Milyonçu Ağa Musa Nağıyevin həyatından maraqlı hadisələr və sitatlar | Banco.az

Milyonçu Ağa Musa Nağıyevin həyatından maraqlı hadisələr və sitatlar

Bakı milyonçularından biri də Ağa Musa Nağıyev idi. Var-dövlətdə o, Hacı Zeynalabdin Tağıyevdən heç də geri qalmırdı. Hətta üstün idi. Axır vaxtlarda Tağıyevin sərvəti beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin varı-dövləti yetmiş milyon manat qızıl pula çatmışdı.

Ağa Musa Avropa kapitalist tamahkarlığının və xəsisliyinin Şərq variantıdır. Milyonçu Ağa Musa “əfsanəvi” bir şəxsiyyətə dönmüşdü.

“Cəmiyyəti xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “İsmailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.

Ağa Musa cavanlıqda adi hambal imiş, dalında palan biri üç qəpiyə, beş qəpiyə ona-buna şələ daşıyarmış; neft hesabına milyonçu olmuş neftxuda

idi. Şəhərdə həm çoxlu mülk tikdirdi və həm də yenisini aldı; yüzə qədər əzəmətli bina və neçə-neçə gəmi sahibi idi.

Ağa Musa Nağıyevin həyatından maraqlı hadisələri və sitatları diqqətinizə çatdırırıq:

1. Bir dəfə dənizdə bərk tufan olur, çoxlu gəmi batır, Ağa Musanın gəmilərindən birinin kapitanı gəlib xəbər verir ki, yükü və gəmini zorla xilas etmişəm, (bir qoyun) qurban kəsməyi nəzir demişəm, icazə ver… Ağa Musa bərk dilxor olur, kapitanı başlayır məzəmmət eləməyə:

“Çox nahaq yerə, atam, atam, mənim hesabıma niyə qurban nəzir edirsən. Belə vaxtlarda əhd elə ki, bir həftə oruc tutaram, gəmidə xozeyin hesabına yox, öz hesabıma yeyərəm”.

2. Bir nəfər neftli torpaq ələ keçirdib, quyu qazdırır. Neft isə çıxmır ki, çıxmır. Əlindəki var-yox qurtarır. Qohum-əqrəbadan borc alır, yenə neft

çıxmır. Usta və fəhlələr işi yarımçıq qoyub gedir. Kimə ağız açır, pul verən olmur. Axırda məcbur olub gedir Ağa Musanın yanına, vəziyyəti ona danışıb, borc istəyir. Ağa Musa onun xahişini rədd edir. Əlacsız qalıb tanınmış ağsaqqallardan, sözü keçən ruhanilərdən bir neçə nəfər götürüb təzədən Ağa Musanın yanına xahişə gedir. Xeyli söhbətdən sonra gəlirlər mətləb üstə, Ağa Musa deyir:

“Atam, atam, zəhmət çəkib gəlmisiz, bu cəncəl adama mən pul etibar edə bilmərəm… Desəm ki, yoxumdur, yalan olar. Varımdır. Amma

vermirəm”.

Axund söhbətə qarışır, üz vurur:

“Ağa Musa, əl tutmaq Əlidən qalıb. Kömək elə, yazıq dara düşüb, müsəlman qardaşdır, əsirgəmə, bir-iki min manat

borc ver, sözümüzü yerə salma”.

Ağa Musa azca fikirləşib deyir:

“Atam, atam, yaxşı, üz vurursunuz, sözünüzü yerə salmıram… Amma bir şərtim var. O şeyi ki, borcu istəyəndə pulumun əvəzinə mənə göstərəcək, qoy onu elə indidən göstərsin ki, sora mənə ağır gəlməsin”.

Adamlar gülür. Axund danışmaq istəyəndə Ağa Musa onun sözünü kəsir:

“Atam, atam, dedim qurtardı. Bir də deyirəm, indi görsəm sonra məni o qədər də ağrıtmaz”

Ən sərfəli kredit üçün müraciət et

3. Mantaşev bir dəfə söhbət əsnasında öyünür ki, Parisdən yola düşməmiş Puankare mənim şərəfimə təntənəli raut düzəltmişdi. Ağa Musa soruşur:

“O Raut Puankaranın neçə buruğu var? Nə qədər neft çıxardır gündə!”

