Ekspertlər hesab edir ki, iqtisadi artım tempi növbəti illərdə də davam edəcək | Banco.az

Ekspertlər hesab edir ki, iqtisadi artım tempi növbəti illərdə də davam edəcək

"Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir. Bu barədə agentliyin hesabatında deyilir. Agentliyin analitikləri 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırır: "Əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı. Biz gözləyirik ki, Azərbaycanda ümumi daxili məhsulun artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3 faiz artacaq. Bu, neft qiymətlərinin artmasının davam etməsi ilə və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”.

Artıq beynəlxalq maliyyə qurumları və agentliklər Azərbaycanın iqtisadi inkişaf tempi ilə bağlı müsbət proqnozlar verir. Daha əvvəl "Standard & Poor’s" və "Fitch Ratings" də öz açıqlamalarında bu haqda qeyd edib. Bəs görəsən bu proqnozlar özünü doğrulda biləcəkmi? Ümumiyyətlə bu proqnozlar nəyin göstəricisidir?

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov bildirdi ki, 2016-cı ilin dünya iqtisadi böhranının yaşatdığı çətinliklərdən sonra hökümətin ölkə iqtisadiyyatının stabilləşdirilməsi istiqamətində atdığı addımlar öz nəticələrini verməyə başlayıb: “Belə ki, 2017-ci il stabilləşmə ili kimi yaddaşlarda qaldı. 2018-ci ilin birinci yarısı artıq geridədir və biz real sektorda çox yaxşı nəticələr əldə edildiyini görürük. İqtisadi dirçəliş səviyyəmiz bizə büdcəmizi dəyişərək onun gəlir və xərclərini artıra bilmək imkanları verdi. Büdcədən əlavə xərclərin həyata keçirilməsi nəticə etibarilə iqtisadiyyatın inkişaf sürətini bir qədər də artırmağa şərait yaradır. Bu gün ölkənin bütün bölgələrində tikinti-quraşdırma işləri görülür. Tikinti iqtisadi dirçəlişin ən əsas göstəricilərindən biridir. Ötən dövr ərzində real sektorda ümumi artım 2,0% təşkil etsə də onun aparıcı sahəsi hesab olunan qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 7,6% arta bildi. Bunlar yaxşı göstəricilərdir. Hesab edirəm ki, ilin sonuna doğru bu göstəricilər bir qədər də yaxşılaşacaq. Hesabat dövründə ölkənin valyuta ehtiyatları 44,3 milyard dollara çatdı. Neftin qiymətlərinin indiki səviyyəsində bu ehtiyatların ilin sonuna doğru 50 milyard dollara yaxınlaşacağı ehtimal olunur. Bu Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi, milli valyutanın isə tam sabit qalması demək olacaqdır. Real sektorda əldə olunmuş uğurlar bu sahəyə yatırılan investisiyalardan bilavasitə asılıdır. İstənilən investor isə ölkədə investisiya mühiti normal olduqda addım atır. Azərbaycanda bu gün biznes mühiti olduqca əlverişlidir. İnvestisiyaların və ixracın təşviqi ilə sahibkarlıq və sahibkarlığa bağlı qaydaların tətbiq edilməsi isə bu mühiti daha maraqlı edir”.

Ən sərfəli kredit üçün müraciət et

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Azər Badamov bildirdi ki, ölkə iqtisadiyyatının ayrı-ayrı sektorlarında artım müşahidə edilir: “İlin ilk 6 ayı ərzində ölkənin iqtisadi potensialında artım müşahidə edilib və bu tendensiyanın ilin sonunadək davam edəcəyi gözlənilir. Strateji yol xəritəsində bu məsələ ayrıca qeyd olunub və müvafiq addımlar atılmaqdadır. Hazırda iqtisadiyyatın fərqli sferalarına dövlət dəstəyi göstərilir. Yol xəritələrində müəyyən edilən hədəflərin bəzilərinin artıq icrası uğurla başa çatdırılıb. Bu mənada deyə bilərəm ki, beynəlxalq agentliklərin öz açıqlamalarında Azərbaycan haqqında verdikləri proqnoz bugünki reallığı əks etdirir. 2018 – 20 – ci illərdə illərdə iqtisadi artımın  proqnoz ediləndən daha çox olacağını düşünürəm. Çünki bu il bir neçə sənaye müəssisəsi fəaliyyətə başlayıb. Bundan başqa ölkənin turizm potensialı artmaqdadır. Aqrar sahə üzrə ayrı-ayrı layihələrin icrası həyata keçirilir. Ənənəvi kənd təsərrüfatı sahələri yenidən dirçəldilir”.

Şəbnəm Mehdizadə, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et