Neftin ucuzlaşmasının həm siyasi, həm də iqtisadi səbəbləri var... | Banco.az

Neftin ucuzlaşmasının həm siyasi, həm də iqtisadi səbəbləri var...

Neftin ucuzlaşmasının həm siyasi, həm də iqtisadi səbəbləri var. İqtisadi səbəb odur ki...

Banco.az iqtisadçı-ekspert Vüqar Bayramovun "Publika.az" a verdiyi müsahibəni təqdim edir.

- 2016-cı ilin büdcəsində neftin bareli 50 dollardan götürülüb. Sizcə, neftin qiyməti gələn il 50 dollar olacaq? Əgər neft yenə ucuzlaşsa, Azərbaycanda hansı proseslər gözlənilir?  

- Burada iki alternativ var. Birincisi, neftin qiymətinin 50 dollardan götürülməsidir. Əgər neft 50 dollar olmazsa, Maliyyə Nazirliyi 2016-cı ilin ikinci yarısında sekvestr tətbiq etməklə xərclərin bir hissəsini azalda bilər. İkinci istiqamət isə Rusiyadakı kimi neftin barelinin 40 dollardan götürülməsidir. Bu, xərcləri 40 dollara uyğun hesablamağa imkan verəcək və ilin ikinci yarısı xərcləri azaltmağa ehtiyac olmayacaq. Lakin Beynəlxalq Enerji Agentliyinin, eləcə də enerji təşkilatlarının proqnozları bir barel neftin qiymətinin 50  dollar olacağı ilə bağlıdır. “Azərlayt” markalı neftin qiyməti nisbətən baha olduğuna görə, büdcədə neftin barelinin 50 dollardan nəzərdə tutulması büdcə gəlirlərinin reallığa yaxın olmasına imkan verəcək.

- Neftin qiymətinin bu qədər ucuzlaşmasının səbəbi nədir?  

- Neftin ucuzlaşmasının həm siyasi, həm də iqtisadi səbəbləri var. İqtisadi səbəb odur ki, Çində və Avrozonada neftə tələb azaldı. Paralel olaraq təklif artdı. Xüsusilə, Amerikada neft ixracatına tətbiq edilən qadağa ləğv edildi. Birləşmiş Ştatlar neft idxalını kəskin azaltdı. 2008-ci illə müqayisədə 2014-cü ildə ABŞ gündəlik neft idxalını 8 milyon barel azaltdı. Əvəzində neft istehsalını artırdı. Mavi qazdan alınan neft daxil olmaqla, Amerikanın gündəlik istehsalı 11 milyon barelə çatıb. ABŞ faktiki olaraq dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Eyni zamanda idxalın strukturunu dəyişdirib. Bu gün Amerikanın aylıq istehlakı 600 milyon bareldir. Bunun 300 milyon barelini kənardan alır, 300 milyon barelini daxili istehsal hesabına ödəyir. Və idxalın strukturunda ölkələr elə qruplaşdırılıb ki, Amerika neftə görə heç bir dövlətdən asılı deyil. İdxalın strukturunu şaxələndirmək məqsədilə Amerika hətta Azərbaycandan da neft alır. Ən çox paya malik Kanada, daha sonra Səudiyyə Ərəbistanı və Meksikadır. Bu dövlətlərin Amerikanın ümumi idxalında payları 12 faizdən yüksək deyil.

- Bu, Amerikaya hansı imkanı verir?

- Amerika istənilən ticarət tərəfdaşından neft almaya bilər. Bunun müqabilində digər ölkələrin idxal payını 1 faiz artırmaqla həmin ölkənin yerini kompensasiya edir. Bu, Amerikanın neftin qiymətinə təsir etmək üçün ciddi alətidir. Amerikanın neftin qiymətini ucuzlaşdırmaq siyasəti 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsindən sonra  başlayıb. Həmin ildə neft idxalı və istehsalı ilə bağlı ayrıca strategiya hazırlandı. 2014-cü ildə həmin strategiyanı reallaşdırmağa başladı. Təsəvvür edin ki, Amerika neft  bazarında vəziyyəti o qədər diktə etdi ki, OPEK iki dəfə sammit keçirsə də, hasilatı azaltmaq yönündə qərar qəbul etməyib. Neftin dünya bazar qiymətinin uzun müddət ucuz qalması üçün Amerika hətta İranla münasibətlərinin yaxşılaşdırılmasından da istifadə etdi. İranın bazara neft çıxarması onu göstərdi ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi qısamüddətli dövrə deyil, ortamüddətli dövrə hesablanıb.

- İranın bazara ayaq açması nefti daha da ucuzlaşdırmayacaq ki?

- Neftin ucuzlaşması ehtimalları yüksəkdir. Burada iki məqam var. Birincisi, investorların marağıdır. Neft hasil edən şirkətlərin böyük qismi Qərbi təmsil edir. Bu investorlar neftin dünya bazar qiymətinin kəskin azalmasında maraqlı deyillər. Onlar öz ölkələrinə, eləcə də qlobal olaraq təzyiq etməyə çalışırlar ki, qiymətlər çox ucuzlaşmasın. Baxmayaraq ki, şirkətlərin təzyiqinin də  bir limiti var, neftin qiymətindəki azalma uzunmüddətli dövrü əhatə etməyəcək. Amerika Avropa sərmayəçilərinin də təzyiqi ilə üzləşə bilər.

