İlkin Yusif: "Guerrilla marketinqi partizan ruhlu şəxslər həyata keçirməlidir" | Banco.az

İlkin Yusif: "Guerrilla marketinqi partizan ruhlu şəxslər həyata keçirməlidir"

"Guerrilla marketinq bəzən əyləncəli, bəzən mərhəmətsiz, bəzən də qanunsuz şəkildə baş verir" - İlkin Yusif

Bu dəfə müsahibimiz “Guerrilla filmmaker” kimi tanınan İlkin Yusifdir.

İlkin bəylə, elə son günlərin ən çox gündəmdə olan mövzusu “guerrilla marketing” haqqında danışdıq. Hazırda 33 yaşı olan və rejissor kimi fəaliyyət göstərən İlkin bəy, “Bumeranq Yaradıcılıq Mətbəxi” adlı reklam agentliyində kreativ direktordur.

  • İlkinbəy, son zamanlar trend mövzulardan biri “guerrilla marketinq”dir. Oxucularımız üçün maraqlıdır, guerilla marketinq nədir?

“Guerrilla Marketing” qeyri-ənənəvi üsullarla gözlənilməz yerdə qəfil zamanda keçirilən reklam kampaniyasıdır. Rahat anlaşılsın deyə, “Guerrilla Marketing” sözünü “Partizan Fəaliyyəti” ilə əvəzləyək. Partizan fəaliyyətinin üstün cəhətlərindən biri klassik metodlardan fərqli olaraq, müştəridə daha qalıcı təsir bağışlaması və az büdcə ilə böyük kütləyə xitab edə bilməsidir. Digər fərqləndirici xüsusiyyəti isə bazarda rəqiblərə kiçik hücumlar etməklə, onları zəiflətməkdir. Bu bəzən əyləncəli, bəzən  mərhəmətsiz, bəzən də qanunsuz şəkildə baş verir.

Yəni partizan kimi gizli, icazəsiz, heç kimin xəbəri olmayan bir vaxtda və yerdə hər hansı fəaliyyəti qeyri-ənənəvi formada həyata keçirirsən. Partizan fəaliyyəti insanları təəcübləndirir, şoka salır və bununla da, onların şüuraltında özünə yer edir. Burada sərhədlər, qaydalar, bəzən də qanunlar pozula bilir. Bir də onu qeyd etməliyəm ki, burada fəaliyyətinin uğurlu olması üçün onu partizan ruhlu şəxslər həyata keçirilməlidir.

  • Konsept olaraq, guerilla marketinq nə zaman yaranıb və Azərbaycanda nə vaxtdan tətbiq olunur?

Onu demək çətindir.Yəqin ki, ilk dəfə bu fəaliyyət növünü insanlar fərqində olmadan həyata keçiriblər. Bəlkə də 4000 il əvvəl misirlilərin papiruslara yazdığı satış mesajları və divar posterləri ilə başlayıb. 18-ci əsrdə ilk reklam qəzetlərdə görünməyə başlayanda, bu partizan əməli sayıla bilərdi. Bir əsr sonra müasir reklamın atası kimi tanınan Tomas J.Pears Soap şirkətində işləyərkən, yarım milyon Fransız  qəpiyinin üstünə “Pears Soap” yazdıraraq, dövriyəyə buraxdı. Bu, böyük səs-küyə səbəb oldu, hətta parlament bu barədə akt tərtib etməli oldu. Bax, bu çox əla “Guerrilla Marketing” nümunəsi idi. Amerikanın reklam sektorunda “Guerrilla Marketing” 1960-cı ildən istifadə edilməyə başlanılıb və sonradan Jay Conrad Levinsonun 1984-cü ildə yazdığı kitabında adı çəkildi. 

Azərbaycana gəldikdə isə, Partizan fəaliyyətinin nə vaxt tətbiq olunduğunu dəqiq deyə bilmərəm. Bəlkə də “Mir Mövsüm Ağa”-nın şəklini sənə verib, sonra pul istəyən uşaqdan, cütlük görən kimi onların yanında peyda olan gülsatandan, küçədə sənin taleyini oxuyan qaraçıdan, ayaqqabının dəri olduğunu sənə sübut etmək üçün qayaqqabını sənin gözünün qarşısında yandıran satıcıdan, masaj salonunun önündə durub göz-qaş edən xaladan başlayıb...

  • Beynəlxalq təcrübədən, guerilla marketinqin tətbiqi ilə bağlı hansı uğurlu keysləri nümunə çəkmək olar?

Beynəlxalq təcrübədə belə nümunələr “N” saydadır. Məsələn, onların arasında McDonald`s vs Burger King çəkişmələri çox maraqlıdır. Üzərində “Mini” avtomobilinin şəkli olan kağız qutunun zibil qabının yanında qoyulması avtomobilin nə qədər yığcam olduğu mesajını verir.Videolardan “Wolkswagen”in etdiyi “Fast Lane”fəaliyyəti yeraltı keçidə uşaq sürüşkəni quraşdırılması və “Sürətli Zolaq”kimi tələsənlərin ixtiyarına verilməsiuğurlu nümunələrdən biridir. Və yaxud, “TNT”nin küçədə etdiyi “Push Button”fəaliyyəti zamanı sən düyməyə basırsan və “Action” başlayır. Silahlı qarşıdurma,qızlar və maşınlar və s. Qarşısında canlı film baş verir.