“Raut adam adı deyil, qonaqlıqdır, məclisdir. Puankara neft çıxarmır. – Mantaşev izah edir. – O, Fransanın prizidenti, upravlyaşisidir”

“Əh! Nə böyük matah imiş pravlyaşi… Mənim hər mədən başı bir pravlyaşim var, – deyə Ağa Musa ağzını əyib, eyhamla gülür. – Gözləri elə əlimdədir; ömrümdə, dünyasında onlara qonaq getmərəm. Pravlyaşi nədir ki, ona qonaq da gedəsən?!”

4. Əşyanı alanda qəpik təklif edərdi, satanda isə eyni şey üçün manat istərdi. Saçını rəngləmək üçün həna ilə basma qaranın girvənkəsinə (400 qram) bir şahıdan (5 qəpik) artıq verməzdi; deyərdi ki, 1870-ci ildə o qiymətə alırmış, Baqqallar da ona satdıqları hənaya, rəngi çox, hənanı lap az qatardılar.

5. “Qabağında o boyda ocaq ola-ola, papirosu kibritlə yandırırsan? Əgər sən öz malının qədrini bilmirsənsə, mənim malımın qədrini necə bilərsən?”

6. “Atam, atam, məndən heç kəs, heç nə oğurlaya bilməz… Hacı Qasım o mülkü material aldığı adamların hesabına tikdirir; məndən səkkiz bina üçün aldığı pula, doqquz binanın materialını alır, hər səkkiz daşa bir daş, səkkiz dirəyə bir dirək, səkkiz mismara bir mismar… Bənna və əmələlərlə də eynilə. Mən mülklərimə sərf edilən şeyləri, hətta yivləri, mismarı əlimlə bir-bir yoxlamamış təhvil götürmürəm. Bunu podratçılar, mənimlə alver edənlər çox yaxşı bilir…”

7. “Atam, atam, o verər, ona nə var, o mənim oğlumdur, milyonçu Ağa Musanın oğlu… Sona xanım, mən kimin oğluyam? Saman satan biləcərili Nağının”

8. Rusiyada oxuyan azərbaycanlı tələbələr üçün pul yığanlar Ağa Musanın yanına gedirlər; o da çıxardıb üç manat verir. Deyəndə ki, Tağıyev 200 manat verdi, Ağa Musa cavab verir:

“Hacı dövlətli adamdır, o, əlbəttə verər. O, beş yüz də verə bilər… Atam, atam, mən kasıb babayam, məndə o qədər tanxa hardan!”

9. Bəhayilər Musa Nağıyev kimi ayıq, ehtiyatlı, hiyləgər bir adama məharətlə təlqin etmişdilər ki, bu məzhəbi qəbul eləcə ölməyəcək. İnanırdı da. Bir dəfə Tağıyevin evində eyvana çıxır və Hacını da çağırır yanına, tikdirdiyi yeddi mərtəbəli «Yeni Avropa» (Göy-göl) mehmanxanasını (o zaman Şəhərdə yeganə yeddi mərtəbəli mehmanxana idi) göstərib deyir:

“Zeynalabdin, əyər ölsəydim, mən o mülkü tikdirməzdim, o qədər xərc tökməzdim, mən ölməyəcəyəm”.

10. Bir nəfər gəlib Musa Nağıyevə deyir ki, bir mis mədəni satırlar Zəngəzurda, onu alsan yaman qazanarsan. Ağa Musa soruşur:

“Mis də, neft kimi fontan vurur?”

Adam təəccüblə deyir:

“Mis də fontan vurar?! Əlbəttə yox!”

Ağa Musa:

“Elə isə o mədən mənə lazım deyil. Mənimki fontandır. Atam, atam, qaranlıq yerin altında iynə ilə kor qaza-qaza mis axtarmaq karıma gəlməz” – deyə cavab verir.

Moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et