Özünü kəşf et | Banco.az

Özünü kəşf et

Bugün gənclərin çoxu hansı ixtisası seçim və ya hansı peşənin sahibi olum deyə tərəddüd içindədirlər. Bu cür tərəddüdlər vaxtilə özümdə də olduğundan qərara gəldim ki bu istiqamətdə bəzi fikirlərimi sizlərlə paylaşım.

Öz hekayəm

Hələ orta məktəbdə oxuyarkən 9-cu sinifə qədər həkim olmağı ağlıma salmışdım, özü də daha dəqiq desək diş həkimi, bilmirəm kortəbii şəkildə, ya ətrafımdakıların həkimlik peşəsini tərifləməsindən dolayı, ümumiyyətlə həkimliyin prestijindən dolayı və.s. Lakin zaman keçdikcə və “mən nə istəyirəm?”, “mən kim olmaq istəyirəm?” sualını müntəzəm şəkildə özümə verdikcə beynimdə cürbəcür fikirlər dolaşırdı, orta məktəb vaxtı coğrafiyanı çox sevirdim, öz doğma, böyüyüb boya-başa çatdığım  Şirvan şəhərimdə coğrafiya üzrə bir çox yarışlarda, tədbirlərdə, müxtəlif olimpiadalarda iştirak etmişdim və uğur qazanmışdım, qısası coğrafiya fənnini çox sevirdim və bu istiqamətdə durmadan çalışırdım, orta məktəb dərsliklərindən əlavə bir çox ensklopediyalar, başqa dərclər, əlavə ədəbiyyatlar da oxuyurdum. Zaman keçdikcə coğrafiyaya olan həvəsim daha da artırdı və demək olar ki artıq özümü bu fənnə vermişdim, hətta digər fənlərə sərf edəcəyim vaxtdan da kəsib coğrafiyaya calıyardım.:) 9-cu sinifi bitirərkən həkimlik xülyası demək olar ki silinib getmişdi beynimdən, sadəcə coğrafiyaya olan sevgim var idi ağlımda və düşündüm ki bu sevgini qurban verə bilmərəm heç nəyə, elə o qərarla 10-cu sinifdən etibarən 2-ci ixtisas qrupuna hazırlaşmağa başladım və net bir şəkildə iqtisadçı olacağıma qərar verdim və hələ də olmağa çalışıram...

Ailə və mental dəyərlər

Heç kəsə sirr deyil ki, bizim cəmiyyətdə valideynlər övladlarının həyatına daha çox müdaxilə edir və bu müdaxilə uşağın ixtisas və peşə seçimininə gəldikdə daha da aktuallaşır. Öz həyatımda da yaşamışam bu təcrübəni, belə ki, mənim beynimdə iqtisadiyyat və həkimlik düşüncələri var-gəl edərkən valideynlərim hər vəchlə məni neft-qaz mühəndisliyi sahəsinə yönəlməyə təhrik edirdilər(“a bala neft ölkəsiyik də, neftdə pul var düşüncəsi”). Və bu amil fikirlərimi daha da qarışdırır və məni son nəticəyə gəlməkdən bir qədər də uzaqlaşdırırdı. Bu məsələdə də düşünürəm ki, ən önəmlisi övladın istək və həvəsinin ön planda olması və valideynlərin fikirlərini də ən doğru formada anlayıb sonda düzgün koordinasiya etməkdir. Bunun üçün düşünürəm ki övlad və valideyn çox yaxın bir dost münasibətində olmalıdırlar, bir-birlərini qarşılıqlı dinləməli və ən doğru varianta gəlməlidirlər, çünki bu bir övlad üçün həyati məsələdir, övladın peşə və ixtisası onun gələcək müqəddəratını təyin edir və deyim də var ki: “Xoşbəxtlik zövqlə gördüyün işdən aldığın uğurlu nəticədir.” Xoşbəxtlikdən mən bu sahəni sevdiyimi və bu sahə üzrə oxumaq, çalışmaq və inkişaf etmək istədiyimə valideynlərimi ikna edə bildim, düzdü bir az çətin oldu, onlar da əsəb və stress keçirtdi, mən də, amma içimdəki “enthusiasm” qalib gəldi hər şeyə.