Ən sərfəli kredit üçün müraciət et

- Neftin maya dəyəri hasilatçıya neçəyə başa gəlir?

- Azərbaycanda SOCAR bir barel nefti 15 dollara hasil edir, BP-də bu rəqəm iki dəfəyə yaxın ucuzdur. Səudiyyə Ərəbistanında isə bir barel neftin hasilat dəyəri 4 dollardır. Bu o deməkdir ki, ərəb ölkələri nefti 4 dollara hasil edir, 50 dollara satır. Yəni bütün hallarda mənfəət əldə edir. Azərbaycan da eləcə. Ona görə mənfəət norması hələ də qalır. Mənfəət norması olduğundan neftin qiymətinin daha da düşməsi istisna edilmir. Amma dərin yataqlarda neft hasilatının maya dəyəri çox bahadır. Məsələn, Rusiyada 30 dollara qədər yüksəlir. Neft 30 dollara düşərsə, bəzi yataqlarda hasilat dayandırılacaq. Söhbət xüsusilə dərin su qatlarında neft hasilatının rentabelli olmayacağından gedir.

- Neftin 30 dollara qədər ucuzlaşması dünya iqtisadiyyatında nəyi dəyişə bilər?

- İstehlakçı ölkələrin güclənməsinə imkan verəcək. Neftin qiyməti ilə bağlı Amerikanın ən böyük narazılığı Çindir. Çünki Çin Amerikadan sonra ikinci ən böyük neft alan ölkədir. Dünyada neft idxalının 15 faizi Çinin payına düşür. Və neftin dünya bazar qiymətinin ucuzlaşması Çin iqtisadiyyatını gücləndirə  bilər. Xatırlayırsınızsa, aprel, may, iyun aylarında neftin qiyməti müəyyən qədər möhkəmləndi. Hətta 60 dollara qədər yüksəldi. Kəskin ucuzlaşma avqust ayında müşahidə edildi. Bu, ona görə baş verdi ki, Çin zəiflədi.

- Deməli, Çin rəqib kimi zəifləyib?

- Çin dünyada nominal ümumi daxili məhsulun həcminə görə  ikinci, real ümumi daxili məhsulun həcminə görə birincidir. Artıq ABŞ-ın Çin qorxusu yoxdur. Çin iqtisadiyyatında problemlər var, uzun müddət sonra devalvasiyaya gedib və səhm bazarı bir gündə 35 faiz dəyər itirib. Çin rəqib kimi zəiflədiyindən bu, Amerikaya nefti ucuzlaşdırmaq imkanı verir.

- Vüqar müəllim, neftin qiyməti ilə bağlı neft ölkələrinin narahatlıq yaşadıqları zamanda əlavə maliyyə resurslarının cəlbi gündəmə gəlib. Xüsusilə, Azərbaycanda bəzi ekspertlər düşünür ki, ölkə qlobal böhrandan yayınmaq üçün rezervlərindən istifadə edə bilər. Eləcə də xarici borclanmasını artıra bilər. Çünki qonşu dövlətlərlə müqayisədə bu gün xarici borcun ÜDM-də payı 12 faizdir.

- Azərbaycan xarici borcunun ÜDM-də payının az olmasına görə MDB məkanında və Mərkəzi Şərqi Avropada yeganə ölkədir. Praktikaya əsasən, xarici borcların ÜDM-də payı 35 faizə qədər qorxulu deyil. 65 faizə qədər risksiz deyil, bundan yuxarı rəqəm artıq risklidir. Xarici borcların artımı ölkənin asılılığını artıra bilər. Yunanıstan təcrübəsinə nəzər yetirək. Borc asılılığına görə, hər il hakimiyyət dəyişir, Avropa şirkətləri hətta adaları belə özəlləşdiriblər. Dövlət şirkətlərinin səhmləri su qiymətinə satılıb. Yunanıstan kimi Avropa Birliyinin üzvü olan ölkə bu asılılıqdan qurtula bilmirsə, birlikdən kənarda olan ölkələrə bu asılılıq vasitəsilə təzyiq edilə bilər. Beynəlxalq standartlara əsasən, xarici borcların payı ÜDM-in payından çoxdursa, həmin ölkənin defolt təhlükəsi var. Düzdür, Avropada elə ölkələr var ki, onların borcu ÜDM-dən üç dəfə çoxdur. Amma həmin ölkələrə olan borclara da nəzər yetirmək lazımdır. Ölkə böyükdürsə və inkişaf edibsə, orada digər indiqator xarici borcun ÜDM-dəki payı ilə yanaşı, ölkəyə olan borclardır. Təsəvvür edin, İngiltərinin xarici borcu ÜDM ilə müqayisədə çoxdur, amma bu ölkəyə borcların həcmi də çoxdur. Praktik olaraq bunlar bir-birini kompensasiya edir.

Azərbaycan fevral devalvasiyasından yayına bilərdimi? 

Mərkəzi Bank devalvasiyaya getməməyə çalışır 

 

Ən sərfəli krediti almaq üçün müraciət et