Sığortalanmış avtomobilin tam məhv olmasının hüquqi nəticələri nələrdir? | Banco.az

Sığortalanmış avtomobilin tam məhv olmasının hüquqi nəticələri nələrdir?

Müasir dönəmdə yol-nəqliyyat hadisələrinin sayının artması həm fiziki şəxslərin, həmçinin də avtomobillərin ciddi şəkildə zərər görməsi ilə nəticələnir. Sonuncular bir çox hallarda tamamilə yarasız hala düşür, sığorta dilində isə desək, avtomobillər “tam məhv” halına düşür. Avtomobilin “tam məhv olması” anlayışı sığorta qanunvericliyində öz əksini tapmış və sığorta müqaviləsinin tərəfləri üçün mühüm rol oynayır. Qeyd olunan vəziyyət avtomobillərin kasko sığortasında bir sıra hüquqi nəticələrə gətirib çıxarır. Lakin “tam məhv” anlayışına və ondan irəli gələn hüquqi nəticələrə hərtərəfli qiymət vermək üçün ilk öncə qanunvericilikdə bu anlayışın  özündə nələrin ehtiva etdiyini müəyyən etmək zəruridir.

Birincisi, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” nın (Bundan sonra Qaydalar) “Sığorta ödənişinin həyata keçirilməsi” adlı 33-cü maddəsinin 33.2.2-ci bəndində tam məhv anlayışına rast gəlmək olar. Belə ki, həmin maddəyə əsasən, avtomobilin tam məhv olması dedikdə avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi hesab olunur.

Başqa sözlə, əgər avtomobilə dəymiş ziyanın məbləği onun real bazar dəyərininin 75% və daha çoxunu keçərsə, avtomobil sığortaçı tərəfindən tam məhv kimi qiymətləndirilir. Bu kontekstdə digər əhəmiyyət kəsb edən məsələ real bazar dəyəri dedikdə nəyin başa düşülməsi və  real bazar dəyərinin hansı yol ilə müəyyən olunmasıdır. Real bazar dəyəri avtomobilin sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi, yanğın və s.) baş verən anadək avtomobil bazarında hansı qiymətə satıla biləcəyini əks etdirən qiymətdir.

Sığorta müqaviləsinin standart və yaxud əlavə şərtlərində avtomobilin tam məhv olması ilə nəticələnmiş sığorta hadisəsi baş verdikdə tətbiq olunacaq müddəalar və normalar bir qayda olaraq göstərilir. Diqqət çəkən məqamlardan biri avtomobil tam məhvə uğradıqda onun ehtiyat hissələrinin (yəni yararlı vəziyyətdə olan və satıla bilən hissələrinin) sonrakı taleyidir.

Belə ki, ehtiyat qalıq hissələrinin sığortalı və yaxud sığortaçıda qalması mübahisə və fikir ayrılığı doğurur. Qanunverici Qaydaların 33.2.2.1 maddəsinin dispozisiyasını alternativ şəkildə müəyyən edərək avtomobilin tam məhv olması halında ehtiyat hissələrin sonrakı vəziyyətinin həll olunması ilə bağlı  sığortaçıya seçim hüququ verir.           

Belə ki, ilk öncə sığortaçı sığorta məbləğindən çox olmamaq şərti ilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərini pul şəklində sığortalıya ödəmək hüququna malikdir. Belə olan halda isə sığortaçı ehtiyat qalıqlarına dair məsələni iki alternativ yol ilə həll edə bilər:

  1. Avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman avtomobilin qalıqlarının dəyəri müstəqil ekspert tərəfindən orta bazar qiymətlərinə əsasən müəyyən olunmalıdır. Qanunverici qiymətləndirmənin kim tərəfindən və necə aparılmalı olduğunu vurğulamasa da, “Sığorta fəaliyyəti haqda” Qanuna istinad edərək deyə bilərik ki, qiymətləndirmə zamanı  bir qayda olaraq tərəflərin razılığı ilə müstəqil ekspert təyin olunur. Əgər bu məsələ tərəflər arasında mübahisə doğurarsa, sığortaçı (şirkət) 15 iş günü ərzində qalıqları müəyyən etdiyi qiymətə satılmasını təmin edir və yaxud onları özü alır.
  2. Sığortaçı həmin qalıqların onun mülkiyətinə verilməsini tələb edir. Bu halda sığorta ödənişinə ehtiyat qalıq hissələrinin dəyəri daxil olur. Qeyd etmək lazımdır ki, sözügedən alternativ müddəalar avtomobilin tam məhv olduqda sığorta ödənişinin yalnız pul şəklində verilməsi halında tətbiq oluna bilər.

Digər tərəfdən, qanunverici sığortaçıya (şirkətə) sığortalanmış avtomobilin tam məhv halında sığorta ödənişini disgər bir yol ilə də ödəməyi təklif edir: sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobil ilə əvəz edilməsi.

