəfindən onlara fiziki POS-terminal vasitəsilə ödəniş aparılarkən ƏDV tutulmur.

Qeyri-rezident tərəfindən onlayn qaydada təhsil və tibb xidmətlərinin (distant təhsil, onlayn kurslar, məşğələlər, tibbi konsultasiya xidmətləri və s.) göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Buna əsasən, ölkə hüdudlarından kənarda onlayn qaydada göstərilən təhsil və tibb xidmətlərinə görə qeyri-rezidentə ödəniş aparılarkən bank müştəridən 18% ƏDV tutaraq dövlət büdcəsinə ödəyir.

Elektron pul kisəsi nədir və ona pul köçürüldükdə vergi tutulurmu?

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, elektron pul kisəsi – fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatıdır.

Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, bankınız köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Digər vergiyə cəlb olunan xidmətlər ilə aşağıdakı faylda ətraflı tanış ola bilərsiniz. 

VERGİLƏRİN ÖDƏNİŞLƏRİNƏ CƏLB OLUNAN XİDMƏTLƏR​

Ən sərfəli krediti almaq üçün müraciət et