Latviyada "kölgə"dən çıxmaq üçün çek lotereyası oynanılacaq | Banco.az

Latviyada "kölgə"dən çıxmaq üçün çek lotereyası oynanılacaq

Latviya "kölgə iqtisadiyyatı" və vergilərin yayındırılması ilə mübarizə üçün çek lotereyası tətbiq etməyə hazırlaşır. Təşkilatçısı Dövlət Gəlirlər Xidməti olan lotereya oyununa pul uduşları qoyulacaq. Ölkədə fəaliyyət göstərən ayrıca internet saytı üzərindən iyulun 1-dən bütün arzu edənlər oyunda iştirak etmək üçün öz çeklərini qeydiyyatdan keçirə bilərlər.

Vergi administrasiyasının mövqeyinə görə, bu addımın atılmasında məqsəd istehlakçılarda aldıqları malların çeklərini və ya istifadə etdikləri xidmətlərin qəbzlərini tələb etməyə maraq oyatmaqla ədalətli rəqabətə və vergi öhdəliklərinin yerinə yetirilməsinə şərait yaratmaqdır. "Bu, Latviyada ilk təcrübədir. Lotereyada iştirak etmək və pul udmaq üçün 5 avrodan az olmamaq şərtilə çek və ya qəbz qeydiyyata alınmalıdır. Arzu edən hər kəs oyunda iştirak edə bilər", - Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Vergi administrasiyasından bildirildiyinə görə, lotereyanın aylıq mükafat fondu 10 min avro dəyərində bir, 5 min avro dəyərində üç və 100 avro dəyərində 50 uduşdan ibarət olacaq. Bundan əlavə, illik uduş turu da keçiriləcək: 20 min avro dəyərində bir; 10 min avro dəyərində dörd və 2 min avro dəyərində beş uduş oynanılacaq. Qeyd edək ki, bu təcrübə artıq Avropanın bir sıra ölkələrində, məsələn, Malta, Slovakiya, Portuqaliya və Polşada, eləcə də Latviyaya qonşu olan Litvada tətbiq edilir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et