Ən sərfəli kredit üçün müraciət et

Kasko sığorta (avtomobillərin könüllü sığortası) münasibətlərindən irəli gələn təcrübəyə əsaslanaraq demək olar ki, sözügedən normanın tətbiqinə nadir hallarda rast gəlmək olar, yəni sığortaçı şirkətlər belə hallarda sığorta ödənişini pul şəklində ödəməyi daha üstün tuturlar. Hər bir halda, fiziki şəxslərin sahibliyində olan avtomobillərə dair sığorta ödənişinin hansı formada verilməsi yalnız sığortaçının seçimi əsasında həyata keçirilir.

Əlavə olaraq nəzərə çatdırmaq istərdik ki, yuxarıda qeyd olunan maddələr avtomobilin yalnız tam məhv olduqda deyil, həmçinin avtomobilin oğurlanması və yaxud yanğını ilə nəticələnmiş sığorta hadisəsi baş verdikdə də tətbiq olunur.

Qaydaların 33.4-cü maddəsinə əsasən, əgər girov qoyulmuş (ipoteka) avtomobilin tam məhv olması ilə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda, faydalanan şəxs olan girov saxlayan borclunun borc (kredit) müqaviləsi üzrə müəyyən olunmuş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ vardır.

Digər sözlərlə, əgər avtomobilin tam məhv olması ilə nəticələnmiş sığorta hadisəsinin baş verən tarixə fiziki şəxsin (ipoteka qoyanın) kredit müqaviləsinə əsasən ipoteka saxlayan (bank və s.) qarşısında hər hansı bir borcu olubsa, o zaman ipoteka saxlayan faydalanan şəxs olaraq sığorta ödənişini həmin borcun məbləğində almaq hüququna malikdir. Lakin burada vacib məqam sığorta müqaviləsində ipoteka saxlayanın  faydalanan şəxs kimi göstərilməsidir.

Avtomobil tam məhv olduqda sığorta ödənişinin verilməsi sığorta münasibətlərinin subyektləri arasında mühüm hüquqi nəticələrə gətirib çıxarır. Onlardan biri sığortaçının sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirməsidir. Başqa sözlə desək, tam məhv olunmuş avtomobil üzrə sığorta ödənişi verməklə sığortaçı (şirkət) sığortalı (fiziki şəxs) qarşısında öz öhdəliklərini tam şəkildə yerinə yetirmiş olur. Bu, isə, öz növbəsində, sığorta müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə gətirib çıxarır.

Mahiyyət etibarilə, sığortaçı tam məhv olmuş avtomobil üzrə sığorta ödənişini həyata keçirdikdən sonra sığortalı qarşısında artıq heç bir öhdəlik daşımır. Bu sahədə mövcud olan problemlərdən biri fiziki şəxslərin sözügedən normanı bilməməsi və vəticədə sığorta şirkətindən növbəti sığorta hadisələri üzrə sığorta ödənişinin tələb etməsidir. Digər tərəfdən Qaydalara əsasən, müqavilənin vaxtından əvvəl xitam verilməsi əsası yarandıqda bir tərəf digər tərəfı bu haqda yazılı xəbərdar etməli və bununla bağlı bir sıra prosedurları həyata keçirməlidir.

Lakin tam məhv olmuş avtomobil üzrə sığorta ödənişini verməklə sığorta münasibətlərinə xitam verilməsi haqda hər hansı xəbərdarlıq etmə öhdəliyini qanunla sığortaçının üzərinə qoyulmaması sığortalı və sığortaçı arasında anlaşılmazlıqlara və hətta məhkəmə mübahisələrinə belə gətirib çıxarmış olur.

Sığorta hadisəsi nəticəsində avtomobilin tam məhv olması sığorta ödənişi zamanı vacib olan azadolma məbləğinə (franşiza) də təsir göstərə bilər. Belə ki, sığorta müqaviləsinin əlavə şərtlərində nəzərdə tutulduğu halda avtomobilin tam məhv olma, yanğın, oğurlanma və s.  hallar ilə nəticələnmiş sığorta hadisələri üzrə sığorta ödənişləri verilərkən azadolma məbləği fərqli şəkildə, yəni daha artıq hesablana (tutula) bilər.

Belə olan təqdirdə, avtomobilləri sığortalayarkən fiziki şəxslər, yalnız sığorta  müqavilənin standart şərtləri ilə kifayətlənməklə deyil, həmçinin əlavə şərtləri də ciddi nəzərdən keçirərək, daha sağlam və davamlı sığorta münasibətlərinin iştirakçısı ola bilərlər.  

Müəllif: Leyla Əkbərova

Ən sərfəli krediti almaq üçün müraciət et