Dünyanı dəyişdirən 10 iqtisadçı | Banco.az

Dünyanı dəyişdirən 10 iqtisadçı

İqtisadiyyat digər sosial elmlər kimi insanı, münasibətləri və ehtiyacları əsas götürərək formalaşmış elm sahəsidir. Qısaca tərifini desək; məhdud resurslar ilə qeyri-məhdud ehtiyacların rasional olaraq təmin edilməsi problemini araşdıran bir elm sahəsidir.

Həmçinin oxu: İqtisadiyyata dair təməl anlayışlar

Digər elm sahələri kimi iqtisadiyyat da tarix boyunca müntəzəm olaraq inkişaf etmiş və dəyişikliyə məruz qalmışdır. Bu müddət ərzində xüsusilə də bəzi iqtisadçılar əldə etdikləri uğurlarla təkcə iqtisadiyyat elmini daha da inkişaf etdirməmiş, həm də dünyanın gedişinə də təsir göstərməyə nail olmuşlar.

Gəlin, sözügedən iqtisadçılardan bəziləri ilə yaxından tanış olaq:

1. Adam Smit (Adam Smith) (1723-1790)

Əxlaq fəlsəfəsi professoru olmasına baxmayaraq müasir iqtisadiyyatın atası olaraq tanınan şotland əsilli Böyük Britaniya iqtisadçısı Adam Smitin 1776 – cı ildə yazdığı “Xalqların Sərvəti” adlı kitabı iqtisadiyyat tarixində xüsusi bir yerə sahibdir. Smit, “Gözəgörünməz əl” nəzəriyyəsi ilə iqtisadiyyatda təbii bir tarazlıq olduğunu iddia etmiş və bu tarazlığa ediləcək hər cür müdaxiləyə qarşı çıxmışdır. Fərdlərin şəxsi maraqları naminə hərəkət etməsinin cəmiyyət üçün faydalı olduğunu söyləyən Smit, bu düşüncələri ilə azad bazar iqtisadiyyatının təməllərini qoymuşdur.

2. Tomas Maltus (Thomas Malthus) (1766-1834)

1789 – cu ildə yayımladığı “Əhali qanunu haqqında təcrübə” araşdırması ilə məşhurlaşan ingilis iqtisadçısı Maltus, kasıblıqla bağlı kəskin düşüncələrə sahib idi. Onun fikrincə, kasıblıq qaçılmaz və təbii olduğu üçün gec evlənmək, az sayda uşaq dünyaya gətirmək kimi məsələlərin təşviq edilməsi lazımdır. Maltus həyatı boyunca kasıblar üçün edilən hər cür yardıma qarşı çıxmışdır.

3. Fridrix List (Friedrich List) (1789-1846)

Avropa İqtisadiyyat Cəmiyyətinin qurulmasına rəhbərlik edən alman iqtisadçısı Fridrix List, 19 – cu əsrin ən mühüm iqtisadçılarından biridir. Adam Smitin “Dəyər Nəzəriyyəsi” – ni tənqid edərək “Məhsuldar qüvvələr nəzəriyyəsi” – ni yaratmışdır. Bu nəzəriyyə ilə təkcə şirkətlər arası rəqabəti deyil, həmçinin yenilik (innovasiya), mühəndislik fəaliyyəti, sahibkarlıq və əhalinin təhsil səviyyəsini də nəzərdə tutmuşdur. Onun fikrincə, bir iqtisadiyyatın inkişaf etməsi insanların intellektual inkişafına (ixtiralar, texnologiyanın təkmilləşməsi) bağlıdır.

4. Con Stüart Mill (John Stuart Mill) (1806-1873)

İngilis filosof Con Stüart Mill, 19 – cu əsrin qabaqcıl mütəfəkkirlərindən biridir. Hələ 14 yaşında olarkən aldığı təhsil sayəsində dövrünün iqtisadi biliklərinə sahib olmaqla yanaşı, digər sosial elmlərdən də agah olan Mill, əməyi məhsuldar və qeyri-məhsuldar olmaqla iki hissəyə ayırmış və sərvət yaradan əməyi birinci qrupa aid etmişdi. Onun fikrincə, pulun iqtisadiyyatda bir rolu yoxdur və dövlət iqtisadiyyata müdaxilə etməməlidir. Onun ən mühüm əsəri 1848 – ci ildə yayımladığı “Siyasi iqtisadiyyatın prinsipləri” adlı çalışmasıdır.

