Qaz tariflərindəki dəyişiklik hansı sahələrə təsir edəcək? | Banco.az

Qaz tariflərindəki dəyişiklik hansı sahələrə təsir edəcək?

30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

Belə ki, təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov qiymət artımının Azərbaycan iqtisadiyyatına necə təsiri olacağından danışıb.

 “Təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin mütləq əksəriyyətinin xərclərinə təsir göstərməyəcək, əhalinin davamlı və keyfiyyətli istiliklə təmin olunmasına şərait yaradacaq”.

Deputat deyib ki, tarif dəyişikliyi əhalinin 51%-nin orta aylıq xərcinə təsir etməyəcək.

“Qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Məlumdur ki, ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18%-ə yaxın yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparılıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib”.

A.Hüseynov qeyd edib ki, kənd təsərrüfatı və sənaye məhsullarının qiymətlərində artım olmayacaq:

Ən sərfəli kredit üçün müraciət et

“Təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparılıb və ötən müddət ərzində Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib.

Son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat təşkil edib. Ötən müddət ərzində orta aylıq əmək haqqı 35% artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub.

Qərardan göründüyü kimi, kənd təsərrüfatı və sənaye məhsullarının qiymətləri sabit qalacaq. Çünki bu sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib. Bununla yanaşı təbii qaz üzrə tarif tənzimlənməsi elektrik enerjisinin qiymətinə də  təsir göstərməyəcək”.

modern.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et