“Tik-Tak”ın partizan fəaliyyəti də diqqət çəkən işlərdən hesab olunur. Əvvəlcədən müəyyən olunmuş adam küçədə təsadüfi seçilmiş bir nəfərdən söz soruşur və o cavab verdiyi anda yerə yıxılır. Guya ağzından qoxu gəlir. Ardınca meydanda olan hamı yıxılır. Sonda yıxılanlardan biri ona tik-tak uzadır və hamı qalxır.

Ən sərfəli kredit üçün müraciət et

“Ray-Ban” “Never Hide” adlı kampaniya etmişdi. Gecə ilə şəhərdəki bütün posterlərdə insanların üzünü ölçüb, onlara uyğun eynək yapışdırmışdılar.Bu, əsl partizanlıq idi. Son dövrlərdə gürcülərin “Virtual Journey to Irland” adlı partizan fəaliyyəti də uğurlu idi. Küçədəki insanlara virtual eynək taxıb İrlandiyaya aparırdılar.Sonra İrlandiyanı adamların “ayağına” gətirib, virtuallıqdan reallığa keçid edirdilər.

  • Bəs Azərbaycanda?

Azərbaycanda çox az nümunə var. Bunun səbəblərini açıqlamaq istəmirəm. Mənim yadımda qalan ilk “Guerrilla”lardan biri 2012-ci ildə “Magnum” agency tərəfindən həyata keçirilən AG bankın danışan bankomatı idi. Daha sonra Rüfət Həsənovun “Az Sığorta” üçün çəkdiyi reklamı sadalaya bilərəm. Biz “Bumeranq Yaradıcılıq Mətbəxi”olaraq, ilk “Guerrilla” fəaliyyətimzi  2014-cü ildə “Piyada podiumu” ilə etmişik. Sürücü və piyadaların diqqətini piyada keçidinə çəkmək üçün yerüstü piyada zolağı üzərində modellərlə moda nümayişi etmişdik. Daha sonra bir neçə uğurlu partizan fəaliyyətimiz oldu.Yadda qalan partizan fəalliyətlərimizdən biri də plaş altında gizli satış edən “Makaronbaz”dır.

  • Guerilla marketinqin tətbiqi daha çox hansı biznes növləri üçün effektiv hesab olunur?

Bunu bütün biznes növlərinə, hətta sosial kampaniyalara belə tətbiq etmək mümkündür. Bu yaxınlarda,“UNICEF” diqqəti Somalidəki içməli su çatışmazlığına yönəltmək üçün “worldwaterweek” adlı mükəmməl partizan fəaliyyəti həyata keçirdi.

  • Bildiyim qədəri ilə guerilla marketinqin özünün də müxtəlif növləri var. Onlar haqqında və hansı şəraitdə tətbiqin daha effektiv olmasında danışardız.

Bəli, növlər çoxdur, rəngarəngdir. Flayer paylamaqdan tutmuş, küçədə flashmob etməyə qədər...Bu zaman ətrafınızda olan elementlərdən istifadə etməklə, həmin obyektləri öz məhsulunuza oxşada və ya onlara kiçik bir əlavə etməklə, hər hansı mesaj vermək olar. Bizim küçələrdə buna rast gəlmək çətindir.Binaların üzərində icazə almadan proyeksiya ilə hər hansı məlumatı və ya rəsmi yerləşdirmək olar. Bu zaman bina sahibinin razılığı olmadığı üçün ya cərimə oluna bilərsən, ya da cəza alacaqsan. İcazəsiz şəkildə posterlərin binalara, ağaclara və s. yerlərə yapışdırlması partizan fəaliyyətininən aşağı xərc tələb edən formasıdır. Yenə icazəsiz olduğu üçün hüquqi problemlər yaşana bilər. Küçədə olan bir çox marketinq fəaliyyətləri də bura aiddir. Maskotlar, əllərində informasiya daşıyanlar və s.

Partizan fəaliyyəti o zaman uğurlu və effektiv olur ki, yanaşma çox yaradıcı olsun. Əgər standart  flayer paylamaq effektiv deyilsə, siz flayerləri yaradıcı formada paylamalısınız. Yəni ki, guerrilla fəaliyyətlərinə yaradıcı yanaşma olsa, hamısı effektivdir.

  • Düzgün tətbiq oldunduğu zaman guerilla marketinqin effektivliyini necə ölçmək olar?

Guerrilla fəaliyyətinin ölçü meyarı elə fəaliyyətin videosu və onun baxış sayıdır. Əgər video virallaşıbsa, bu artıq effektiv fəaliyyət sayılır.

Müsahibə üçün təşəkkürlər

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et