5. Karl Marks (Karl Marx) (1818-1883)

Fikirləri hələ də müzakirə obyekti olan alman filosofu və iqtisadçısı Karl Marks öz iqtisadi nəzəriyyəsi ilə klassik iqtisadi nəzəriyyəyə ilk dəfə ciddi şəkildə qarşı çıxmışdır. Marks kapitalizmin təməl prinsiplərinə qarşı çıxmış və kapitalist sistemin tarazsız daxili dinamikası səbəbilə uzun müddət davam etməyəcəyini bildirmişdi. Planlaşdırma və bazar mexanizmi əvəzinə planlı qiymətlər, xüsusi mülkiyyət əvəzinə dövlət mülkiyyəti kimi məsələlər Marksist iqtisadi nəzəriyyənin əsaslarını təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

6. Alfred Marşall (Alfred Marshall) (1842-1924)

Alfred Marşall Adam Smitdən sonra müasir iqtisadiyyat elminin ikinci qurucusu olaraq qəbul edilir. “İqtisadiyyatın prinsipləri” adlı əsəri uzun müddət dərslik kimi istifadə edilmişdir. O, sözügedən kitabdakı düşüncələrini riyazi formullarla əsaslandırmağa nail olmuşdur. Ona qədər əsasən makroiqtisadiyyata maraq göstərildiyi halda, Marşall bu marağı mikroiqtisadiyyata və nisbi analizə çevirmişdir.

7. Irving Fisher (1867-1947)

Neoklassik iqtisadçılar arasında adı qeyd edilən Amerikalı iqtisadçı Irving Fisher “Marjinal Fayda Nəziyyəsi” – nin riyaziyyata tətbiq edilməsində mühüm rol oynayıb. Fisherin bazar dəyəri tənliyi bu gün də pul nəzəriyyəsinə dair çox sayda araşdırmanın təməlini təşkil edir. Bununla yanaşı, Fisherin “Miqdar Nəzəriyyəsi” iqtisadiyyat tarixində olduqca mühüm bir yerə sahibdir. Burada, tədavüldəki pulun miqdarı, pulun dövriyyə sürəti, qiymətlərin ümumi səviyyəsi və bazardakı ticarət həcmi arasındakı əlaqədən bəhs edilir. Belə ki, pulun miqdarındakı artım birbaşa qiymətlərin ümumi səviyyəsinin yüksəlməsinə və pulun dəyərinin aşağı düşməsinə səbəb olacaqdır.

8. Con Meynard Keyns (John Maynard Keynes) (1883-1946)

Makroiqtisadiyyatın banisi hesab edilən ingilis iqtisadçısı Con Meynard Keyns radikal fikirləri ilə iqtisadiyyatda iz qoymuşdur. Klassik və neoklassik  iqtisadçıların əksinə bazarın hər zaman qüsursuz işləmədiyini, dövrlərdən asılı olaraq tələb və təklif arasında tarazlığın pozulduğunu bildirmiş və belə vəziyyətlərdə dövlətin müdaxiləsinin qaçılmaz olması fikrini müdafiə etmişdir. Keyns iqtisadiyyatı, inqilabi xüsusiyyətlərinə baxmayaraq, kapitalizmə qarşı olmaqla yanaşı, kapitalizmi daha da inkişaf etdirərək əksik cəhətlərini aradan qaldırmaq məqsədi daşıyırdı. Bu gün belə bəzi hallarda iqtisadiyyatı canlandırma strategiyaları üçün Keynsin fikirlərinə müraciət edilir.

9. Fridrix fon Hayek (Friedrich Hayek) (1899-1992)

Avstriya İqtisadi Məktəbinin mühüm simalarından biri olan Fridrix Hayek əsl liberal idi və azad bazar iqtisadiyyatını təşviq edirdi. O, İkinci Dünya Müharibəsindən sonra daha yaxşı bir dünyanın necə qurula biləcəyi haqqında düşünərək Keynsin fikirlərinə qarşı çıxmışdı. Keynsin iqtisadi böhrana qalıb gəlmək üçün dövlət dəstəyini artırmağı irəli sürən düşüncələrinə qarşı çıxan Hayek, xüsusi mülkiyyətin və yatırımların təşviq edilməsini müdafiə edirdi. O, azad iqtisadiyyatı təşviq edən fəaliyyətinin nəticəsində 1974 – cü ildə İqtisadiyyat üzrə Nobel Mükafatı almışdır.

10. Milton Fridmen (Milton Friedman) (1912-2006)

1976 – cı ildə İqtisadiyyat üzrə Nobel Mükafatına layiq görülən Amerikalı iqtisadçı Milton Fridmen həmin il “Pulun qiymət nəzəriyyəsi tədqiqatları” adlı kitabında monetarizmin təməl prinsiplərindən bəhs etmişdir. Son illərdə dünyaya ən çox təsir göstərən iqtisadçıların başında gələn Fridmen, əsasən pul nəzəriyyəsi, pulun tarixi, istehlak analizi və sabitlik strategiyaları kimi mövzularda işlər görmüşdür.

Həmçinin oxu: Dünya iqtisadiyyatında hansı ölkə ağalıq edir?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et