Yeganə Seyidli: "İşçilərin inkişafı, ilk növbədə bankın inkişafı deməkdir" | Banco.az

Yeganə Seyidli: "İşçilərin inkişafı, ilk növbədə bankın inkişafı deməkdir"

“Mənim arzum - Bankir olmaq” adlı layihəmizin ilk buraxılışını “Bank of Baku”da həyata keçirdik.

“Bank of Baku”nun mehriban və gülərüz kollektivi bizi olduqca xoş qarşıladı. 

Müsahibimiz "Bank of Baku"nun İnsan Resursları Departamentinin İdarəetmə şöbəsinin rəhbəri Yeganə Seyidli oldu. Sizlərə həmin müsahibəni təqdim edirik:

 

Salam, Yeganə xanım. Layihəmizdə iştirak etdiyiniz üçün təşəkkür edirəm.

Çox sağ olun! İlk növbədə yeni layihənizdə sizə uğurlar arzu edirəm. Ümid edirəm ki, layihəniz bankda çalışmaq istəyən bir çox namizəd üçün maraqlı və faydalı olacaqdır.

Təşəkkür edirəm!

Yeganə xanım, düşünürəm ki, icra etdiyiniz vəzifə qarşınızdakını tanımağı əsas tutur. Bu səbəbdən sizə insan sərrafı deyə bilərikmi?

Ümid edirəm :)

Əslində gördüyümüz iş insanlarla və insanlar üçün işi nəzərdə tutur. İstər işçi yığımı olsun, istər təlim, kouçinq, işçi münasibətləri, münaqişələrin həlli məsələləri olsun, bu işdə sosial səriştələrin olması olduqca vacibdir. Bunun üçün işimizdə analitik bacarıqlarla yanaşı empatiya, emosial intellekt, kommunikasiya səriştələri kimi keyfiyyətlər xüsusi önəm kəsb edir.

Deyərdim ki, son 10 ildə bankda işləmək insanlar üçün digər illərlə müqayisədə daha maraqlı hala gəlib. Bunun səbəbini nədə görürsünüz? Bir insanı banka cəlb edən nədir?

Düşünürəm ki, burada bazar öz sözünü deyir. Çünki son illər ərzində iqtisadiyyat sahəsində məhz maliyyə sektoru  olduqca dinamik inkişaf tempi göstərirdi. Ona görə bu  sektorda fəaliyyət göstərən şirkətlər namizədlər üçün daha cazibədar gəlirdi. Digər tərəfdən, banklar arasında rəqabət artdıqca banklar işəgötürən brendinin gücləndirilməsi ilə bağlı fəallığını artırırlar və bununla da namizədin iş yeri olaraq seçiminə təsir göstərirlər.

Əminəm ki, yüzlərlə insan var ki, öz karyerasını “Bank of Baku”da qurmaq istəyir. Bankınızda işəqəbul prosesi necə olur?

İlk növbədə vakansiya elan edilməmişdən öncə, vəzifənin profili hazırlanır. Burada vəzifəyə tələb olunan bilik və bacarıqlar, üstünlük verilən meyarlar, vəzifə öhdəlikləri və iş şərtləri qeyd olunur. Vakansiya elan edildikdən sonra,daxil olan CV-lərin filtrasiyası keçirilir.

Növbəti mərhələdə elan edilmiş vakansiyadan asılı olaraq İQ test və daha sonra müsahibələr təşkil olunur. Müsahibələrdə insan resurları və sahə nümayəndəsi iştirak edirlər.

Bütün bu mərhələlərdən uğurla keçmiş namizədlər müraciət etdikləri vakansiyadan asılı olaraq təcrübə proqramında iştirak edə bilərlər. Bu halda təcrübə proqramı sonu imtahan təşkil olunur, müsbət nəticə əldə etmiş namizədlərə isə iş təklifi edilir.

Seçim nəticəsindən asılı olmayaraq namizədlər mütləq qaydada nəticələr barəsində məlumatlandırılırlar.

“Bank of Baku”da çalışmaq üçün mütləq qaydada iqtisadi təhsil və dil bilikləri önəmlidirmi?

Sözsüz ki, maliyyə qurumu olaraq bankda mövcud olan bir çox vəzifələrdə iqtisadi və maliyyə səriştələrinə tələbat var. Lakin  namizədin müraciət etdiyi vəzifədən asılı olaraq tələblər dəyişir. Bu istər təhsil, istərsə də təcrübəyə aiddir. Elə vəzifələr var ki, burada iqtisadi və maliyyə təhsili tələb edilir, lakin bəzi vəzifələrdə bu, vacib şərt deyil.

Dil biliklərinə gəldikdə isə qeyd edim ki, bizdə işçi dili Azərbaycan dilidir. Müştəri ilə effektiv ünsiyyət qurmaq, yaxud öz sahəsi üzrə qabaqcıl praktikaları mənimsəmək baxımından bəzi vəzifələr üzrə əlavə dil biliyinin olması tələb olunur.

Az öncə də  qedy etdiyim kimi, hər şey konkret vəzifədən və sözsüz ki, əmək bazarının təklif etdiyi namizəd bazasından asılıdır. Əmək bazarı nə qədər inkişaf etmiş olarsa, namizədlər arasında da müsabiqə şərtləri bir o qədər güclü olar.

