"İpoteka Fondunun (AİF) səhmləşməsi faydalar gətirəcək" | Banco.az

"İpoteka Fondunun (AİF) səhmləşməsi faydalar gətirəcək"

Dünya Bankı tərəfindən (DB) Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondunun (AİF) səhmləşməsi təklif edilir.

Banco.az "Trend"ə istinadən xəbər verir ki, bunu Dünya Bankının (DB) Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina deyib.

Ekspert bildirib ki, AİF-in bazar dəyərinin qiymətləndirilməsinə imkan yaratmaq üçün Fondun səhmləşməsi məntiqli addım olardı: “Bu da öz növbəsində böyük həcmdə resursların cəlb edilməsi ilə bağlı imkanları genişləndirəcək”.

A.Priqojina qeyd edib ki, belə fondlarda mülkiyyət qarışıq ola bilər: “Hər şey AİF-in özəlləşdirilməsindən asılıdır. Düşünürük ki, hazırda özəlləşdirilmə üçün uyğun zaman deyil. Ancaq Fondun fəaliyyətini genişləndirmək və işini təkmilləşdirmək də lazımdır. Ümumilikdə AİF-in kifayət qədər çox imkanı var”.

Ən sərfəli kredit üçün müraciət et

DB əlaqələndiricisi bildirib ki, Fond tərəfindən buraxılan ipoteka istiqrazları, həmçinin sosial ipoteka proqramı çərçivəsində AİF-in aldığı dövlət yardımı azdır: “Hesab edirik ki, fəaliyyətinin gələcəkdə genişləndirilməsi, yeni daxili və xarici resursların cəlb olunması üçün Fondun böyük imkanları var. Daxili əməliyyat prosedurlarının təkmilləşdirilməsi və Fondun fəaliyyətinin effektivliyini artırmaq üçün AİF ilə birgə məsləhət proqramlarının həyata keçirilməsinə başlamışıq. Fond və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə qiymətli kağızların hansı alətlərini inkişaf etdirə biləcəyimizlə bağlı məsələləri müzakirə edirik. Bu, AİF də daxil olmaqla müxtəlif emitentlərə əlavə resurslar cəlb etmək üçün imkan yaradacaq”.

A.Priqojina qeyd edib ki, hazırda Fond çox ucuz resurslarla işləyir, bu da hamıya çatmır: “Kommersiya banklarının işlədiyi ipoteka kreditlərinin həcmini nəzərə alsaq, deyə bilərik ki, əhalinin yüksək kredit faizləri ilə olsa da belə, ipotekayla mənzil almaq istəyi var. Azərbaycanda ipoteka kreditinin inkişafı üçün böyük imkanlar var”.

Ən sərfəli krediti almaq üçün müraciət et