“Amazon”un təsisçisi Ceff Bezosla boşandıqdan sonra Makkenzi Bezos ABŞ-ın və dünyanın ən zəngin qadınlarından birinə çevrildi. Onun haqqında az məlumat mövcuddur: Prinston universitetində ədəbiyyat oxuyub, kitablar yazır. “Amazon”un ilk əməkdaşları qeyd edir ki, şirkətin yeni qurulduğu zamanlar Makkenzi əri ilə çiyin-çiyinə çalışıb.
Həmçinin oxu: Tarixin ən bahalı boşanması Ceff Bezosun sərvətinə necə təsir etdi?
Makkenzi Bezos 1996-cı ildə “Amazon”un ofisində işləməyə başlayır. Şirkətin ilk ofisi qarajda yerləşib. Onun gözəl xasiyyəti işləyərkən həm karyera cəhətdən, həm də işçilərlə münasibət baxımından çox uğur qazandırıb. Makkenzi öz kabinetini kiçik əməkdaşla paylaşırdı, ofisin mətbəxi də elə o kabinetdə yerləşirdi. Günün 12 saatı işçilər mətbəxə girib-çıxırdılar. Bu şəraitdə Makkenzi mühasibatlığa rəhbərlik edirdi. Axşamlar isə anbara gedib sifariş olunan malları şəxsən qablaşdırırdı. Şirkətin ilk müqavilələri də onun sayəsində bağlanıb, bu da şirkətin böyüməsində böyük rol oynayıb.
“Amazon”un yeddinci əməkdaşı olmuş Mayk Henlon söyləyir ki, Makkenzi şirkətə böyük töhfələr verib. “O, həqiqətən, istedadlıdır. Milyarderin həyat yoldaşı kimi qəbul edildiyinə görə insanlar onun şəxsi keyfiyyətlərinə diqqət yetirmir”.
Həmçinin oxu: Mark Zükerberq: “Heç kəs milyarder olmağa layiq deyil”.
Görünür, 49 yaşlı Makkenzinin ətrafındakı sirli atmosfer qəsdən yaradılıb. “Amazon”un təşəkkül tapdığı ilk dövrlərdə də Makkenzi anonimliyini qoruyub saxlayırdı. Ceff Bezosla boşandığı yanvar ayında mətbuata məlum olduqdan sonra artıq müsahibə də verməyib.
Cütlüyün boşanma prosesi iyul ayında yekunlaşdı və Makkenzi “Amazon”un səhmlərinin 4%-nə sahib oldu. Hazırda bu səhmlər 36,1 milyard dollar dəyərində qiymətləndirilir. Bu da ona bu ilki Forbes 400 reytinqinə girməyə imkan verib.
“O, şirkətin 50%-nə layiq idi, — “Amazon”un ilk investorlarından biri olan Nik Hanauer deyir. — Şirkətin ilk günlərində Makkenzi də əri ilə bərabər səviyyədə çalışıb”.
Makkenzi bu müsahibəyə şərh verməkdən imtina edib. Onun həyatı haqqında öyrənmək üçün KİV nümayəndələri həmişə Makkenzinin dostları, tələbə yoldaşları, həmkarları ilə əlaqə saxlayıblar.
Makkenzi San-Fransiskoda böyüyüb, üç uşağın ortancılıdır. 6 yaşında ikən 142 səhifəlik “Kitab qurdu” əsərini yazır. Onun anası evdar qadın, atası isə maliyyə məsləhətçisi idi. Makkenzini Konnektikut ştatında yerləşən Hotçkiss qapalı məktəbinə göndərirlər. Daha sonra o, Kembricdə, ardınca Prinstonda təhsil alır. Prinstonda ingilis ədəbiyyatı üzrə ixtisas qazanır. Nobel mükafatı laureatı olmuş yazıçı Toni Morrison onun dissertasiya rəhbəri olub. “Makkenzi sakit, təmkinli və parlaq tələbə idi”, — onun ingilis dili müəllimlərindən biri olmuş Ceff Nunokava deyir.
Universiteti bitirdikdən sonra D.E. Şounun hedge fondunda (“hedge found” — investorların məhdud əməkdaşlığıdır. Yüksək risk edərək cəlb olunmuş investisiya kapitalı ilə investisiya qoyurlar. İş uğurlu alınarsa, böyük məbləğdə kapital qazanırlar) işləməyə başlayır. Elə burada da Ceff Bezosla tanış olur. 1994-cü ildə Ceff işdən çıxır ki, “Amazon”un əsasını qoysun.
Həmçinin oxu: “Amazon” işdən çıxmaq istəyən əməkdaşlara 5000 dollar verir
Elə ilk dövrdən Makkenzi şirkətin fəaliyyətində aktiv iştirak edib. “Heç kəsin konkret öhdəliyi yox idi...Buna görə də o, faktiki olaraq hər işi görürdü”, — “Amazon”un ilk işçilərindən biri Tod Nelson deyir.
1997-ci ildə “Amazon” birjaya daxil olduqdan sonra Makkenzi şirkətdən uzaqlaşıb ədəbi fəaliyyətlə məşğul olmağa başlayır. 2005-ci ilə qədər öz üzərinə diqqət çəkməməyə çalışıb. 2005-ci ildə isə “HarperCollins” nəşriyyatı onun ilk romanını — “The Testing of Luther Albright”ı (“Lyuter Olbraytın sınağı”) nəşr edir. Morrison onu “nadir tapıntı” adlandırır. 2013-cü ildə Makkenzi ikinci kitabı olan “Traps”ı (“Tələlər”) nəşr etdirir.
2018-ci ildə Makkenzi və Ceff Bezos evsizlərə və qeyri-kommersiya uşaq bağçalarına yardım üçün 2 milyard dollar ianə verir. 2019-cu ilin mayında o, Bill Qeyts və Uorren Baffetin təsis etdiyi “The Giving Pledge” (“Bağışlama andı”) fondu üçün and imzalayır. And içir ki, öz sərvətinin minimum yarısını xeyriyyə məqsədlərinə xərcləyəcək. Makkenzi Bezos hesab edir ki, onun həddən artıq çox pulu var və bu qədər pulun bir insana məxsus olması ədalətli deyil. Ceff Bezos özü isə “Forbes”in planetin ən varlı insanları siyahısında yeganə milyarderdir ki, bu proqrama qoşulmayıb. Makkenzi isə milyarder titulu qazanan kimi bu addımı atıb.
Makkenzi boşanmadan sonra “Twitter” hesabında paylaşıb ki, onun “Amazon” səhmlərinin səsvermə hüququ Ceff Bezosda olacaq, həmçinin “Washington Post” qəzetindəki və ərinin “Blue Origin” kosmik şirkətindəki payını da keçmiş ərinə verir.