DÇ futbol geyimləri monopoliyada | Banco.az

DÇ futbol geyimləri monopoliyada

Bir neçə gün öncə başlayan futbol üzrə Dünya Çempionatı (DÇ) həmişəki kimi maraqlı olması baxımından digərlərindən seçilir. Rəsmi məlumatlara görə, bu çempionatı 3,2 milyard insan izləyəcək.

DÇ komandaların tərkibi ilə yanaşı, bir çox başqa xüsusiyyətləri ilə də diqqəti cəlb edir.

DÇ ilə bağlı maraqlı araşdırmalar aparan “Blumberq” saytı bu dəfə də ciddi mövzuya toxunub. 1 ay ərzində Braziliyada top qovacaq komandaların geyimlərini hazırlayan firmalar haqqında statistik məlumatı nəzərinizə çatdırırıq.

Araşdırmaya əsasən, çempionat ərzində yarışacaq 32 komandanın 27-nin geyimini 3 firma hazırlayır. Dünya brendi hesab edilən “Nayk” ("Nike"), “Adidas” və “Puma” bu bazarı əldə saxlayıb.

“Nayk” hazırda 32 komandadan 10-nu geyimlə təmin edib. Ötən illərin statistikasına nəzər salsaq, görərik ki, əvvəlki illərdə bu rəqəm daha çox olub. Bu rəqabətdə ikinci yeri “Adidas” tutur. Təxminən 9 ölkə yığması “Adidas”ın, 8 dövlətin komandası isə “Puma”nın hazırladığı geyimi geyinəcək.

ABŞ brendi hesab edilən “Nayk” Avstraliya, Braziliya, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, Niderland, Portuqaliya, Cənubi Koreya və doğma ABŞ-ın futbol komandalarını geyimlə təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

Argentina, Bosniya və Herseqovina, Kolumbiya, Yaponiya, Meksika, Nigeriya, Rusiya, İspaniya və Almaniya komandalarını elə sonuncu ölkənin ən tanınmış firması olan “Adidas” geyim forması ilə təmin edir.

Futbol komandalarını geyimlə təmin edən Almaniyanın digər bir firması “Puma”dır ki, bu geyim nəhəngi Əlcəzair, Kamerun, Çili, Qana, İtaliya, Fil Dişi Sahili, İsveçrə və Uruqvaya paltar paylayır.

Dünya Çempionatında iştirak edən qalan 5 komanda isə başqa geyim firmaları ilə müqavilə imzalayıb. Cənub qonşumuz İran Almaniyaya məxsus “Uhlsport”, Kosta-Rika İtaliyaya məxsus “Lotto”, Belçika İsveçrəyə məxsus “Burdda”, Honduras İspaniyaya məxsus “Joma Sport” və nəhayət, Ekvador elə öz istehsalı olan “Maraton Sport” (Marathon Sport) firmalarından geyimlə təmin olunacaq.

2013-cü ilin rəsmi statistikasına görə, “Adidas” FİFA-ya 2,4 milyard dollar, “Nayk” isə 1,9 milyard dollar köçürüb.

Mənbə: http://axar.az/news/21172#ad-image-2

 

Ən sərfəli krediti almaq üçün müraciət et