Ən sərfəli kredit üçün müraciət et

Ümumi tövsiyələr

Dostlar, düşünürəm ki bu tip məsələlərdə birinci növbədə sizin nə istədiyiniz və hansı yolla gedəcəyiniz önəmlidir(mission və vision məsələsi). Mən bu istəyi təkcə müəyyən bir iqtisadi, tibbi və ya digər üzdə görünən peşə sahələri ilə məhdudlaşdırmıram. Bu sahə futbol da ola bilər və ya digər müxtəlif idman növləri, hərbi sahə ola bilər, əl işləri(toxuculuq, dərzi sənəti, dülgərlik və.s) və.s, yetər ki müvafiq sahəyə qarşı içinizdə böyük həvəs və istək (enthusiasm) olsun. Sevmədiyin işlə məşğul olmaq inanın bir nöqtədə bezdirir və tükəndirir insanı, çünki öz çalışmaq istədiyin sahə bir an da olsun ağlından getmir, özün sevmədiyin işdə, ağlın və ürəyin isə çalışmaq istədiyin işdə olur. Daha bir ən önəmli məsələ bu yolda məqsədli, planlı, dözümlü və iradəli olmaqdır. Hər bir sahədə çətinlik var, asan bir peşə yoxdur çünki, önəmli olan əzmkar olub həmin maneələri aşmaqdır, necə deyərlər, “heç vaxt təslim olma, çətin şeylər sadəcə zaman alır.”

Kobe Bryant(NBA tarixinin ən önəmli basketbolçularından biri)

Yəqin ki bu insanı tanımayan yoxdur, case olaraq bu insanı seçməyim də təsadüfi deyil, onun həyatına nəzər salsaq görərik ki, orta məktəbi əla nəticələrlə bitirir və ABŞ-ın ən məşhur Universitetlərindən birində ali təhsil almağa da başlıyır, ali təhsili dövründə də özünü ən yaxşı tərəfdən göstərir və bilik və savadına görə Universitetdə seçilmiş tələbələrdən olur, lakin paralel olaraq basketbolla da maraqlanır və Universitetin basketbol komandasına dəvət alır. O deyirdi: “Basketbol artıq mənim həyat tərzimə çevrilməyə başlamışdı, özümü basketbolda tapdım, dedim ki, mənim işim budur, mən bu işlə məşğul olmalıyam, gerisi isə yalnız hobbidir mənə görə.” Və bu amalla o Universitetin komandasında özünü ən yaxşı tərəfdən göstərir və oradan da NBA-ya seçilir. Basketbolçunun həyatı, təhsili və basketbol karyerası haqqında daha ətraflı aşağıdakı linkdən də məlumat ala bilərsiniz.

http://www.encyclopedia.com/topic/Kobe_Bryant.aspx

Xülasə

Sonda bildirmək istəyirəm ki, həqiqətən də hər insana nəsib olmur anında özünü kəşf etmək, çoxu daha gec yaşda bunu etməyə nail olur, ya  da elə sevmədiyi işlə məşğul olmaqla barışır. Ona görə də “right time evolution” üçün mütləqdir ki, özünüz haqqında, peşə və karyeranız haqqında vaxtında və səmərəli düşünün, nə istədiyinizi, öz imkanlarınızı, hədəflərinizi dəqiq müəyyən etməyə çalışın, bu istiqamətdə təlim və konsultasiyalara qatılın, peşəkarlardan məsləhət alın.

Hər kəsə öz sevdiyi işlə məşğul olmağı arzu edirəm, bu zaman sizə uğurlar arzulamağa da ehtiyac qalmır, çünki bu zaman uğur özü gəlir istənilən halda!

Hə, birdə gülümsəməyi unutmayın.:)

 

Müəllif: İsmayıl Baxışlı

Ən sərfəli krediti almaq üçün müraciət et