“AccessBank” ən güclü kapitala malik beş bankdan birinə çevrildi | Banco.az

“AccessBank” ən güclü kapitala malik beş bankdan birinə çevrildi

Xəbər verildiyi kimi, AccessBank ötən gün nizamnamə kapitalının artırılmasının başa çatdığını elan edib. Bankın İdarə Heyətinin sədri Anar Həsənovun açıqlamasına əsasən, nizamnamə kapitalı 118,5 mln. manat artaraq 258 mln. manatı ötüb. Belə ki, artımadək bankın nizamnamə kapitalı 140,25 mln. manat idi.

Eyni zamanda bankın səhmdarlarının strukturu da dəyişib. Kapitallaşma prosesi yeni səhmdarlara və bankın təsisçisi olan Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) yeni səhmlərin emissiyası, o cümlədən mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşdürülməsini əhatə edirdi. Yeni səhmdarlar arasında Asiya İnkişaf Bankı, Avropa İttifaqının Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG maliyyə inkişaf institutu, responsAbility Investments tərəfindən idarə olunan Avropanın investisiya fondları, EFSE, Symbiotics SICAV və GGF var.

Yeni səhmdarların banka qoşulmasına toxunan Anar Həsənov bildirib: "AccessBank yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderland Krallığının və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir".

Anar Həsənovun sözlərinə görə, 118.5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. "Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 mln. manat artırılacaq. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq", - deyə sədr vurğulayıb.

Beləliklə, AccessBank ölkənin ən güclü kapitalına malik olan 5 bankdan birinə çevrilib. Artımdan öncə AccessBank nizamnamə kapitalının məbləğinə görə banklar arasında ilk onluqda idi.

Bankların nizamnamə kapitalı üzrə ilk onluq:

Banklar

Nizamnamə kapitalı (mln. manat)

1

Azərbaycan Beynəlxalq Bankı

1 224,5

2

Nikoil Bank

348

3

PAŞA Bank

333

4

VTB Azerbaijan

315,82

5

AccessBank

258,75

6

Xalq Bank

225,08

7

Kapital Bank

185,85

8

Expressbank

137,26

9

Unibank

125,69

10

Atabank

120,02

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et