Ən sərfəli kredit üçün müraciət et

İşəqəbul zamanı namizəddə nələrə önəm verirsiniz? Və bir işçidə olmazsa olmaz dediyiniz nədir?

Bir daha qeyd edim ki, əsasən seçim meyarları vəzifə tələblərindən asılıdır. Lakin ümumilikdə bankın öz missiya, baxış və dəyərləri var ki, işçi seçiminə də bu, öz təsirini göstərir. 

Belə deyək, “Bank of Baku”nun ideal namizədi,ilk növbədə müştəriyə yönümlülük, məsuliyyət, komandada işləmək, loyallıq kimi keyfiyyətləri sərgiləməlidir.

“Müsahibə zamanı namizəd bu söz deməməlidir!” dediyiniz söz varmı?

Namizəd müsahibənin sonunda “Mənim haqda nə düşünürsünüz? Məni seçirsinizmi? deyə dərhal soruşmamalıdır.

Bu halda növbəti seçim mərhələləri haqda maraqlanmaq daha uyğun olardı.

 “Bank of Baku”da işçilərin təhsili, təlimi, treninqi və bu kimi sahələr üzrə hansı işlər həyata keçirilir?

"Bank of  Baku"nun Daxili Təlim Mərkəzi fəaliyyət göstərir ki, bu mərkəz nəzdində mütəmadi olaraq daxili və kənar təlimlər təşkil edilir. Təlim ehtiyaclarından asılı olaraq, əməkdaşlar müxtəlif texniki, peşəkar və ya yumşaq bacarıqlar təlimlərinə göndərilirlər. Bankın öz daxili təlimçiləri var ki, bir çox peşəkar təlim ehtiyaclarını qarşılaya bilirlər. Bu, əsasən məhsul və digər bankçılıq mövzularına aid təlimlərdir.

Daxili təlimçilərimiz öz işlərində təcrübəli mütəxəssis olmaqla yanaşı, həmçinin “Təlimçilər üçün Təlim” keçərək interaktiv təlim keçmə bacarıqlarını da mənimsəyiblər. Ümumiyyətlə, təlim məsələsi bank üçün olduqca önəmli məsələlərdən biridir. Biz anlayırıq ki, işçilərin inkişafı ilk növbədə bankın inkişafı deməkdir.

Təəssüf ki, gənclərin bir çoxu kor-koranə vəzifədən və şirkətdən asılı olmayaraq hər yerə CV göndərirlər. İnsan resursları mütəxəssisi olaraq, bu gənclərə nə məsləhət görərdiniz? Bankı və ya digər təşkilatı seçərkən ilk öncə nəyə fikir verilməlidir?

Razıyam ki, bir çox hallarda namizədlər fərqinə varmadan müxtəlif iş yerlərinə eyni CV göndərirlər. Lakin CV göndərilməmişdən öncə, iş yeri və vəzifə tələbləri haqda ətraflı məlumat toplanarsa, daha uyğun olar. Xüsusilə elanda göstərilmiş seçim meyarlarına fikir vermək lazımdır, çünki rekrutyor sırf  bu meyarlara əsaslanaraq filtrasiyanı aparacaq. Ona görə də namizəd seçim meyarlarını öncədən bilərsə, həm öz vaxtına, həm də rekrutyorun vaxtına qənaət etmiş olar.

Eyni zamanda CV-nin özünə də diqqət yetirmək vacibdir. Düzgün hazırlanmamış və ya çox uzun CV-lər ilkin filtrasiyadan keçməyə bilər. Unutmaq olmaz ki, CV namizədin ilk təəssürat yartamaq şansıdır ki, bundan səmərəli istifadə etmək lazımdır.

Özünüz də “Bank of Baku” ailəsinin üzvüsünüz. Bu ailədə olmaq necə bir hissdir və buranın həyatınıza qatdığı əsas dəyərlərdən söz aça bilərsinizmi?

Artıq 2 ilə yaxın bir zamandır ki, “Bank of Baku” ailəsinin bir üzvüyəm. Buranın özünə məxsus korporativ mühiti var. Kifayət qədər açıq, yenilikçi, eyni zamanda mehriban iş mühiti yaradılıb ki, bunlar mənim üçün bir əməkdaş olaraq çox vacibdir.

İş kollektivinin də əsasən gənclərdən ibarət olması bu mühitə ayrı bir dinamika qatır. Düşünürəm ki, bir iş yerinin verə biləcəyi ən böyük töhfə onun əməkdaşa qazandırdığı təcrübə və yeni dostluqlardır ki, bunu da Bank of  Baku öz işçilərindən əsirgəmir.

Sonda öz karyerasını “Bank of Baku”da qurmaq istəyənlərə nə demək istərdiniz?

"Bank of  Baku"da karyera qurmaq istəyən hər bir namizəd özünə inamlı və inkişafa meyilli olmalı, real biznes mühitində işləməyə və bankın işinə dəyər qatmağa hazır olmalıdır.

 

 

Qeyd edək ki, "Mənim arzum - Bankir olmaq" layihəsi müddətində Azərbaycan banklarında iş imkanları və işəqəbul prosesləri haqqında oxucularımızı məlumatlandırmağa çalışacağıq. Əsas məqsədimiz, bankda işləməyi arzulayan insanların suallarına cavab tapa bilməkdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et