Qlobal elektrik enerjisi istehsalında külək və günəşin payı rekord vurub | Banco.az

Qlobal elektrik enerjisi istehsalında külək və günəşin payı rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il qlobal elektrik istehsalında külək və günəş enerjisinin payı 12 faizlə rekord həddə çatıb.

Banco.az xəbər verir ki, Londonda yerləşən enerji beyin mərkəzi “Ember”in bu il dördüncü sayı dərc olunan və qlobal elektrik tələbatının 93 faizini təşkil edən 78 ölkədən məlumatların daxil olduğu “Qlobal Elektrik İcmalı” hesabatına görə, qlobal elektrik tələbatı 2022-ci ildə əvvəlki illə müqayisədə 2,5 faiz artıb.

Bildirilib ki, qlobal elektrik enerjisinə tələbat artımının 80 faizini külək və günəş enerjisi təşkil edib.

Eyni zamanda qeyd olunub ki, ötən il qlobal elektrik enerjisi istehsalında külək və günəş enerjisinin payı rekord həddə - 12 faizə çatıb. 2021-ci ildə bu nisbət 10 faiz idi.

Günəş enerjisinin dünya elektrik enerjisi istehsalında payı 2022-ci ildə 3,7 faizdən 4,5 faizə yüksəlib. Günəş enerjisindən elektrik enerjisi istehsalı bu dövrdə 24 faiz artaraq bütün Cənubi Afrika üçün kifayət edəcək səviyyəyə çatıb. Bu alternativ enerji mənbəyi ardıcıl 18-ci dəfə ən sürətlə böyüyən elektrik mənbəyi olub.

Sözügedən dövrdə günəş enerjisi istehsalının artımı əsasən Çinin elektrik istehsal gücünün artması ilə əlaqədar olub. Belə ki, günəş enerjisi istehsalında artımın 37 faizini Çin, 17 faizini isə ABŞ təmin edib.

Ən sərfəli kredit üçün müraciət et

Qlobal elektrik enerjisi istehsalında külək enerjisinin payı da 7,6 faizə yüksəlib. Bu nisbət 2021-ci ildə 6,6 faiz olub. Keçən il küləkdən elektrik enerjisi istehsalı 2021-ci ilə nisbətən 17 faiz artaraq, demək olar ki, bütün Böyük Britaniya üçün kifayət edəcək səviyyəyə çatıb.

Elektrik istehsalında küləkdən ən çox istifadə edən ölkə isə 55 faizlik payla Danimarka olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et