"Fitch" və "Moody’s" agentlikləri Beynəlxalq Bankın reytinqlərinə yenidən baxıb | Banco.az

"Fitch" və "Moody’s" agentlikləri Beynəlxalq Bankın reytinqlərinə yenidən baxıb

"Fitch" və "Moody’s" beynəlxalq reytinq agentlikləri Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinə yenidən baxıb.

Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.  

"Fitch" ABB-nin sağlamlaşdırılması prosesinin növbəti mərhələsində bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyasına başlanıldıqdan sonra reytinqini ССС səviyyəsində elan edib. "Moody’s" isə banka Caa3 reytinqini verib.

Bankın İdarə Heyətinin sədri Xalid Əhədov beynəlxalq reytinq agentliklərinin bununla bağlı açıqlamalarını şərh edərkən bunun beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib: “Bu, normal praktikadır və bizim üçün gözlənilən qərardır. Belə bir hal xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. ABB-nin reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır”.

Ən sərfəli kredit üçün müraciət et

ABB-nin restrukturizasiya planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir. Bu planın həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti və gəlirliliyi güclənəcək. Tədbirlər başa çatdırıldıqdan sonra bankın kapital mövqeyi müəyyən edilmiş normativ səviyyəyə qayıdacaq. Nəticədə ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bütün bunları nəzərə alaraq, restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın reytinqlərinin yüksələcəyi gözlənilir.

Qeyd edək ki, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı sabah Bankın İdarə Heyətinin sədri Xalid Əhədovun geniş müsahibəsi yayılacaq.    

Ən sərfəli krediti almaq üçün müraciət et